RU

Bir alim getdi, bir məktəb qaldı

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bəzən bir insanın ölümü sadəcə bir insanın gedişi olmur. Bəzən bir dövr bitir. İlber Ortaylı məhz belə insanlardan idi. Onun vəfat xəbəri yayılan kimi sosial şəbəkələrdə, televiziya ekranlarında və akademik çevrələrdə eyni cümlə səsləndi: “Böyük bir alim getdi.” Amma əslində gedən yalnız bir alim deyildi. Gedən tarixə olan sevgini milyonlarla insana aşılayan bir müəllim idi.

Tarix çoxları üçün quru faktlardan ibarət dərs kimi görünə bilər. Amma İlber Ortaylı bu anlayışı dəyişən nadir alimlərdən biri idi. O, danışanda tarix kitabdan çıxıb canlı hekayəyə çevrilirdi. Osmanlı imperiyası, Avropa diplomatiyası, Rusiya siyasəti bütün bunları elə sadə və maraqlı dillə izah edirdi ki, onu dinləyən hər kəs tarixə başqa gözlə baxmağa başlayırdı. Onun çıxışlarını dinləyənlər yalnız məlumat almırdı. Düşünməyi öyrənirdi.

İlber Ortaylı təkcə alim deyildi, həm də cəmiyyətin vicdanı sayılan ziyalılardan biri idi. O, populizmə meyl etməyən nadir intellektuallardan idi. Düz bildiyini deməkdən çəkinmirdi. Bəzən sərt, bəzən ironik, bəzən də gülüş doğuran fikirləri ilə hər zaman diqqət mərkəzində olurdu.

Onun məşhur çıxışlarından biri belə idi: “Tarixi bilməyən cəmiyyət gələcəyini qura bilməz.” Bu cümlə əslində onun bütün həyat fəlsəfəsini izah edirdi.

Çox alim var ki, akademik dairələrdə tanınır, amma xalq onları tanımır. İlber Ortaylı isə bunun tam əksini bacardı. O, universitet auditoriyalarından televiziya studiyalarına qədər hər yerdə eyni ciddiyyətlə danışırdı. Məhz buna görə gənclər də onu sevirdi. Bir çox insan üçün tarix dərsi ilk dəfə məhz onun çıxışları ilə maraqlı olmuşdu.

Bəzi insanların yoxluğu illərlə hiss olunur. Çünki onlar yalnız kitab yazmırlar, düşüncə formalaşdırırlar. İlber Ortaylı da belə bir ziyalı idi. Onun ölümü təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün böyük itkidir. Çünki belə alimlər nadir yetişir.

Tarix paradokslarla doludur. Bir tarixçi ömrünü keçmişi izah etməyə sərf edir, amma bir gün özü də tarixə çevrilir. İlber Ortaylı artıq kitabların, xatirələrin və çıxışların içində yaşayacaq. Çünki böyük alimlər ölmür. Onlar düşüncələrdə qalırlar.

Ruhu şad olsun.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
96
icma.az

1Источники