Bahalı kosmetik vasitələrə alternativ kimi təqdim olunan çaytikanı yağı həm əlçatan qiyməti, həm də dəriyə faydalı təsiri ilə diqqət çəkir.
Musavat.com xəbər verir ki, çaytikanı yağı yanıq, ləkə və çapıqların azalmasına kömək edir, dərinin bərpasını sürətləndirir, dəriyə sağlam, parlaq görünüş qazandırır.
Mütəxəssislər çaytikanı yağının tərkibində çoxlu vitamin və faydalı maddələrin olduğunu bildirirlər. Bu yağ çaytikanı bitkisinin meyvələrindən və toxumlarından əldə edilir və həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur.
Məlumata görə, çaytikanı yağı A, C və E vitaminləri, həmçinin omeqa-3, omeqa-6, omeqa-7 və omeqa-9 yağ turşuları ilə zəngindir. Bu maddələr dərinin bərpasına kömək edir, orqanizmin müdafiə sistemini gücləndirir və antioksidant təsir göstərir.
Həkimlərin sözlərinə görə, bu yağ dəri problemlərinin aradan qaldırılmasında da geniş istifadə olunur. Xüsusilə yanıq, yara və qıcıqlanmaların sağalmasına kömək etdiyi qeyd edilir. Kosmetologiyada isə çaytikanı yağı dərini qidalandırmaq, qırışların qarşısını almaq və dərinin elastikliyini artırmaq məqsədilə istifadə olunur.
Bundan əlavə, çaytikanı yağının saçlara da faydalı olduğu bildirilir. Mütəxəssislər qeyd edirlər ki, bu yağ saç köklərini gücləndirir, saç tökülməsinin qarşısını almağa kömək edir və saçlara təbii parıltı verir.
Eyni zamanda çaytikanı yağı bəzi hallarda həzm sistemi problemləri zamanı köməkçi vasitə kimi də istifadə edilir. Mütəxəssislər onun mədə və bağırsaq fəaliyyətinə müsbət təsir göstərə biləcəyini bildirirlər.
Bununla belə, həkimlər çaytikanı yağının istifadəsi zamanı ehtiyatlı olmağı tövsiyə edirlər. Onların sözlərinə görə, bəzi insanlarda allergik reaksiyalar yarana bilər və daxilə qəbul etməzdən əvvəl mütləq mütəxəssis məsləhəti almaq vacibdir.
Musavat.com