RU

İraqda qəzaya uğrayan ABŞ-nin KC-135 təyyarəsində katapult sistemi olmayıb

BAKI, 14 mart. TELEQRAF

İraqda qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing KC-135R Stratotanker yanacaqdaşıyan təyyarəsi katapult sistemi və paraşütlərlə təchiz olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ Hərbi Hava Qüvvələrinin materiallarını araşdıraraq məlumat yayıb.

Məlumata görə, əvvəllər bu tip təyyarələrin ekipajı üçün bortda paraşütlər mövcud olsa da, 2008-ci ildə ABŞ Hərbi Hava Qüvvələri onların istifadəsindən imtina edib. Hərbçilər hesab ediblər ki, belə ölçülü təyyarədən paraşütlə təhlükəsiz şəkildə tullanma ehtimalı son dərəcə azdır.

Bildirilir ki, KC-135 təyyarələrində katapult sistemi isə ümumiyyətlə heç vaxt quraşdırılmayıb. Bunun səbəbi bu sinif təyyarələrin texniki baxımdan belə sistemin quraşdırılması və istifadəsi üçün uyğun olmamasıdır.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələri İraqda qəzaya uğrayan KC-135 təyyarəsinin dörd ekipaj üzvünün həlak olduğunu açıqlamışdı. Hadisə martın 12-də İraqın qərbində baş verib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı insidentin nə İranın hərəkətləri, nə də “dost atəşi” nəticəsində baş verdiyini bildirib.

Eyni zamanda İranın IRIB agentliyi daha əvvəl xəbər vermişdi ki, təyyarənin bütün ekipajı Qərbi İraq səmasında müqavimət qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.

Bildirilir ki, Qərbi İraq üzərində vurulan KC-135 ABŞ üçün “Epik qəzəb” əməliyyatı dövründə bu tip təyyarələrin ilk böyük itkisi hesab olunur.

Избранный
95
teleqraf.com

1Источники