RU

Samir Vəliyev: “Azərbaycanda buraxılış imtahanlarının tam ləğvi real görünmür”

“Azərbaycanda orta təhsil müəssisələrində buraxılış imtahanlarının ləğvi məsələsi son dövrlər təhsil barədə müzakirələrdə tez-tez gündəmə gəlir, artıq aktual mövzuya çevrilib. Bu təklifin əsas arqumentlərindən biri budur ki, şagirdlər on birinci sinifdə eyni vaxtda həm buraxılış, həm də ali məktəblərə qəbul imtahanlarına hazırlaşmalı olurlar. Bu da öz növbəsində onların üzərinə əlavə psixoloji, akademik yük yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev deyib.

 

Deputat bildirib ki, bəzi ölkələrdə belə bir təcrübə var: “Məsələn, Gürcüstan modelinə baxsaq, görürük ki, Gürcüstanda orta məktəbi bitirməklə ali məktəblərə qəbul mexanizmləri daha sadələşdirilmiş formadadır. Lakin hər bir ölkənin təhsil sistemi, qiymətləndirmə modeli, eyni zamanda kurikulum yanaşma tərzi fərqlidir. Bu səbəbdən belə modellərin birbaşa Azərbaycan təhsil sisteminə tətbiqi mümkün olmur. Azərbaycanda buraxılış imtahanları yalnız attestat verilməsi üçün deyil, eyni zamanda şagirdlərin orta təhsil səviyyəsində əldə etdikləri bilik və bacarıqların ümumi qiymətləndirilməsi məqsədini daşıyır. Həmçinin bu nəticələr ali məktəblərə qəbul prosesində də müəyyən rol oynayır, birbaşa təsirini də göstərir. Bu səbəbdən Azərbaycanda buraxılış imtahanlarının tam ləğvi qısa zamanda real görünmür. Zənnimcə, gələcəkdə qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, buraxılış və qəbul imtahanları arasındakı əlaqənin yenidən qurulması, bəlkə də, proseslərin müəyyən formada birləşdirilməsi, yaxud optimallaşdırılması mümkündür. Belə yanaşma həm şagirdlərin üzərindəki imtahan yükünü azaltmış olur, həm də qiymətləndirmə sistemini daha da səmərli edə bilir. Ümumiyyətlə, buraxılış imtahanlarının ləğvi geniş ictimai və peşəkar müzakirə tələb edir. Təhsil sistemində hər hansı dəyişikliyin, onun həyata keçirilməsinin həm şagirdlərin maraqlarına, həm də bütövlükdə təhsilin keyfiyyətinə birmənalı olaraq təsiri var. Bu baxımdan, buraxılış imtahanlarının ləğvi ilə bağlı məsələnin ictimai müzakirəyə çıxarılması, peşəkar ekspertlərin, eləcə də təhsil ictimaiyyətinin buna münasibəti, mövqeyi mütləq alınmalıdır. Bütövlükdə, qiymətləndirmə sisteminin gələcəkdə təkmilləşdirilməsi baxımından nəzərə alına bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2026, 09:11   
Избранный
19
pravda.az

1Источники