Ötən ilin yekunlarına görə, Azərbaycanda əmək bazarında xarici işçi qüvvəsinin dinamikası müəyyən dəyişikliklərlə müşahidə olunub. Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonuna ölkədə qüvvədə olan iş icazələrinin sayı 7 990 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 8 141 nəfərlə müqayisədə 151 nəfər və ya təxminən 1,9 faiz azdır. Maraqlıdır, görəsən, bu azalmanın əsas səbəbi nədir?
Tikinti sektoru liderdir
Sahələr üzrə bölgüyə nəzər saldıqda, tikinti sektorunun lider mövqedə qaldığı görünür. 2025-ci ildə tikintidə çalışan əcnəbilərin xüsusi çəkisi 34,3 faiz təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz bəndi azalsa da, sektorun ümumi strukturda dominantlığını qoruduğunu göstərir. Mədənçıxarma sənayesində isə əks tendensiya müşahidə olunur. 2024-cü ildə 9,8 faiz olan pay 2025-ci ildə 10 faizə yüksəlib. Enerji və xammal sektorunda texnoloji bilik və spesifik təcrübə tələb edən sahələrdə xarici mütəxəssislərə ehtiyacın davam etməsi bu artımı izah edir. Emal sənayesində isə müəyyən geriləmə qeydə alınıb. Əgər 2024-cü ildə bu sahənin payı 9,3 faiz idisə, 2025-ci ildə 8,9 faizə enib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda daha nəzərəçarpan azalma müşahidə edilib. 2024-cü ildə 8,6 faiz olan pay 2025-ci ildə 7,6 faizə düşüb.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində də azalma qeydə alınıb. 6,1 faizdən 5,6 faizə enən göstərici bu istiqamətdə xarici işçi qüvvəsinə tələbatın nisbətən zəiflədiyini göstərir. Eyni zamanda, təhsil sektorunda artım diqqət çəkir. 2024-cü ildə 5,4 faiz olan pay 2025-ci ildə 5,7 faizə yüksəlib.
İşçiyə ehtiyac azalıb?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Azərbaycanda əcnəbi vətəndaşların iş icazələri peşə və ərazi üzrə deyil, ümumi kvota əsasında müəyyən olunur. Miqrasiya qanunvericiliyinə görə, iş icazəsi əcnəbilərə bir il müddətinə verilir. Qarabağdakı yenidənqurma işləri ilə əlaqədar bəzi hallarda bu müddət iki ilə qədər uzadılıb. S.Məmmədov ehtimal edir ki, həmin ərazilərdə işçi ehtiyacı azalıb: “Əvvəllər hətta ixtisaslı fəhlələrə, mürəkkəb montaj və elektrik işləri üzrə kadrlara, habelə mühəndislərə böyük tələbat var idi. Görünür, hazırda bu işlərdə xarici işçilərə ehtiyac minimuma enib”.