RU

Şeyx Nəsrullah Özbəkistandan gəlib

Şeyx Nəsrullahın ölüləri dirildəcəyinə inananların nəticələri-kötücələri bu dəfə də özbək “həkim”ə inanıblar. Üzr istəyirəm, keçmiş müğənniyə, ikiqat dələduz “türemşik”ə, həkimlikdən başqa başı hər şeydən çıxan adama. Düzülüblər qapısına, o da 60 manatdan hamısını qəbul edib. Ta ki, polis özünü çatdırana kimi. Yenə yurdumun gözəl insanları “kim olur olsun, xaricdən gələn olsun” prinsipi ilə qeyri-azərbaycanlı bir həkimə sitayiş ediblər. Fikir vermisizsə, bizim klinikalarda da əsas axın Türkiyədən gələn “uzman doktor”adır. Yerli həkimlərimizin də o uzmanları bu səbəbdən görən gözü yoxdur. Deyirlər, bizim camaatın gözünü boyayırlar, halbuki heç bir özəllikləri, xüsusi istedadları yoxdur.

Nəsə, mətləbdən uzaqlaşmayaq. Əməliyyatda ad günü tortu üfürən, xəstəni əməliyyat edən yerdə “Tombul, tombul...” mahnısının sədaları altında göbək rəqsi edən, xəstənin dalağı yerinə böyrəyini qoparan həkimlərdən yarımışdıq, burdan da özbək gəlib çıxdı. Necə deyərlər, meşədə çaqqal az idi, biri də bu tərəfdən çıxdı... (Heç kəs məni qınamasın, insanların sağlamlığını, həyatını təhlükə altına qoyanlar mənim üçün meşədəki ən iyrənc heyvandan daha iyrəncdir – S.T)

Və indi qəbulun keçirildiyi klinikadan açıqlama alınıb. Bİ ES VİP” estetik klinikasından deyiblər ki, bizim həkimimiz deyil, sadəcə burda 2 günlük qəbul aparıb. Yəni, tam bir yiyəsizlik. Belə çıxır, istənilən şarlatan gəlib klinikada icarə haqqını ödəsə, orda istədiyini edə bilər. Qondarma, “kitayski” bir sertifikat da bunları inandırmaq üçün kifayət edə bilər.

Əslində isə nə gözləyirdik ki? Bu günə qədər bir yerdə xəstə öldürən həkim oradan qovulan kimi başqa bir klinikada əməliyyat aparmırmı? Həmin məntiqlə mən sabah aparıcısı olduğum verilişin çəkildiyi studiyanı da hansısa həkim qırığına icarəyə verə, sabah da nəsə problem çıxsa, mənə aidiyyəti olmadığını deyə bilərəm. Son nəticədə mən oranı icarə vermişəm, məsuliyyət məndə deyil ki... Tam bir “bespredel”, özbaşınalıq... 

Hə, günah təkcə bu dələduz “həkim”in və ya ona şərait yaradan klinikanın da deyil. 21-ci əsrdə tibbin, elmin inkişaf etdiyi bir vaxtda hələ də şarlatanlara inanan xalqımızdadır. Axı hamınızın əlində telefon, o telefonun içində də internet var. Doğrudanmı elementar bir araşdırma aparmaqla belə bir müalicənin  ümumiyyətlə, olmadığını anlamaq çətindir? Yoxsa telefona ancaq tiktoka daxil olmaq üçün girirsiz? O halda atın o telefonları, sizə ziyandan başqa heç nə vermir.

Səviyyəsiz verilişlər kanallarda at oynadanda biz etiraz edirdik. Həmin verilişlərin aparıcıları da qalxıb deyirdi ki, bəs tamaşaçı baxır deyə biz çəkirik. Tiktokda nə qədər səviyyəsiz varsa, hamısının fanatı xalqımızın övladlarıdır. Reklam onlara, hədiyyə onlara, pul onlara, sevgi onlara...Toyunuza o müğənniləri çağırırsız, yolda görəndə o səviyyəsiz tiktokerlərlə şəkil çəkdirirsiz.  Yaxşı, bəs bu saxtakarlıq nəyə lazımdır? “İstəmirəm, yan cibimə qoy” məntiqini kimdən öyrənmisiz axı? Mən “günah öləndədir” məntiqindən çıxış etmirəm. Amma həm də başımıza gələnlərə görə özümüzdə də bir günah axtaraq deyirəm. Hər dəfə iş-işdən keçəndən sonra dizimizə döyməyin mənası yoxdur. Bir çox hallarda bu ölkədəki diplomlu həkimlərdən yarımadığımızı nəzərə alsaq, dəbdəbəli klinikaların insanlardan ətək-ətək pul alıb, sonra şikəst etdiyini xatırlasaq, biz bu mənada “təcrübəli” sayılırıq. O halda daha diqqətli olmalı deyilikmi?

Hə, indi bəziləriniz əks məntiqlə çıxıb deyə bilər ki, özümüzün diplomlumuzdan yarımadıq, dənizə düşüb ilana sarılma misalı məcburən qonşu ölkədən gələn şarlatana inandıq. O zaman mən də deyərəm ki, elə ilana ağı verən sizsiz. Yuxarıda nə yazdım? Üzdəniraqları başınıza çıxaran, populyarlaşdıran siz olduğunuz kimi, dələduzlara yem verən də sizsiz... İynəni özümüzə, çuvaldızı başqalarına. Prinsipimiz bu olmalıdı. Əks halda, bu işin içindən çıxa bilməyəcəyik...

Избранный
37
musavat.com

1Источники