Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi, Ağciyər Xəstəlikləri Mərkəzinin təşkilatçılığı ilə “Vərəmlə mübarizədə innovativ yanaşmalar” mövzusunda konfrans keçirilib.
Konfransda Milli Məclisin deputatı Müşfiq Məmmədli, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov və struktur bölmə rəhbərləri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Anar Ağayev, tibb müəssisələrinin direktorları, beynəlxalq şirkət rəhbərləri, habelə vərəmin diaqnostikasında yeni texnologiyaların tətbiqi ilə məşğul olan beynəlxalq diaqnostika şirkətlərinin – “Stop TB Partnership”, “Molbio Diagnostics”, “Pluslife” və “R-Biopharm” şirkətlərinin nümayəndələri, həmçinin Özbəkistan Respublikasının İxtisaslaşdırılmış Elmi-Praktiki Ftiziatriya və Pulmonologiya Tibb Mərkəzinin rəhbər heyəti iştirak edib.
Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, ölkəmizdə ağciyər xəstəlikləri ilə mübarizə sahəsində yeni yanaşmaların tətbiqi, avadanlıqların alınması və müvafiq tibbi infrastrukturun qurulması istiqamətində müsbət irəliləyişlər var.
TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov 2024-cü il ilə müqayisədə 2025-ci ildə vərəmli xəstələrin ümumi sayının 12 faiz, həssas vərəmli xəstələrin sayının 19,4 faiz, yeni aşkarlanan xəstələrin sayının isə 12,7 faiz azaldığını diqqətə çatdırıb.
Dünyada olduğu kimi ölkəmizdə də vərəmlə mübarizənin önəmli sahələrdən biri olduğunu diqqətə çatdıran İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov qeyd edib ki, bu ildən etibarən Vərəmlə Mübarizə üzrə Tədbirlər Proqramının maliyyələşməsi icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilir.
Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov isə bildirib ki, qısa zaman çərçivəsində Mərkəz tərəfindən vərəmlə mübarizə sahəsində bir sıra mühüm addımların atılıb, institusional inkişaf, tibbi xidmətlərin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görülüb:
“İnanırıq ki, bu konfrans və burada aparılacaq təqdimat, paylaşılan təcrübələr vərəmlə mübarizədə yeni baxışların formalaşmasına, müasir yanaşmaların tətbiqinə və səhiyyə sistemində daha effektiv nəticələrin əldə olunmasına, vərəmlə mübarizə sahəsində yeni təşəbbüslərin formalaşmasına və əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcək”.
Konfrans çərçivəsində vərəmin erkən aşkarlanmasında sürətli diaqnostik üsulların tətbiqi, müalicə prosesinin effektiv monitorinqinin təşkili və son illərdə vərəmlə mübarizə sahəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib. Həmçinin bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyən edən innovativ strategiyalar üzrə fikir mübadiləsi aparılıb.
Tədbirdə Ağciyər Xəstəlikləri Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini İftixar Qurbanov “Vərəmlə mübarizə: dünən və bu gün”, Mərkəzin Tibbi xidmətlər departamentinin müdiri Əsgər İsmayılov və Mərkəzin Müalicə xidmətinin təşkili şöbəsinin müdiri Xanım Mahmudlu “Azərbaycanda vərəmlə mübarizə xidməti” və “Vərəmlə mübarizədə yeni paradiqmalar”, Müraciətlərlə iş şöbəsinin müdiri Aytac Həsənzadə “Müəssisələrarası kommunikasiya”, Xəstə xidmətləri şöbəsinin müdiri Yeganə Qasımova “Profilaktik nəzarət tədbirləri”, Profilaktika və diaqnostika xidmətinin təşkili şöbəsinin müdiri Anar Adilov “Laborator-diaqnostik xidmətin idarə olunması”, 1 saylı ixtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin müdiri Şəfəq Qulami “Müalicə xidmətlərində yanaşmalar, Müalicəyə nəzarətin videomüşahidəsi/VOT”, eyni zamanda Özbəkistan Respublikasının İxtisaslaşdırılmış Elmi-Praktiki Ftiziatriya və Pulmonologiya Tibb Mərkəzinin icraçı direktorunun müavini Xayrillo Rəcəbov “Vərəmlə mübarizə xidmətləri: Özbəkistan Respublikasının təcrübələri” mövzularda təqdimatlarla çıxış ediblər.
Konfransda bir sıra mövzular üzrə panel sessiya müzakirələri təşkil olunub. “Səhiyyədə innovasiya: vərəmlə mübarizədə yeni dövr” və “Davamlı gələcək: tərəfdaşlıq və milli səhiyyə sistemlərinə inteqrasiya” adlı panel sessiyalarda yerli mütəxəssislərlə yanaşı, Çin, Hindistan, Almaniya və Özbəkistandan olan mütəxəssislər müvafiq mövzularda müzakirələr aparıb.
Qeyd edək ki, konfrans çərçivəsində Ağciyər Xəstəlikləri Mərkəzi ilə Özbəkistan Respublikasının İxtisaslaşdırılmış Elmi-Praktiki Ftiziatriya və Pulmonologiya Tibb Mərkəzi arasında əməkdaşlığın inkişafına xidmət edən Anlaşma Memorandumu imzalanıb.


