RU

Ölən şəxsin pensiyasını alanları hansı cəza gözləyir? - AÇIQLAMA

Vəfat etmiş vətəndaşın adından pensiya alınması qanunla qadağandır. Bəs görəsən, ölən şəxslə bağlı aidiyyəti üzrə məlumat verilmirsə və bir neçə il pensiya alınırsa, qanunvericilikdə bu əməlin cəzası nədir? Mənimsənən vəsaitin dövlət büdcəsinə necə bərpa edildiyi də müzakirə mövzusudur.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran “Nota Bene Consulting” MMC-nin direktoru, tanınmış vəkil Roman Qaraşov deyib ki, “Əmək pensiyaları haqqında” qanunun 42-ci maddəsi yalnız vəfat etmiş şəxsin sağlığında yaranmış, lakin onun ölümü səbəbindən ala bilmədiyi pensiyanın ödənilməsini, habelə dəfn üçün müavinətin verilməsini tənzimləyir.

 

Vəkil bildirib ki, bu norma ölümdən sonrakı aylar üzrə pensiyanın alınmasına hüquqi əsas yaratmır: “Əksinə, həmin Qanunun sistemindən belə çıxır ki, pensiyaçı vəfat etdikdə pensiyanın ödənişi dayandırılmalı, yalnız ölümədək yaranmış və alınmamış məbləğ mülki qanunvericiliyə uyğun qaydada ödənilməlidir. Bu səbəbdən, ailə üzvləri və ya digər şəxslər ölüm faktını gizlədərək mərhumun adından sonrakı dövrlər üçün pensiya almaqda davam ediblərsə, həmin vəsait artıq qanunsuz əldə edilmiş dövlət vəsaiti kimi qiymətləndirilə bilər. Azərbaycan cinayət qanunvericiliyində belə hallar konkret faktlardan asılı olaraq ilk növbədə dələduzluq tərkibi üzrə araşdırıla bilər. Məbləğ burada mühüm rol oynayır: 5 min manatdan yuxarı məbləğ “xeyli miqdar”, 50 min manatdan yuxarı məbləğ isə “külli miqdar” sayılır. Buna görə 10 min manatdan artıq qanunsuz alınmış pensiya sadə deyil, ağırlaşdırıcı əlamətlə qiymətləndirilə bilən hal hesab olunur. Belə hallarda hüquqi nəticə iki istiqamətdə yaranır. Birincisi, cinayət-hüquqi məsuliyyət məsələsi ortaya çıxır, ikincisi isə qanunsuz alınmış məbləğin dövlətə qaytarılması tələb olunur. Yəni cəza ayrıca məsələdir, vəsaitin geri alınması isə ayrıca hüquqi nəticədir. Praktikada həmin məbləğ ya müvafiq dövlət orqanının tələbi ilə mülki icraat qaydasında, ya da cinayət işi başlanıbsa, məhkəmə hökmü çərçivəsində ziyanın ödənilməsi formasında dövlətin xeyrinə tutulur. Türkiyə məhkəmə təcrübəsində də oxşar faktlar mübahisə doğurub. Anadolu Agentliyinin yaydığı məlumatda göstərilir ki, Yargıtay 11-ci Cəza Dairəsi anasının ölümünü bildirməyərək onun hesabına köçən maaşı bank kartı ilə çəkməyə davam edən şəxsin əməlini “dolandırıcılık” deyil, “banka kartının kötüye kullanılması” kimi qiymətləndirib və yerli məhkəmənin dələduzluq üzrə hökmünü bu əsasla ləğv edib. Yəni Türkiyədə də belə hərəkət hüquq pozuntusu sayılıb, sadəcə, cinayət-hüquqi tövsif fərqli seçilib. Bu nümunə onu göstərir ki, müxtəlif ölkələrdə eyni fakt üzrə hüquqi kvalifikasiya dəyişə bilər, lakin ölüm faktı gizlədilərək pensiyanın alınmasının hüquqa uyğun hesab olunmaması ümumi yanaşmadır”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Mart 2026, 12:06   
Избранный
32
pravda.az

1Источники