“Arıqlama iynələri insan həyatı üçün təhlükədir: Orqanizmdə ciddi fəsadlar və xərçəng riski yaradır”.
Bu sözləri Musavat.com-a açıqlamasında diyetoloq-həkim Ləman Süleymanova deyib.
Mütəxəssis qeyd edib ki, arıqladıcı iynə deyilən vasitələr insanların rahat yolla arıqlamaq istəyini istismar edən, təhlükəli maddələrdən ibarətdir:
"İnsanlar tez bir zamanda artıq çəkidən qurtulmaq üçün müxtəlif üsullara əl atırlar. Təəssüf ki, bəzi şəxslər insanların bu həssas məqamlarından sui-istifadə edirlər. Bu gün çox təhlükəli arıqlama iynələri tibbi baxımdan düzgün məsləhət verilmədən istifadə olunur. Bu preparatlar qadınlarda ciddi ginekoloji problemlər yaradır, gənc yaşda yumurtalıqları sıradan çıxarır, kişilərdə cinsi zəifliyə səbəb olur, hormon fəaliyyətini sürətlə azaldır. Həmçinin mədəaltı vəziyə zərbə vurur, xərçəng riskini artırır, insanlarda yorğunluq və halsızlıq yaradır, digər orqanlara da ciddi təhlükə törədir.
Mütəxəssis kimi tövsiyə edirəm ki, əgər hansısa endokrinoloq sizə arıqlama iynəsi məsləhət görürsə, həmin həkimə şübhə ilə yanaşın. Çox təəssüf ki, sosial şəbəkələrdə tibbi təhsili olmayan “həkimlər” marafonlar təşkil edir, insanlara arıqlama preparatları və kokteyllər təklif edirlər. Onlar heç bir tibbi bilik olmadan insanları bu təhlükəli vasitələrlə təmin edirlər. Bütün bunlar son dərəcə təhlükəlidir".
Mütəxəssis sağlam arıqlamağın yollarından da danışıb:
"İnsan psixoloji olaraq daha rahat yolla istədiyinə çatmaq istəyir. Məsələn, insanlar bəzən fərqinə varmadan davamlı yeyir, düzgün həyat tərzi keçirmir, içki və siqareti mütəmadi istifadə edirlər. Nəticədə metabolizm zəifləyir və çəki artır. Ümumiyyətlə, çəki artımının səbəbləri çoxşaxəlidir: stress, düzgün yuxu rejiminin olmaması, balanssız qidalanma, hormonal problemlər və sair. Bu faktorlar insanın qida hormonlarının aktivləşməsinə və iştahın artmasına səbəb olur. Bəzən insanlar düzgün qidalanmasa da gecə yarısı yemək yeyir, stressi yeməklə aradan qaldırır. Lakin bir müddət sonra psixoloji oyanış baş verir. Bu nə deməkdir? İnsan qəflətən güzgüyə baxır və artıq çəkisinin artdığını görür, ətrafdakı insanlar da bunu fərqləndirir.
Bu səbəbdən sağlam arıqlama yalnız düzgün qidalanma, fiziki aktivlik, stressin idarə olunması və balanslı həyat tərzi ilə mümkündür. Tez nəticə vəd edən iynələr, preparatlar və sosial şəbəkələrdə təqdim olunan “arıqlama marafonları” isə əksinə, sağlamlıq üçün ciddi təhlükədir".
Xalidə Gəray
Musavat.com