Üzv ölkələr fövqəladə hallar üçün qüvvələri birləşdirirlər
Bu mövzu 3 ilə yaxındır ki, müzakirə olunmaqdadır. Ötən müddət ərzində TDT-nin eqidası altında fəaliyyət göstərəcək yeni qurumun fəaliyyət mexanizmi və hüquqi bazasının – “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in bütün üzvlər tərəfindən paraflanması prosesi davam etdirilib. Buna əyani misal olaraq bugünlərdə Qazaxıstan Parlamentinin Senatı tərəfindən TDT üçün Mülki Müdafiə Mexanizminin yaradılması haqqında sazişin ratifikasiya edilməsini göstərmək olar.
Oxuculara xatırladaq ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb. Belə bir Mülki Müdafiə Mexanizminin qurulmasında məqsəd TDT-yə üzv və müşahidəçi dövlətlərin, eləcə də digər ölkələrində ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı tələb olunan ehtiyacları birgə dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Sazişin reallaşmasına məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən bu dövlətlərin Fövqəladə Hallar nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib. Burada xüsusi qeyd olunmağa layiq məqam ondan ibarətdir ki, tərəflər TDT-nin Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik beynəlxalq təşkilat formasında təsis edirlər. Tam işə düşdükdən sonra bir növ “beynəlxalq təcili yardım” statusu qazanacaq bu mexanizmin inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və Katibliyi aid edilir.
* * *
TDT-yə üzv ölkələrin parlamentlərinin parafladığı bu sənəd fövqəladə hallar zamanı Birgə Ərazi Qrupuna daxil ölkələrin hərəkətlərinin əlaqələndirilməsini, qarşılıqlı yardımı, birgə təlimləri, xilasetmə xidmətləri arasında təcrübə mübadiləsini də nəzərdə tutur. Mexanizmin katibliyinin baş ofisi İstanbulda yerləşəcək və strukturun büdcəsi ilk iki il ərzində əlavə xərcləri Türkiyə tərəfindən qarşılanmaqla, iştirakçı ölkələrin illik ianələri hesabına maliyyələşdiriləcək.
Hazırda Yaxın Şərqdə davam edən münaqişə, hərbi qarşıdurma vəziyyəti, xüsusən də bu regional münaqişənin genişmiqyaslı müharibəyə transformasiya edilə biləcəyi fonunda ortaya belə bir sual çıxır: Bu mexanizm bir növ hərbi blokun prototipidir, yoxsa birləşmiş ərazi icmalarının xarici təhdidlərə birgə cavabı? Ekspertlərin bəziləri hesab edir ki, bu mühüm məsələ birləşən ərazi icmaları çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərinə təsir göstərə bilər. Yəni bu saziş hansısa alyansın, ümumi hərbi blokun yaradılması istiqamətində atılan birbaşa addım sayılmasa da, mülki müdafiə sahəsinə daxil olsa da, TDT ölkələrinə xarici təhlükələri nəzərə alaraq, belə bir struktur hərbi funksiyaları da yerinə yetirməyə başlaya bilər. Sənəddə təbii və texnogen fəlakətlərə cavab tədbirləri, insanların həyatının və əmlakının xilas edilməsi, tibbi və humanitar yardımların göstərilməsi kimi məsələlər nəzərdə tutulur. Təbii ki, bu prosesdə iştirak könüllüdür və ortaq yardım barədə qərar yalnız zərər çəkmiş dövlətin müraciəti və tərəflər arasında konsensus əsasında qəbul edilir.
Mexanizmin funksiyalarına risklərin monitorinqi, xilasedicilərin hazırlığı üzrə vahid standartların işlənib hazırlanması, birgə təlimlərin keçirilməsi və xilasetmə xidmətləri arasında təcrübə mübadiləsi daxildir. Beləliklə, bu, mahiyyət etibarı ilə digər regional təşkilatlardakı oxşar mexanizmlərə bənzər ixtisaslaşmış humanitar strukturun yaradılması istiqamətində atılan addımdır. Birgə xilasetmə təlimləri həqiqətən ümumi koordinasiyanı gücləndirə bilsə də, onların mandatı ciddi şəkildə mülki olaraq qalacaq. Mülki Müdafiə Mexanizmi Katibliyinin qərargahının İstanbulda yerləşməsi həm iqtisadi, həm də siyasi əsaslara malikdir. Çünki Türkiyə bu mexanizmin yaradılmasının təşəbbüskarı olub və Ankara nəinki qərargahın öz ərazisində yerləşməsini təklif edib, həm də üzərinə müəyyən maliyyə öhdəliyi götürüb. Məlum olduğu kimi, strukturun büdcəsi üzv ölkələrin illik ianələri hesabına formalaşacaq. Burada çox vacib məqama diqqət yetirək: tələb olunan məbləğdən yuxarı olan bütün xərclər ilk iki ildə Türkiyə tərəfindən qarşılanacaq.
* * *
Qeyd etdiyimiz kimi, Qazaxıstan prosesin təşəbbüskarı və fəal iştirakçılarından biridir və ölkənin rolunu bir neçə aspektdə nəzərdən keçirmək olar. Rəsmi Astana yeni mexanizmdə iştirak üçün bütün lazımi daxili prosedurları başa çatdırıb və saziş ölkə parlamenti tərəfindən paraflanıb. Hökumət sənədin layihəsini hələ 2024-cü ilin oktyabrında müzakirəyə çıxarmışdı və təsdiqləmişdi, Senat isə martda yekun təsdiqini verdi. Şübhəsiz ki, bu, Qazaxıstanın təhlükəsizlik sferasında TDT formatında inteqrasiyanın inkişafına böyük marağı olduğunu göstərir. Təşkilatın idarəçiliyində təmsilçilikdə maraqlı olan Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbəri Nazirlər Şurasının (ali orqan) tərkibinə daxil ediləcək. Bundan savayı, Sazişin 4-cü maddəsinə əsasən, Nazirlər Şurasına TDT-yə sədrlik edən ölkənin nümayəndəsi rəhbərlik edir və bu, Qazaxıstana müəyyən müddət ərzində mexanizmin işinə rəhbərlik etmək imkanı verir. Fəaliyyətin özlərinə gəlincə isə onlar bir neçə sahəni əhatə edəcək. Məsələn, irimiqyaslı fövqəladə hadisə baş verdiyi təqdirdə, Qazaxıstan operativ şəkildə təşkilata üzv ölkələrin müvafiq xidmətlərindən yardım tələb edə biləcək. Buraya təcrübə mübadiləsi və standartlaşdırma da daxildir.
Digər bir aspekt isə Qazaxıstanın digər türk dövlətlərinə yardım göstərməsini əhatə edir. Qeyd edək ki, bu türk respublikasında güclü Fövqəladə Hallar Nazirliyi sistemi mövcuddur. Beləliklə, Astana bu strukturda iştirakını milli potensialı gücləndirmək və bərabərhüquqlu türk regionunun ümumi təhlükəsizliyinə töhfə vermək imkanı kimi görür.
Mütəxəssislərin fikrincə, bu mexanizm fövqəladə hallarda qarşılıqlı yardımın göstərilməsi üçün mühüm bazaya çevriləcək. Bu halda fövqəladə vəziyyət həm mülki infrastruktur baxımından, həm də daha geniş kontekstdə nəzərdən keçirilə bilər. Münaqişələrə bürünmüş Yaxın Şərq göstərir ki, hərbi əməliyyatlar qlobal miqyasda ola bilər və Türk dövlətləri belə çağırışlara hazır olmalıdır.
Gözümüzün önündə cərəyan edən hadisələr onu göstərir ki, raket zərbələri insan tələfatına səbəb olduqda, infrastruktura ziyan vurduqda, yaşayış binalarını, xəstəxanaları, məktəbləri uçurduqda aktiv qarşılıqlı yardıma son dərəcə ehtiyac duyulur. Amma gördüyümüz kimi və təəssüf ki, Körfəz ölkələri buna tam hazır deyil. Məhz ona görə tamamilə mümkündür ki, TDT nəzdində yeni yaradılan bu mexanizm yaxın tarixin uğursuz təcrübəsini və cəmiyyətlərin üzləşdiyi acınacaqlı durumu nəzərə alır və belə fövqəladə hallarda təşkilata üzv dövlətlər arasında müəyyən koordinasiyanı təmin etməyi hədəfləyir.
İstisna deyil ki, atılacaq növbəti addım təşkilata üzv dövlətlər arasında mümkün hərbi koordinasiya olacaq. İntəhası, bu mövzu hələlik yalnız hərbi-texniki əməkdaşlığın müzakirəsi mərhələsində olsa da, çox aktiv müzakirələr yol açıb...
İmran BƏDİRXANLI
XQ