RU

Dünyanın ən nüfuzlu liderlərindən biri

Dinamik inkişaf templərinə malik olan müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev hazırda bütün dünyada böyük hörmət göstərilən qlobal səviyyəli lider kimi qəbul edilir. Bunu təsdiqləyən çoxlu sayda faktlar sadalamaq mümkündür. Təkcə son vaxtlarda dövlətimizin başçısı müxtəlif coğrafiyalarda - Mərkəzi Asiyada, Körfəz ölkələrində, Avropa İttifaqı (Aİ) məkanında keçirilən müxtəlif beynəlxalq tədbirlərə fəxri qonaq qismində dəvətlər alıb. Belə tədbirlərdə Prezident İlham Əliyev hər zaman diqqət mərkəzində olub və qarşı tərəfin istəyi ilə çoxsaylı görüşlərə qatılıb. Eyni zamanda, dünyanın bir nömrəli güc mərkəzi sayılan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp İlham Əliyevi “?ox güclü lider” kimi səciyyələndirib.

* Bu günlərdə isə Azərbaycan Prezidentinin qlobal liderliyini təsdiqləyən daha bir xəbər gəlib. Söhbət ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafanonun “X”dəki hesabında etdiyi paylaşımdan gedir. Həmin paylaşımda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.

* Beynəlxalq səviyyədə - nüfuzlu siyasətçilər arasında, aparıcı beyin mərkəzlərində, müxtəlif ekspert dairələrində Azərbaycan Prezidentinin  şəxsinə belə yüksək  dəyər verilməsi isə heç də təsadüfi deyil. Dövlətimizin başçısına yüksək hörmət və ehtiram Onun milli və qlobal səviyyədə sərgilədiyi məqsədyönlü fəaliyyətdən, fərqli baxış bucağından diqqət çəkən liderlik keyfiyyətlərindən qaynaqlanır.

Lider və milli gücün konsolidasiyası

Milli səviyyədə xalqın tam etimadını qazanmaq hər bir liderin ən böyük uğurudur. İlham Əliyevin Azərbaycanda liderliyi 2003-cü ildən başlayıb. O, ilk dəfə dövlət başçısı seçildikdən sonra keçirlən andiçmə mərasimində  hər bir azərbaycanlının Prezidenti olacağına söz vermişdi və ötən 22 ildə bu vədinə tam şəkildə əməl edib. Azərbaycan coğrafiyasına  və əhali sayına görə kiçik ölkə olsa da, Prezident İlham Əliyev onu, sözün əsl mənasında, böyük etməyi bacarıb. İlham Əliyevi güclü lider kimi fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, O, genişmiqyaslı fəaliyyətinin enerjisini hər zaman xalqdan alır və xalqa ləyaqətlə xidmət etməyi özünün ali vəzifəsi sanır. Biz müşahidə edirik ki, İlham Əliyev heç vaxt hansısa bir mərhələdə qazanılan uğurla kifayətlənmir, daim yeni ümummilli ideyalar müəyyənləşdirir və milli gücü həmin ideyalar ətrafında konsolidasiya etməyi bacarır. Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. İlham Əliyev isə ona görə fateh Liderdir ki, Onun arxasında yenilməz güc - xalq var. Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir.

Hər bir ölkənin imkanları ilk növbədə onun iqtisadi gücü ilə ölçülür. Ötən 22 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bunun nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inkişaf edib. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqildir. Eyni zamanda, iqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında tam müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb.

İkinci Qarabağ müharibəsi və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı Lider ətrafında milli gücün konsolidasiyasının gözəl nümunəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla ərazi bütövlüyünün təmin edilməsinə nail oldu. 23 saatlıq lokal xarakterli antiteerror  əməliyyatının nəticəsi olaraq isə ölkəmizin ərazisində separatizmə son qoyuldu, suverenliyimiz tam təmin edildi. Beləliklə də, İlham Əliyev tarixdə ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Müzəffər Lider kimi qalacaq.

Regionda sülh, dünyada sülh

Hazırda dünya çətin dönəmdən keçir. Beynəlxalq nizam və sabitlik pozulub. Müharibələr, qanlı toqquşmalar, milli-dini-etnik zəmində qarşıdurmalar bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Yaranmış vəziyyət təəssüf doğurur. Əsas məqam isə beynəlxalq birliyin bundan sonra dünyanın arxitekturasını hansı formada görməklə bağlı vizionunu ortaya qoyması və “gələcəyi necə qurmalı” sualına cavab tapması ilə bağlıdır. Vəziyyət o dərəcədə ciddidir ki, burada hər kəs öz məsuliyyətini anlamalı və birmənalı mövqe sərgiləməlidir. Bəşəriyyətin xilası naminə ziddiyyətli fikir ayrılıqlarına son qoyulmalı, konsensus, qalıcı sülh təmin edilməlidir.

Azərbaycan Prezidentinin fəaliyyətindən regionda və dünyada sülhün təmin edilməsi qırmızı xətt kimi keçir. Dünya tarixindən bəlli olduğu kimi, müharibələrin qalibi olan dövlətlər adətən məğlub ölkələrə şərtlər diktə edirlər. Ancaq qalib Azərbaycan müharibə başa çatdıqdan sonra heç bir ilkin şərt irəli sürmədən sülh təşəbbüsündən çıxış etdi və sonrakı mərhələdə böyük səylər ortaya qoymaqla tənzimləmə prosesinin irəliləməsinə nail oldu. Bu səylər nəticə verdi. Ötən il avqustun 8-də Vaşinqtonda, dünyanın bir nömrəli ofisində Azərbaycan, ABŞ,  Ermənistan liderlərinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri yekun sülh sazişini parafladılar. Bununla da Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan sülh prosesində mühüm addım atılmış oldu. Hazırda regionda faktiki olaraq sülh şəraiti var və etimad quruculuğu istiqamətində zəruri addımlar atılır.

Prezident İlham Əliyevin liderliyi ilə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradan Azərbaycan həmçinin sülhün bütün dünya miqyasında təmin olunmasının tərəfdarıdır. Ölkəmizin bir qədər bundan əvvəl “Sülh Şurası”na yaradıcı (founding) üzv statusu ilə qoşulması bunun əyani təsdiqidir. İndiki şəraitdə  ABŞ Prezidenti  Donald Trampın ideya müəllifliyi və bilavasitə rəhbərliyi ilə “Sülh Şurası”nın yaradılması bəşəriyyəti xilas etmək, Qəzzada və digər ünvanlarda dağıntıları bərpa etmək üçün ümid işığı kimi görünür, Dünyada sülh tərəfdarı olan Azərbaycan da bu ideyanı dəstəkləyərək onun həyata keçməsində iştirak etmək əzmindədir.

Öz növbəsində beynəlxalq birlik Azərbaycan Liderinin sülh səylərini yüksək qiymətləndirir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev daha bir nüfuzlu beynəlxalq təltifə - “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində mükafatın  təqdimolunma mərasimi keçirilib. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın layiq görülməsi təkcə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin irəliləməsinə, yekun sülh sazişinin paraflanmasına görə deyil, həm də Onun şəxsən sülhə, insan qardaşlığına və qlobal sabitliyə verdiyi misilsiz töhfələrə beynəlxalq ictimaiyyətin ən yüksək qiymət və ehtiramının bariz nümunəsidir.

Beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verilən davamlı töhfələr

Azərbaycan Prezidentinin qlobal liderlik keyfiyyətlərindən bəhs edərkən Onun beynəlxalq həmrəyliyin möhkəmlənməsinə verdiyi davamlı töhfələrin önəmini xüsusi qeyd edə bilərik. Bir neçə il bundan əvvəl dünya yeni növ koronavirus pandemiyasının yaratdığı ciddi təhlükələrlə silkələndi. Pandemiya dövründə Azərbaycan Prezidenti yaranan yeni qlobal təhdidə qarşı beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüsünü irəli sürdü və bu məqsədlə bir sıra addımlar atdı. Belə ki, Onun səyləri sayəsində Türk Şurasının, Qoşulmama Hərəkatının onlayn formatda sammitləri baş tutdu və mühüm müzakirələr aparıldı. Həmin çətin günlərdə Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq dünyaya humanizm nümunəsi göstərdi.. Belə ki, Qlobal səhiyyə böhranı dövründə reespublikamız özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının (QH) üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib.

Eyni zamanda, son vaxtlar daha da aktuallaşan iqlim çağırışlarına həssas yanaşması Azərbaycanın qlobal liderliyinə daha bir nümunə sayıla bilər. 2024-cü ilin  noyabr ayında respublikamız BMT-nin iqlim konfransına  - COP29-a uğurla ev sahibliyi etdi.  COP29-un keçirilməsi üçün Bakının məkan seçilməsi beynəlxalq birliyin ölkəmizə və onun Liderinə artan inamının növbəti təsdiqi idi. Azərbaycan qısa müddətdə yüksək səviyyəli hazırlıqlar görməklə və konfransda bir sıra mühüm nəticələrə, xüsusilə də iqlim maliyyələşməsində, kiçik ada dövlətlərinə dəstək göstərilməsində  irəliləyişlərə  nail olmaqla bu etimadı yüksək səviyyədə doğrultdu.

Cari ildə isə respublikamız BMT-nin daha bir qlobal tədbirinə - bu dəfə şəhərsalma forumuna ev sahibliyi edəcək. Artıq foruma hazırlıq işləri tamamlanmaq üzrədir. Yenə də dünya gündəliyi Azərbaycanda müzakirə ediləcək.

Hesabatda hansı liderlər yer alırlar?

Bəs Ceyms Cey Karafanonun təqdim etdiyi hesabatda hansı liderlərin adları yer alır? Paylaşımda oxuyuruq: “Bu günün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Miley (Argentina Prezidenti Xavyer Miley), Meloni (İtaliyanın Baş naziri Ciorcia Meloni), Kast (Çili Prezidenti Xose Antonio Kast), Stubb (Finlandiya Prezidenti Aleksandr Stubb), Modi (Hindistanın Baş naziri Narendra Modi), Takaiçi (Yaponiyanın Baş naziri Sanae Takaiçi), Navrotski (Polşa Prezidenti Karol Navrotski ), Dans (“Heritage” fondunun layihə rəhbəri Pol Dans), Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev), VI Məhəmməd (Mərakeşin Kralı VI Məhəmməd) , Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski), Netanyahu (İsrailin Baş naziri Benyamin Netanyahu), Merts (Almaniya Kansleri Fridrix Merts) və öz liqasında tək olan Donald Trampdır (ABŞ Prezidenti Donald Tramp)”.

Qeyd edək ki, Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və “Heritage” fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, “Heritage”in antisemitizm əməliyyatlarının, o cümlədən “Esther” layihəsinin rəhbəridir.

Mübariz ABDULLAYEV

Избранный
31
1
yeniazerbaycan.com

2Источники