RU

Filarmoniyaya “Bösendorfer” konsert royalları təqdim olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 mart, AZƏRTAC

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əlamətdar mədəni hadisə baş verib. “PASHA Holding” tərəfindən həyata keçirilən növbəti xeyriyyəçilik təşəbbüsü çərçivəsində Filarmoniyaya Avstriyanın məşhur “Bösendorfer” şirkətinə məxsus iki ədəd konsert royalı təqdim olunub.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “PASHA Holding” son illər mədəniyyət və sənət sahəsində həyata keçirdiyi müxtəlif layihələr və təşəbbüslərlə ölkənin mədəni həyatının zənginləşməsinə töhfə verir. Şirkət tərəfindən sənət layihələrinin dəstəklənməsi, gənc istedadların təşviqi və mədəni tədbirlərin reallaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslər xüsusi əhəmiyyət daşıyır.

Bu təşəbbüs mədəniyyət sahəsinə göstərilən dəstəyin və korporativ sosial məsuliyyət ənənələrinin təqdirəlayiq nümunəsi kimi qiymətləndirilir. Mədəniyyət Nazirliyi Filarmoniyaya ən yüksəkkeyfiyyətli musiqi alətlərinin hədiyyə olunmasına görə şirkətə təşəkkürünü bildirir və mədəniyyətin inkişafına yönəlmiş belə təşəbbüslərin dövlət və özəl sektor arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edir.

Tədbirdə Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov çıxış edərək, ölkəmizdə musiqi sənətinin inkişafı, gənc istedadların dəstəklənməsi və yüksək səviyyəli musiqi alətlərinin ifaçılıq mədəniyyətinin yüksəldilməsində mühüm rolunu vurğulayıblar. Qeyd olunub ki, dünya standartlarına cavab verən musiqi alətinin Filarmoniya səhnəsinə gətirilməsi ölkənin musiqi həyatında əlamətdar hadisədir və konsertlərin bədii səviyyəsinin daha da yüksəlməsinə töhfə verəcək.

Royalların təqdimat mərasimi konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Müxtəlif nəsillərə mənsub ifaçıların, Xalq artistləri Murad Hüseynov və Murad Adıgözəlzadənin, musiqi məktəbi şagirdləri Tamerlan Məmmədov və Mədinə Paşayevanın da iştirak etdiyi proqram yeni “Bösendorfer” royallarının səhnədə ilk səslənməsi ilə yadda qalıb.

Xatırladaq ki, “Bösendorfer” 1828-ci ildə Avstriyanın Vyana şəhərində yaradılıb və bu gün dünyanın ən nüfuzlu fortepiano istehsalçılarından biri hesab olunur. Şirkətin konsert royalları zəngin tembr palitrası və yüksək akustik keyfiyyəti ilə seçilir, əsasən əl əməyi ilə eksklüziv hazırlanır. Məhz bu xüsusiyyətlərə görə “Bösendorfer” alətləri dünyanın aparıcı konsert salonlarında, nüfuzlu musiqi festivallarında və tanınmış pianoçuların repertuarında xüsusi yer tutur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
7
azertag.az

8Источники