Müəllif: Tamara Mustafayeva, Banco.az
Palma yağının qiyməti artmaqda davam edir.
Banco.azxəbər verir ki, palma yağı qiymətləri əsas istehsalçı ölkələrdə təklifin məhdudlaşacağına dair gözləntilərin güclənməsi fonunda artımını üçüncü gün də davam etdirib. Xam neft qiymətlərinin yüksək səviyyədə qalması isə bioloji yanacaqları daha cəlbedici etdiyindən bazara əlavə dəstək verib. Beləliklə, qiymətlər həftəlik əsasda ardıcıl ikinci dəfə yüksəliş istiqamətində hərəkət edib.
“Bloomberg”in xəbərinə görə, dünyanın ən böyük palma yağı istehsalçısı olan İndoneziyada bu il istehsal artımının nəzərəçarpacaq dərəcədə yavaşlayacağı gözlənilir. İndoneziya Palma Yağı Birliyinin məlumatına əsasən, yay aylarına doğru El Nino hava hadisəsinin baş verəcəyi ehtimalı məhsuldarlıq və keyfiyyət üzərində təzyiq yarada bilər. Bu səbəbdən ölkədə palma yağı istehsalının bu il cəmi 1–2 faiz artacağı proqnozlaşdırılır. Halbuki ötən il istehsal 7,2 faiz artmışdı.
Malayziyada da vəziyyət güclü təklif artımına işarə etmir. Bazar iştirakçılarının qiymətləndirmələrinə görə, mart ayının ilk 10 günündə istehsal artımı yalnız 1 faiz səviyyəsində qalmış ola bilər. Fevral ayında isə Malayziya Palma Yağı Şurasının məlumatına əsasən istehsal 19 faiz azalaraq ardıcıl dördüncü aylıq geriləməni qeydə alıb.
Sektorda bu dövrdə istehsalın yavaşlamasında mövsümi və sosial amillər də rol oynayır. Ramazan ayında əmək fəaliyyətinin tempinin aşağı düşməsi və Ramazan bayramı ərəfəsində bəzi plantasiyalarda çalışan işçilərin növbələrini azaltması istehsala aşağı yönlü təzyiq göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!