ain.az, Bizimyol saytına istinadən bildirir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) iştirakçı ölkələri Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərindəki dəyişkənliyi azaltmaq üçün strateji ehtiyatlarından 400 milyon barel nefti bazara çıxarmağa qərar veriblər. Bu qərar IEA üzvlərinin növbədənkənar müşavirəsində qəbul olunub və tədarükün həcmi hər ölkənin daxili imkanlarından asılı olacaq. Ümumilikdə IEA ölkələrinin strateji neft ehtiyatı 1,2 milyard bareldən çoxdur və planlaşdırılan həcm ehtiyatların təxminən üçdə birini təşkil edir.Bu qərar hansı qlobal iqtisadi və siyasi nəticələrə gətirib çıxara bilər?
İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma beynəlxalq enerji bazarlarında qeyri-müəyyənliyi artırdığı bir vaxtda IEA iştirakçısı olan ölkələrin strateji neft ehtiyatlarından 400 milyon barel nefti bazara çıxarmaq qərarı mühüm iqtisadi və geosiyasi siqnaldır. İqtisadçının sözlərinə görə, bu addım beynəlxalq enerji bazarında yaranmış risklərin miqyasını göstərməklə yanaşı, böyük istehlakçı ölkələrin bazara koordinasiyalı müdaxilə mexanizmlərindən istifadə etdiyini də nümayiş etdirir və strateji ehtiyatların istifadəsi beynəlxalq enerji təhlükəsizliyi siyasətinin mühüm geoiqtisadi alətlərindən biri hesab olunur.
Əli Səlimov
“Tarixi təcrübə göstərir ki, Yaxın Şərqdə baş verən hərbi münaqişələr enerji bazarlarında ən kəskin reaksiyalara səbəb olan amillərdəndir. Dünya neft ehtiyatlarının və ixrac marşrutlarının mühüm hissəsinin bu regiondan keçməsi səbəbindən burada yaranan hər bir geosiyasi risk beynəlxalq qiymət dinamikasına dərhal təsir göstərir. IEA üzv ölkələrinin strateji ehtiyatlardan istifadə etməsi bazara əlavə fiziki təklif təqdim etməklə yanaşı, enerji bazarındakı qeyri-müəyyənliyi və gərginliyi müəyyən dərəcədə azaltmaq məqsədi daşıyır”, – deyə iqtisadçı qeyd edib.
Əli Səlimov vurğulayıb ki, enerji bazarlarında kəskin böhran vəziyyətlərində IEA ölkələrinin koordinasiyalı ehtiyat istifadəsi artıq institusional mexanizmə çevrilib: “Keçmiş böhranlar zamanı da bu alətin tətbiqi beynəlxalq təklif şoklarının təsirini qismən yumşaltmağa imkan verib, buna görə də Yaxın Şərqdə münaqişənin genişlənməsi və enerji infrastrukturu üçün risklərin artması fonunda belə bir qərarın gündəmə gəlməsi müəyyən mənada gözlənilən ssenarilərdən biridir.
Geoiqtisadi baxımdan bu qərarın əsas məqsədi neft qiymətlərində sürətli və nəzarətsiz artımın qarşısını almaqdır. Enerji qiymətlərinin yüksəlməsi xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda inflyasiya təzyiqini artırır, istehsal xərclərini yüksəldir və qlobal iqtisadi artım tempini zəiflədir. Strateji ehtiyatların bazara çıxarılması böyük istehlakçı ölkələrin makroiqtisadi sabitliyi qorumaq üçün istifadə etdiyi mühüm alətlərdən biridir. Xüsusilə, ABŞ və Avropa iqtisadiyyatları üçün enerji qiymətlərinin sabit saxlanılması həm daxili inflyasiya risklərinin azaldılması, həm də sənaye istehsalının davamlılığı baxımından strateji əhəmiyyət daşıyır”.
Əli Səlimov qeyd edib ki, neft qiymətlərinin yüksək səviyyədə qalması enerji ixracatçısı ölkələr üçün əlavə gəlir imkanları yaradır və bu, xüsusilə sanksiyalar altında olan İran kimi ölkələr üçün əhəmiyyətlidir: “Strateji ehtiyatların bazara çıxarılması isə qiymət artımının qarşısını qismən alaraq bu gəlir imkanlarını məhdudlaşdıra bilər. Bu baxımdan qərarın daha çox enerji idxalçısı olan böyük iqtisadiyyatların, xüsusilə ABŞ və Avropa ölkələrinin maraqları ilə uyğunlaşdığı qeyd edilə bilər”.
İqtisadçının fikrincə, strateji ehtiyatların istifadəsi yalnız qısamüddətli sabitləşdirici effekt yarada bilər: “Əgər regionda hərbi qarşıdurma dərinləşərsə və əsas neft tədarük marşrutları real təhlükə ilə üzləşərsə, qlobal enerji bazarında yenidən ciddi təklif çatışmazlığı yarana bilər. Bu halda qiymət dalğalanmaları daha da kəskinləşə və enerji bazarında qeyri-müəyyənlik uzun müddət davam edə bilər”.
“IEA ölkələrinin strateji ehtiyatlardan istifadə qərarı beynəlxalq enerji bazarında yaranmış risklərə verilən kollektiv cavab kimi qiymətləndirilə bilər. Lakin uzunmüddətli sabitlik yalnız bazar müdaxilələri ilə deyil, eyni zamanda regional geosiyasi gərginliyin azalması və enerji tədarükünün təhlükəsizliyinin təmin olunması ilə mümkün olacaq”, – deyə Əli Səlimov bildirib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.