RU

Xaqani irsi gənclərə tanıdılır, universitetdə “Sözün xaqanı” romanı müzakirə edildi

Azərbaycan Texniki Universitetində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş növbəti ədəbi görüş keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaqani Şirvaninin yubileyinin ölkə səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı sərəncamdan irəli gələn tədbirlər çərçivəsində təşkil olunmuşdur.

Görüşün əsas mövzusu yazıçı Sona Abbasəliqızı İsmayılovanın qələmə aldığı “Sözün xaqanı” tarixi romanı idi. Əsərdə dahi şairin həyatı, yaradıcılığı və yaşadığı dövrün ictimai mühiti bədii dillə təqdim olunur. Tədbirin təşkilatçısı universitetin Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev olmuşdur.

Tədbir zamanı müəllif romanın yaranma tarixi, əsərin ideya xətti və Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatındakı mövqeyi haqqında iştirakçılara geniş məlumat verdi. Bildirildi ki, roman yalnız tarixi hadisələri təsvir etməklə kifayətlənmir, həm də söz sənətinin gücünü, dövrün ictimai düşüncəsini və mənəvi dəyərlərini oxucuya çatdırır.

Qeyd edildi ki, kitabın ön sözünün tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Nadir Məmmədli tərəfindən yazılması əsərin elmi və ədəbi əhəmiyyətini daha da artırmışdır. Ön sözdə Xaqani irsinin müasir dövrdə araşdırılması və təbliğinin vacibliyi xüsusi vurğulanır.

Görüşdə filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, Xızı rayon Mikayıl Müşfiq adına tam orta məktəbin direktoru, “Tərəqqi” medalı mükafatçısı Svetlana Rüstəmova, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə, araşdırmaçı-yazar Əli Vəliyev, yazıçı Samir Arifoğlu Abdullayev, şair Xəzər Bəy Hikmətoğlu, yazıçı Tarverdi Abbasov, şair Sevda Muradəliyeva və digər ziyalılar iştirak edərək roman və Xaqani yaradıcılığı haqqında fikirlərini bölüşdülər.

Müzakirələr zamanı vurğulandı ki, “Sözün xaqanı” romanı artıq ali təhsil mühitində də maraq doğurur. Universitet dərsliyində klassik və müasir yazıçıların bədii nümunələri arasında əsərdən beş cümləlik bədii parça da yer almışdır. Bu fakt romanın həm bədii, həm də tədris baxımından əhəmiyyətini göstərən mühüm göstərici kimi dəyərləndirildi.

Səmimi və yaradıcı mühitdə keçən görüş tələbələrin fəal iştirakı ilə yadda qaldı. Tədbirin sonunda iştirakçılar belə ədəbi görüşlərin gənclərin milli ədəbiyyatımıza və tariximizə marağının artırılmasında mühüm rol oynadığını qeyd etdilər.


Избранный
24
azia.az

1Источники