RU

Yaxın həftələrdə İrana ya çox ağır zərbələr vurulacaq, böyük ehtimalla rejimin dəyişdirilməsinə cəhd ediləcək, ya da İran təslim olmalıdır

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Donald Trump bildirib ki, İranla bağlı vəziyyət sürətlə inkişaf edir və Vaşinqton uzun illər ərzində atılmayan addımları indi həyata keçirir. ABŞ prezidenti ordunun gücünü vurğulayaraq qeyd edib ki, hazırda görülən tədbirlər son 47 ildə atılmalı olan qərarların icrasıdır. Tramp həmçinin İranın siyasətinin ölkəni ağır nəticələrlə üz-üzə qoyduğunu və bunun üçün yüksək bədəl ödədiyini deyib.ABŞ-ın İranla bağlı sərt mövqeyi regionda gərginliyi daha da artıracaq, yoxsa yeni siyasi balans yaradacaq?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vəziyyət kifayət qədər gərgindir və gərginliyin artacağı gözlənilir, çünki hər iki tərəf ultimativ şəkildə bir-birilə danışır və son hadisələr də onu göstərir ki, tərəflərin geri çəkilmək istəyi yoxdur: “Əvvəla, Amerika tərəfinin ortaya qoyduğu tələblərin demək olar ki, heç biri həyata keçməyib. Nə İran nüvə proqramından imtina edib, nə də ballistik raketlərin istehsalından və mənzilinin azaldılmasından imtina edib. Hətta İran artıq nüvə konvensiyaları ilə bağlı yeni qərarlar qəbul edib, ümumiyyətlə saymazlıq nümayiş etdirir və proksi qüvvələrlə bağlı olaraq geri çəkilməyib. Xamenei ötən günlərdə proksi qüvvələrə, xüsusilə Hizbullah və Yəməndəki qüvvələrə təşəkkürünü bildirdi. Çevrəsində olan proksi qüvvələri yenidən qidalandırıb və ortaya çıxmaqda maraqlıdır. Bir çox qonşu dövlətləri yenə də hədələyir. Baxmayaraq ki, əvvəl bir ara bildirdilər ki, qonşu dövlətlərlə problemləri yoxdur, amma yenə də davam edirlər. Ötən günlərdə yenidən Türkiyəyə raket atılması da başqa bir məsələ kimi sayıla bilər. Neft bazarında qiymətlərin qalxması üçün əlindən gələni bəyan edir və qonşu dövlətlərdə neft istehsal edən ölkələrin neft ehtiyatlarını vurmaqla məşğuldur. Hətta elə vəziyyət yaranıb ki, 32 dövlət özünün strateji neft ehtiyatlarını satışa çıxarmaq haqqında düşünür. Bütün hərbi komandanlıq, SEPAH da ultimativ şəkildə danışır, hətta Amerikadan təzminat istəyirlər. Döyüşlərlə bağlı Amerikanın üzr istəməyini tələb edirlər”.

Fərəc Quliyev

Fərəc Quliyev qeyd edib ki, İran geri çəkilməyib, Amerika və İsrailin tələblərini demək olar ki, yerinə yetirməyib və qonşu dövlətlərə hücumlarını davam etdirir. Partiya sədri vurğulayıb ki, Amerika tərəfi ortaya qoyduğu istəkləri yerinə yetirmədən indiki halda müharibəni dayandırmaq çətindir: “Baxmayaraq ki, İrana ağır zərbə vurduqlarını, onu sarsıtdıqlarını deyirlər, raket bazalarını və hərbi hissələrini vurduqlarını bildirirlər. Amma belə vəziyyətdə geri çəkilmək Amerika daxilində ciddi etirazlara səbəb ola bilər. Çünki xeyli suallar ortaya çıxa bilər. Qarşıdan seçkilər gəlir, ara seçkilər də daxili siyasətdə çox ciddi amillərdən biridir. Bu qədər böyük xərclərin müqabilində gəlib İrana qarşı istəklərinin heç birini yerinə yetirmədən geri çəkilmək ABŞ-ın super güc kimi imicinə çox ciddi zərbə vura bilər. Belə vəziyyətdə sonrakı addımlarda Rusiya, Çin və başqa dövlətlər qarşısında həm masada, həm də sahədə ciddi şəkildə uduza bilər. Müttəfiqlər ruhdan düşə bilər və Amerikanın özünün son zamanlar birqütblü dünyada lider olması iddiası belə sual altına düşə bilər”.

Fərəc Quliyev Amerikanın bu məsələni yarımçıq qoyacağını düşünmür. Partiya sədri qeyd edib ki, nə İsrail, nə də Amerika İranın zənginləşdirilmiş uran ehtiyatlarını tam ələ keçirə bilməyib: “Təxminən 400 kiloqrama qədər zənginləşdirilmiş uran məsələsi açıq qalır. İran bunu üçüncü bir dövlətə də verməyib. Belə yarımçıq qalmış vəziyyətdə İran tezliklə atom bombasını əldə edə bilər ki, bu da ciddi qorxu yaradan amildir. Belə vəziyyətdə nə geri çəkilmə, nə də indiki status-kvo imkanları var, nə İranın. İran tərəfi də tam irəli gedir, geridə yer yoxdur. Klassik bir deyim var: “Azı olan az itirir, çoxu olan çox itirir”. İran da bütün imkanları ilə müqavimət göstərməkdə maraqlıdır”. İranda daxili vəziyyət də belədir ki, bir addım geri atarsa, hər şey bitə bilər. Rejim üçün dirəniş göstərmək həyati məsələdir. Hər halda vəziyyət gərginləşməkdə davam edəcək”.

Fərəc Quliyev hesab edir ki, yaxın həftələrdə İrana ya çox ağır zərbələr vurulacaq, böyük ehtimalla rejimin dəyişdirilməsinə cəhd ediləcək, ya da İran təslim olmalıdır. Partiya sədri hesab edir ki, təslim olma az ehtimal olunur, çünki hər dəfə çağırışlar edilir, amma təslim olmaqla bağlı cavab yoxdur, bu mənada bölgədə vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
51
icma.az

1Источники