RU

Qlobal dialoqun mühüm məkanına çevrilmiş Azərbaycandan verilən növbəti vacib mesajlar ŞƏRH

Bakı, 15 mart, AZƏRTAC

Dünya nizamının fundamental dəyişikliklərə məruz qaldığı, ənənəvi təhlükəsizlik mexanizmlərinin səmərəliliyini itirdiyi bir dövrdə Azərbaycan növbəti dəfə qlobal intellektual və siyasi mərkəz qismində çıxış etdi. Martın 12-14-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumu təkcə müzakirə platforması deyil, həm də "parçalanmış dünya" üçün konkret həll yollarının təklif edildiyi bir "beyin mərkəzi" funksiyasını yerinə yetirdi. Prezident İlham Əliyevin Forumun açılışındakı dərin məzmunlu çıxışı isə müasir beynəlxalq münasibətlər sistemi üçün mühüm mesajları ehtiva edir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Onun sözlərinə görə, XIII Qlobal Bakı Forumu sübut etdi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq beynəlxalq miqyasda əhəmiyyətli müzakirələr platforması funksiyasını uğurla yerinə yetirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir... Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir". Foruma qatılan dəvətlilərin tərkibinə nəzər yetirdikdə, fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları, Nobel mükafatçıları və nüfuzlu ekspertlərin iştirakı bu dialoq modelinə beynəlxalq etimadın göstəricisidir.

“Prezidentin çıxışında təhlükəsizlik məsələlərinə də diqqət çəkilir. Dövlətimizin başçısı birmənalı şəkildə bəyan etdi ki, təhlükəsizlik təmin olunmadan iqtisadi inkişafdan və ya humanitar tərəqqidən danışmaq qeyri-mümkündür. Müasir dünyada münaqişələrin coğrafiyasının genişləndiyi bir dönəmdə bu mesajlar xüsusilə əhəmiyyətlidir. Prezident vurğuladı ki, təhlükəsizlik və sabitlik hər bir ölkənin gündəliyində "bir nömrəli prioritet" olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər.

Azərbaycanın son illərdə keçdiyi yol beynəlxalq hüquq, hərbi-siyasi, diplomatik strategiya və planlaşdırmada əhəmiyyətli bir nümunədir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın dünyaya təqdim edə biləcəyi üç əsas təcrübəni sistemləşdirdi. Azərbaycan 30 il ərzində ikili standartlarla üzləşdi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunmaması beynəlxalq hüququn "kağız üzərində" qalmasının bariz nümunəsi idi. Ölkə Prezidentinin qeyd etdiyi kimi: "Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik".

Azərbaycan sübut etdi ki, sülh yolu ilə həll mümkün olmadıqda, beynəlxalq hüquq ölkələrə özünümüdafiə hüququ tanıyır. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük antiterror tədbirləri sülhə məcburetmə əməliyyatları idi”, - deyə Zaur Şükürov bildirib.

O qeyd edib ki, Prezidentin ən mühüm mesajlarından biri de-fakto sülhün bərqərar olması ilə bağlı idi. 2023-cü ilin sentyabrından sonra formalaşan yeni reallıq göstərdi ki, sülh mümkündür. Biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur.

Sülh naminə güclü iradə nümayiş etdirilməlidir

Deputat vurğulayıb ki, Azərbaycan təkcə regional güc deyil, həm də Avropanın enerji xəritəsinin dəyişməsində mühüm töhfə verən dövlətdir. Prezidentin çıxışında qeyd olunan rəqəmlər dinamikanı aydın göstərir. Keçən il 12 ölkə Azərbaycan qazını alırdı, bu il bu rəqəm 16-ya yüksəlib. Boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi coğrafi əhatəyə görə Azərbaycan dünyada birinci yerdədir. Dövlətimizin başçısı, həmçinin neft qiymətlərindəki qeyri-sabitliyin həm istehsalçılar, həm də istehlakçılar üçün əlverişli olmadığını bildirərək, Azərbaycanın OPEC+ çərçivəsindəki məsuliyyətli rolunu xüsusi vurğuladı.

“Məlumdur ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki strateji rolu vacib əhəmiyyət kəsb edir və Forumda diqqət çəkən aktual məsələlərdən biri nəqliyyat marşrutlarının şaxələndirilməsi ilə bağlı oldu. Bu xüsusda, Prezident İlham Əliyevin çıxışı zamanı Ermənistanla bağlı mesajı isə geosiyasi yenilik hesab edilə bilər: "Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq". Bu yanaşma Azərbaycanın sülhə sadiqliyinin və regional inteqrasiyaya konstruktiv baxışının göstəricididir. Bu, həm Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi, həm də regionun ümumi rifahı üçün "qarşılıqlı uduşlu" modeldir.

XIII Qlobal Bakı Forumu bir daha təsdiq etdi ki, Azərbaycan qlobal problemlərin müzakirə edildiyi vacib bir məkana çevrilib. Prezident İlham Əliyevin çıxışı isə beynəlxalq birliyə yönəlmiş növbəti bir çağırışdır: sülh naminə güclü iradə nümayiş etdirilməli, beynəlxalq hüquqa selektiv deyil, universal yanaşılmalı və qarşılıqlı asılılıq tərəfdaşlıq üçün istifadə edilməlidir”, - deyə deputat bildirib.

Избранный
25
1
azertag.az

2Источники