Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı regionda müharibənin dayandırılmasının və eskalasiyanın azaldılmasının zəruriliyini vurğulayıb.
"Far.Az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Qeyd olunub ki, Makron regionda vəziyyətin, Hörmüz boğazındakı şəraitin kəskinləşməsindən, habelə "Hizbullah" hərəkatı ilə İsrail arasında davam edən münaqişədən narahatlığını ifadə edib.
Pezeşkian, öz növbəsində, həmsöhbətinə ABŞ və İsrailin "qanunsuz təcavüz"ünün miqyası barədə məlumat verib.
"İran xalqı, hökuməti və silahlı qüvvələri heç vaxt gərginlik və münaqişəyə can atmayıb, lakin təcavüzkarlara müqavimət göstərməyin zəruriliyinə, öz ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin qətiyyətli, qanuni müdafiəsinə dair ən kiçik şübhəmiz belə yoxdur", – deyə ISNA İran Prezidentinin sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.