RU

Müştəri “Paşa Sığorta”dan şikayət etdi-“Bir aydır təsdiqlənmiş ödənişi gecikdirirlər”

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən biri ilə bağlı növbəti narazılıq sosial şəbəkələrdə gündəmə gəlib. Müştəri “Paşa Sığorta”nın əmlak sığortası üzrə ödənişi gecikdirdiyini iddia edir.

AzPost xəbər verir ki, vətəndaşın sözlərinə görə, 14 fevral tarixində sığorta hadisəsi baş verib və həmin gün şirkətlə əlaqə saxlanılıb. Qısa müddət ərzində tələb olunan bütün sənədlərin təqdim edildiyi, hətta ödəniş məbləğinin də təsdiqləndiyi bildirilsə də, artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq ödəniş həyata keçirilməyib.

Şikayətçi qeyd edir ki, şirkətə edilən hər zəng zamanı fərqli məlumat verilir: “Artıq bir ay olub, ödənişi yubadırlar. Hər dəfə zəng edəndə əməkdaşlar fərqli qayda deyir. Sonuncu dəfə üç gün əvvəl şikayətimin qeydə alındığını və üç gün ərzində mənimlə əlaqə saxlanılacağını bildirdilər. Amma hələ də heç kim zəng etməyib”.

Məsələ ilə bağlı hüquqşünas Azər Ramazan bildirib ki, belə hallarda rəsmi qaydada şikayət etmək lazımdır. Onun sözlərinə görə, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığortaçı bütün sənədlər təqdim edildikdən sonra 7–15 iş günü ərzində ödəniş etməli və ya rəsmi imtina qərarı verməlidir. Məbləğ təsdiqləndiyi halda ödənişin gecikdirilməsi qanunvericiliyə uyğun sayılmır.

Hüquqşünas vətəndaşa Mərkəzi Banka və banka rəsmi yazılı müraciət etməyi, həmçinin sığorta şirkətində Şikayətlər Departamenti ilə əlaqə saxlamağı tövsiyə edib.

Məsələ ilə bağlı “Paşa Sığorta” isə sosial şəbəkədə yayılan şikayətə cavab verərək müraciətin araşdırılması üçün vətəndaşdan şəxsi məlumatlarını şirkətə təqdim etməyi xahiş edib. Şirkət qeyd edib ki, məsələ ilə bağlı daha ətraflı araşdırma aparılacaq.

AzPost.az

Избранный
22
1
azpost.info

2Источники