İspaniya La Liqasının 28-ci turunda “Real Madrid” səfərdə “Elçe” ilə qarşılaşıb.
“Yeni Sabah” xəbər verir ki, görüş “Kral klubu”nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün ən yaddaqalan anı isə 89-cu dəqiqədə yaşanıb. “Real”ın türkiyəli yarımmüdafiəçisi Arda Gülər 68 metrdən fantastik qol vurub.
Bu qol La Liqa tarixində ən uzaq məsafədən vurulan qollar rekordunu yeniləyib. Daha öncə bu uğura 2004-cü ildə “Numansiya” klubunun futbolçusu Antonio Kaso imza atmışdı.
21 yaşlı Arda Gülər oyundan sonra deyib:
“Möhtəşəm bir qol idi, çox xoşbəxtəm. Qapıçının irəlidə olduğunu gördüm və şansımı sınadım. Möhtəşəm hissdir”.
“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa da futbolçusunun qoluna təriflər yağdırıb:
“Bu qolu təsvir etmək üçün söz tapmaq çətindir. Sanki sənət əsəridir. Posterini çıxarıb divardan asmaq olar. Belə qolu görmək üçün bilet almağa dəyər”.
Komanda yoldaşları da Arda Gülərin möhtəşəm qoluna heyran qalıb. Brahim Dias bildirib ki, belə bir qolu uzun müddətdir görməyib.
Madrid təmsilçisinin sosial media səhifələrində “Bu uşağın ayağında sanki əlcək var” paylaşımı edilib.
İspaniya Premiyerasının (La Liqa) səhifələrində isə A.Gülərin qolu ağızdolusu sözlərlə belə qeyd edilib: “Qısaca desək, o, dahidir”.
Qeyd edək ki, A.Gülər 2005-ci ildə Türkiyənin paytaxtı Ankarada anadan olub. Kariyerasına 9 yaşında “Gənclərbirliyi”ndə başlayıb. 2019-cu ildə 150 min lirə müqabilində İstanbul təmsilçisi “Fənərbaxça”ya transfer olub. “Fənər”in heyətində keçirdiyi 4 möhtəşəm mövsümdən sonra, 2023-cü ilin yayında İspaniya nəhəngi “Real Madrid”lə 6 illik peşəkar müqavilə imzalayıb.
21 yaşlı futbolçu Karlo Ançelottinin baş məşqçi olduğu dövrdə əsas heyətdə yetərincə şans əldə edə bilməsə də, Xabi Alonso və Alvaro Arbeloanın prioritet yarımmüdafiəçilərindən birinə çevrilib.
Telegram kanalımız