Martın 13-də Yeni Yasamal – 1 ev 7 və ev 8 ünvanında yerləşən abad həyətdə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı şənliyi keçirilib.
"Unikal" xəbər verir ki, sakinləri təbrik etmək üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abad həyətə gələrək, onlarla bilavasitə bayramlaşıb.
Bayram şənliyində tamaşaçılara incəsənət ustalarının şən və nəğməli konsert proqramı təqdim olunub. Nağıl qəhrəmanları personajlarını xüsusilə uşaq və yeniyetmələr böyük maraqla qarşılayıblar.Bayram konsertində iştirakçıların təşkil etdiyi rəqslər isə tədbirin cazibədarlığını və rayon sakinlərinin tədbirə olan marağını daha da artırıb.
Şənlikdə sakinlər üçün bayram süfrəsi açılıb və burada samovar çayı, plov, qutablar və müxtəlif milli şirniyytlar təqdim edilib.Bayram şənliyində həmçinin pəhləvanlar, kəndirbaz, alov-şou ustası, qılıncoynadan idmançılar və digər əyləncə ustaları öz məharətlərini nümayiş etdiriblər. Abad məhlədə həmçinin uşaq və yeniyetmələrin əl işləri də nümayiş etdirilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayram şənliyini yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və sakinlərlə birgə rəqs ediblər.Şənliyin təşkil edildiyi abad məhəllə isə bayramsayağı bəzədilib, burada Vətən müharibəsi qazisi Şamxal Ağayev tərəfindən Novruz tonqalı alovlandırılıb və əsl bayram ab-havası yaradılıb.
Yasamal rayon sakinləri ölkədə vətəndaşlar üçün yaradılan bütün bu şəraitə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdilər.