Xəbər verdiyimiz kimi fevralın 28-dən etibarən ABŞ və İsrail İranın hərbi, o cümlədən nüvə obyektlərinə raket zərbələri endirir. Artıq ABŞ və İsrailin zərbələri nəticəsində İsfahan əyalətindəki nüvə obyektinə ciddi ziyan dəyib. Və indiyə qədər radiasiya çirklənməsi barədə heç bir informasiya verilməyib. Lakin münaqişə davam etdikcə bu təhlükə qalmaqdadır.
Məhz bu
problemi nəzərə alaraq Azərbaycan Nazirlər Kabineti nüvə və digər kütləvi
qırğın silahlarının tətbiqi ehtimalı ilə bağlı mühüm sənəd təsdiqləyib.
Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu və
hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir.
Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün
təhlükə zamanı profilaktik addımların atılması və vətəndaşların vaxtında xəbərdar
edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə
imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır.
Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi
risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm
də təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu
qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı və
insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.
Məsələ ilə bağlı News365.az-a danışan Millət vəkili Aydın Mirzəzadə deyib ki, ötən ilin 15 oktyabrında cənab Prezident nüvə və kütləvi qırğın silahlarının mümkün tətbiqi ilə bağlı profilaktik tədbirlər haqqında tədbirlər planını təsdiq etdi:
“Plan ölkədən kənarda və ölkəyə qarşı baş verə biləcək kütləvi qırğın silahlarının nəticəsinin qarşısını alınması ilə bağlı tədbirləri nəzərdə tuturdu. Bu olduqca aktual olan bir məsələ ilə bağlı geniş tədbirlər planıdır. Burada dövlət orqanlarının hazırlığı, eləcə də xarici ölkələrin bu sahədəki təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, bu ilin 6 mart tarixində Nazirlər Kabineti bu tədbirlər planından irəli gələn vəzifələrin icrası məqsədi ilə sənəd imzalayıb. Sənəd əhalinin bu sahədə maarifləndirilməsinə həsr edilib. Bu sənədi qəbul etməkdə məqsəd son dövrlərdə Azərbaycan sərhədi yaxınlığında baş verən hadisələrin ölkəmizə mümkün təsirlərinin qarşısını almaqdır.Düzdür, burada əsas vəzifə və yük dövlət orqanlarının üzərinə düşür.Və bu istiqamətdə dövlət maksimum dərəcədə nə mümkündürsə edir. Həm ordu, həm də mülki müdafiə sistemləri bu məsələyə hər zaman hazırdır. Çünki söhbət ölkənin suverenliyini qorunmasından, eləcə də baş verə biləcək hadisə nəticəsində əhali arasında itkilərin olmamasından gedir”.
Belə vəziyyətdə əhalinin maarifləndirilməsi məsələsi də önə çıxır.
Müsahibimiz qeyd edib ki, əgər hadisə qəflətən baş verərsə, təbii ki, dövlət orqanları öz üzərlərinə düşən vəzifələri icra edəcək:
“Amma əhalinin müəyyən bir qismində çaşqınlıq ola bilər.Ona görə də bu məsələdə əhalinin maarifləndirilməsi çox vacibdir. Qəbul olunan sənəddə əhalinin hansı yolla maarifləndirilməsi əsas yer tutur. Bu telekanallar, saytlar və xüsusi səsucaldıcə qurğular vasitəsi ilə həyata keçirilir.Eyni zamanda, belə vəziyyətdə əhalinin dövlət orqanlarının tövsiyyələrinə uyğun hərəkət etməsi məsləhət bilinir.
Məlumdur ki,ən böyük itki bir qayda olaraq çaşqınlıq nəticəsində baş verir. Belə vəziyyət nəinki problemi həll etməyə, hətta problemi dərinləşdirməyə xidmət edir.Ona görə də əhalinin dövlət orqanlarının tapşırıqlarına və marşurutlara uyğun hərəkət etməsi vacibdir. Qəbul edilmiş sənəd məhz bu problemlərin həllinə və əhalinin fövqəladə vəziyyətə hazırlanmasına xidmət edir. Bu o demək deyil ki, Azərbaycan hansısa real təhlükə ilə üzbəüzdür. Amma istənilən təhlükəyə hər bir dövlət, hər bir cəmiyyət və hətta hər birimiz hazır olmalıyıq. Ona görə də belə bir qaydaların qəbulu onu göstərdi ki, dövlətimiz hər bir vətəndaşın təhlükəsizliyini özü üçün əsas məsələ hesab edir”.
News365.az