JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan son illərdə enerji sektorunun şaxələndirilməsi istiqamətində mühüm addımlar atır və bu sahədə böyük potensiala malikdir. Xüsusilə külək, günəş və su elektrik enerjisi üzrə layihələrin həyata keçirilməsi ölkənin enerji strategiyasında mühüm yer tutur. Ölkəmiz bu istiqamətdə geniş investisiyalar həyata keçirir.

Külək, Günəş və hidroenerji layihələrinə böyük həcmdə sərmayələr yatırılır və yaxın illərdə bu sahədə ciddi nəticələrin əldə olunması gözlənilir. Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev enerji sahəsində əməkdaşlığın digər mühüm istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu bildirdi. Dövlət başçısının sözlərinə görə, planlara əsasən, qarşıdakı beş və ya altı il ərzində Azərbaycan ixraca hazır olan 6–8 giqavat həcmində bərpaolunan enerji potensialına malik olacaqdır. Cənab Prezident çıxışında bu potensialın reallaşdırılması üçün hazırda Avropalı tərəfdaşlarla sıx əməkdaşlıq edildiyini vurğuladı.

Qeyd edək ki, hazırda müxtəlif enerji layihələri çərçivəsində ötürülmə xətlərinin qurulması, dəniz dibi kabellərinin çəkilməsi və enerji infrastrukturunun digər vacib komponentlərinin yaradılması istiqamətində birgə işlər aparılır. Bu layihələr gələcəkdə Azərbaycanın bərpaolunan enerji resurslarının Avropa bazarına çıxarılmasına imkan yaradacaq. Azərbaycanın təbii-coğrafi şəraiti də bərpaolunan enerji mənbələrinin inkişafı üçün əlverişli imkanlar yaradır. Belə ki, ölkəmizdə ildə 300-dən çox günəşli gün müşahidə olunur və bu göstərici günəş enerjisi layihələrinin həyata keçirilməsi üçün çox böyük potensial yaradır.

Eyni zamanda, küləkli günlərin çoxluğu da külək enerjisi layihələrinin genişləndirilməsi baxımından mühüm üstünlük hesab olunur. Bu imkanlar Azərbaycanın bərpaolunan enerji istehsalını genişləndirməsinə və gələcəkdə bu enerjini ixrac edən ölkələrdən birinə çevrilməsinə şərait yaradır. Bununla yanaşı, Avropa bazarına çıxış əldə etmək üçün müxtəlif ölkələrlə əməkdaşlıq və tranzit razılaşmalarının həyata keçirilməsi də vacib amillərdən biridir.

Gülər Mirzəyeva;
Neftçala rayonu

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX