Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərahim Mustafayev (72 kq) gözlənilməz səhvə görə 1/4 finalda rusiyalı rəqibinə böyük hesabla məğlub olub.
İdmançı bunu "Report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında deyib.
O, 72 kq çəki dərəcəsində ilk beynəlxalq yarışını keçirdiyini söyləyib:
"Avropa çempionatı həqiqətən yüksək səviyyədə keçdi. 72 kq çəki dərəcəsində ilk beynəlxalq yarışım idi. Buna baxmayaraq, medal qazandım. 1/4 finalda rusiyalı güləşçini məğlub edə bilərdim. Amma gözlənilməz səhv səbəbindən böyük xal fərqi ilə uduzdum".
F.Mustafayev dünya çempionu olmağı hədəfləyib:
"Növbəti hədəfim dünya çempionatıdır. Bu yarışa qədər hələ vaxtım var. Səhvlərimi düzəldib, qızıl medal qazanmağı qarşıma məqsəd qoymuşam".
Qeyd edək ki, F.Mustafayev bürünc medal uğrunda görüşdə rumıniyalı Leonard Petru İuraşkunu 5:4 hesabı ilə üstələyib.