RU

Abdullah Çatlının həyat hekayəsi film oldu – nümayiş TARİXİ açıqlandı

Türkiyədə Abdullah Çatlının həyatından bəhs edən “Çatlı” filmi Taşyapı tədbir sahəsində təşkil olunan iftar proqramı çərçivəsində tamaşaçılara təqdim edilib.

NOCOMMENT.az xəbər verir ki, təqdimat mərasimində filmin aktyor heyəti, çəkiliş komandası və Abdullah Çatlının ailə üzvləri iştirak edib.

“Safe Media” tərəfindən istehsal olunan ekran işinin yaradıcı rejissoru və layihə rəhbəri Onur Tan, layihə məsləhətçisi isə Ömer Faruk Sorakdır. Filmin ssenarisi Onur Tan və Nevzat Erkul tərəfindən qələmə alınıb. Layihənin rejissoru Deniz Enyüksekdir.

Film əsasən Abdullah Çatlının 1980-ci il hərbi çevrilişindən sonra ölkədən getməsi və Avropada keçirdiyi illərdən bəhs edir.

Ekran işində Vedat İnceefe, Şiva Behruzfar, Eren Vurdem, Ömer Kurt, Engin Benli, Erdal Küçükkömürcü, Turgay Tanülkü və Nizam Namidar kimi aktyorlar rol alıblar.

Filmdə Abdullah Çatlı obrazını canlandıran keçmiş milli futbolçu və məşqçi Vedat İnceefe çəkiliş prosesinin olduqca çətin keçdiyini bildirib. O qeyd edib ki, layihə onun ilk kino təcrübəsi olsa da, komandanın dəstəyi sayəsində bu çətinliklərin öhdəsindən gəlib.

İnceefe əlavə edib ki, çəkilişlər əvvəlcə İstanbulda başlayıb, daha sonra Budapeştdə 20 gün davam edib. Onun sözlərinə görə, layihəyə başlamazdan əvvəl Çatlının ailəsi ilə görüş keçirilib və onların razılığı alınıb.

Filmdə Meral Çatlı obrazını canlandıran aktrisa Şiva Behruzfar isə bildirib ki, real və hazırda yaşayan bir insanın obrazını canlandırmaq olduqca məsuliyyətli və çətin prosesdir.

Rejissor Deniz Enyüksek isə qeyd edib ki, film Abdullah Çatlının həyatında ASALA terror təşkilatına qarşı mübarizə dövrünü də əhatə edir. Onun sözlərinə görə, ekran işində yalnız aksiyaya deyil, həm də Çatlının ailə həyatı və şəxsi münasibətlərinə diqqət yetirilib.

Qeyd edək ki, “Çatlı” filminin 20 mart tarixində kinoteatrlarda nümayişə çıxacağı bildirilib.

NOCOMMENT.az

“ÇATLI”

Избранный
11
nocomment.az

1Источники