RU

Təhsil İnstitutunun baş mütəxəssisi: Ən çox irad bu fənlə bağlıydı, yeni dərsliklər hazırlanır - MÜSAHİBƏ

BAKI, 16 mart. TELEQRAF

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin baş mütəxəssisi Gülnar Aşurova institutun dərsliklərin hazırlanması, ictimai müzakirədə olan dərsliklər və dərsliklərə ediləcək dəyişikliklərlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

- Son illər dərsliklərin yenilənməsi ilə bağlı cəmiyyətdə çoxlu suallar var. İstərdik prosesin əvvəlindən başlayaq. Dərsliklərin hazırlanması hansı mərhələlərdən ibarətdir?

- Təsdiqlənmiş kurikulum əsasında konkret fənn üzrə yeni dərsliklərin hazırlanması barədə qərar verildikdən sonra Təhsil İnstitutunun rəsmi onlayn platformalarında müəllif seçimi ilə bağlı elanlar paylaşılır. Müraciət edən namizədlər arasında daxili üçmərhələli müsabiqə keçirilir. Eyni zamanda xarici tədris proqramları tətbiq olunan bir neçə məktəbdə görüşlər keçirilir, onların təcrübələri öyrənilir və bu məktəblərdə çalışan azərbaycanlı müəllimlər müsabiqəyə dəvət olunur.

Konkret fənnin tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilir, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilir. Nəticə olaraq, yaradılan yeni dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilərək vahid forma müəyyənləşdirilir.

- Bu prosesdə müəllif, müəllim və ekspert əməkdaşlığı necə təşkil olunur və nəticəyə necə təsir göstərir?

- Hazırlıq prosesi (müəllif seçimi, müvafiq təlimlər və sınaq mərhələsi) başa çatdıqdan sonra dərslik komplekti üzərində işə başlanılır. Bədii tərtibat və illüstrasiyaların hazırlanmasına dərslik nəşri sahəsində təcrübəsi olan peşəkar mütəxəssislər cəlb olunur.

Dərsliyin ilkin versiyası hazırlandıqdan sonra ixtisas redaktoru, dil redaktoru, texniki redaktor və korrektorlar tərəfindən müvafiq düzəlişlər aparılır. Məktəbdə istifadə üçün uyğun hesab edildikdən sonra dərslik mətbəəyə göndərilir, tələb olunan sayda çap olunur və sınaq məqsədilə məktəblərə paylanılır.

Tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi tədris materiallarının keyfiyyətini artırmaq baxımından mühüm mərhələdir. Dünyanın aparıcı təhsil sistemlərində bu mərhələ xüsusi əhəmiyyət kəsb edir. Hazırda dərsliklər respublikanın 300-ə yaxın məktəbində ilkin sınaqdan keçirilir. Pilot layihədə iştirak edən siniflər ölkənin müxtəlif şəhər, rayon və kəndlərini əhatə edir.

Müəllif komandası ilə pilot sinif müəllimləri arasında əlaqənin qurulması, görüşlərin təşkili, müəllimlərin irad və təkliflərinə əlçatanlığı təmin etmək məqsədilə sosial şəbəkələrdə xüsusi qruplar yaradılıb və bu qruplar tədris ili ərzində fəaliyyət göstərir. Eyni zamanda dərslik komplekti və ondan istifadənin qiymətləndirilməsi məqsədilə tədris ilinin əvvəlində və sonunda yerlərdə monitorinqlər həyata keçirilir. Dərsliklərin sınaq müddətində müəllim qeydləri, monitorinqin nəticələri ilə yanaşı, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, o cümlədən aidiyyəti dövlət qurumıarından daxil olan rəylər də müzakirə olunur. Bunun əsasında məzmun təkmilləşdirilir və dərslik komplektləri kütləvi istifadəyə təqdim edilir.

- Dərslik hazırlanmasına nə qədər vaxt ayrılır?

- Dərslik hazırlığı bir neçə mərhələdən ibarətdir. Hər mərhələnin öz vaxt çərçivəsi var. Müəlliflərin cəlb olunması, elan və müsabiqələr, sınaq tapşırıqlarının qiymətləndirilməsi təxminən 2-3 ay çəkir. Yeni dərslik konsepsiyasının hazırlanması üçün mövcud dərslik və kurikulumların təhlili və araşdırma işləri təxminən 1,5 ay davam edir. Ən uzun mərhələ isə dərslik komplektinin məzmununun hazırlanması, müzakirəsi və sınaq prosesidir ki, bu da təxminən 8-10 ay müddətində icra olunur. Ümumilikdə, bütün bu mərhələləri nəzərə aldıqda bir fənn üzrə dərslik hazırlığı 9-12 ay davam edə bilər.

- Son illərdə hansı fənlər üzrə dərsliklər yenilənib?

- 2018-2026-cı illərdə yeni hazırlanan dərsliklərə “Riyaziyyat” 1-7-ci siniflər, “Azərbaycan dili” (tədris dili) 1-7-ci siniflər, “Azərbaycan dili” (dövlət dili) 1-7-ci siniflər, “Həyat bilgisi” 1-4-cü siniflər, “Təbiət” 5 və 6-cı siniflər, “Coğrafiya” 6, 7 və 8-ci siniflər, “Kimya”, “Fizika” və “Biologiya” fənlərindən 7, 8 və 9-cu siniflər üzrə dərslik komplektləri daxildir. Eyni zamanda, “İngilis dili” 1-7-ci siniflər üçün dərsliklər yenilənmişdir. Hazırda yuxarıda qeyd olunan dərsliklərin bir hissəsi sınaq prosesindədir.

- Hansı fənn kitablarının sınaqdan keçirilməsi nəzərdə tutulur?

- 2025-2026-cı tədris ilində “Azərbaycan dili” (tədris dili) 7 və 8-ci siniflər, “Azərbaycan dili” (dövlət dili) 7-ci sinif, “Riyaziyyat” 7 və 8-ci siniflər, “İngilis dili” 7-ci sinif, “Coğrafiya” 8 və 9-cu siniflər, “Həyat bilgisi” 4-cü sinif, “Biologiya”, “Fizika”, eləcə də “Kimya” fənni üzrə 9-cu sinif dərslikləri sınaqdan keçiriləcək.

- Yenilənən dərsliklərdə əsas dəyişikliklər nədən ibarət olub?

- Dərsliklərin yenilənməsi prosesində məzmunla bağlı əsas dəyişikliklər təkmilləşdirilmiş və təsdiqlənmiş kurikulumlar əsasında həyata keçirilir. Məzmunda aparılan təkmilləşdirmələr birbaşa ölkənin əsas məzmun standartlarına, yəni tədris kurikulumlarına uyğunlaşdırılır və bu, hər fənn üçün spesifik xarakter daşıyır. Müasir informasiya cəmiyyətində məktəb və təhsilin fəlsəfəsi dəyişir.

Son vaxtlar hər yaş mərhələsi üçün uyğun bilik və bacarıqların həcmi, eləcə də onların öyrənilmə ardıcıllığı daha ətraflı araşdırılır. Aparılan tədqiqatların nəticələri əsasında tədris prosesində yeni yanaşmaların tətbiqi xüsusi diqqət mərkəzindədir. Bu proseslər Azərbaycandan da yan keçə bilməz.

Beynəlxalq tədris modelləri, məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil üzrə proqramlar araşdırılıb, beynəlxalq qiymətləndirmə çərçivə sənədləri öyrənilib. Dünyanın nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri əldə edilərək təhlil olunur, bu dərsliklərdə tətbiq edilən müasir təlim texnologiyaları araşdırılır və əldə olunan təcrübələr yeni nəsil dərsliklərin hazırlanmasında nəzərə alınır.

- Bəzi dərsliklər hazırda ictimai müzakirədədir. Bu prosesə ictimaiyyətin marağı hansı səviyyədədir?

- Bu məsələyə ictimaiyyətin marağını müxtəlif platformalardakı aktivliyə görə dəyərləndirmək lazım gəlir. Təəssüf ki, nazirliyin yaratdığı rəsmi onlayn platformada aktivlik aşağıdır. Bir daha xatırlatmaq istərdik ki, dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir. Maraqlı tərəflər sayt vasitəsilə müzakirəyə çıxarılmış dərslik komplektlərinin məzmunu ilə tanış ola, xüsusi bölmədə rəy və təkliflərini bildirə bilərlər. Ayrıca [email protected] elektron poçt ünvanına gələn rəyləri də dəyərləndiririk. Biz alimləri, təhsil işçilərini, valideynləri, pedaqoji ictimaiyyəti və uyğun təhsil müəssisələrini, ictimai birlikləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərsliklərlə bağlı rəy və təkliflərini bildirməyə dəvət edirik. Müxtəlif sosial şəbəkələrdəki aktiv müzakirələri daha faydalı məcraya yönəltmək və doğru nəticələr əldə etmək üçün bütün təklifləri dinləməyə hazırıq.

- Amma dərsliklər sosial şəbəkələrdəki müxtəlif qruplarda çox geniş müzakirə olunur.

- Bəli, biz də sosial şəbəkələrin müxtəlif təhsil qruplarında qızğın müzakirələrin aparıldığını müşahidə edirik. Amma ictimai müzakirələrin rəsmi platformalarda aparılmasının tərəfdarıyıq. Çünki burada rəsmi və əsaslandırılmış cavab verilir, müəlliflər və komanda ilə birbaşa əlaqə imkanı mövcuddur. Rəsmi onlayn platformalarımıza daxil olan bütün müraciətlər qruplaşdırılaraq müəlliflərə göndərilir və hər birinə mütləq cavab verilir. Müzakirələrin sosial şəbəkələrdən daha çox rəsmi platformalarda olmasını arzulayırıq.

Bununla belə, sosial mediada çoxlu müzakirələrə səbəb olan məsələlər daim bizim diqqətimizdə olur. Əməkdaşlarımız onları qruplaşdırıb müəllif komandasına təqdim edirlər. İradlar və təkliflər müəlliflərə də maraqlıdır. Çünki dərsliklər məktəblərə çatdırılana qədər onların maksimum təkmilləşdirilməsi tədris prosesinin keyfiyyətinə birbaşa təsir edir və dərsliklərin daha keyfiyyətli olması bizim üçün ən vacib məsələdir.

Dərsliklərin sınağı bir il müddətində təsadüfən seçilmiş məktəblərdə həyata keçirilir. Bu məktəblər ölkəmizin bütün regionlarını əhatə edir. Həmin dövrdə əməkdaşlarımız fənni tədris edən müəllimlərlə görüşür, tədris prosesi zamanı qarşılaşdıqları problemləri, irad və təklifləri toplayırlar. Sonra bu məlumatlar təhlil edilir və dərsliklərdə müvafiq təkmilləşdirmə işləri həyata keçirilir. Həmçinin, dərsliklərin ilk səhifəsində poçt ünvanı göstərilib. Oradan da gələn irad və təkliflərə baxılır.

- Növbəti tədris ili üçün dərsliklərin ictimai müzakirəsi nə vaxt yekunlaşacaq?

- 2026-2027-ci tədris ili üçün dərsliklərin ictimai müzakirəsinin cari tədris ilinin sonuna kimi tamamlanması nəzərdə tutulur. Bu müddətdə daxil olan bütün təkliflər toplanaraq müəllif komandasına göndəriləcək. Təkmilləşdirilmiş dərsliklərin sentyabr ayında məktəblərə çatdırılması planlaşdırılır. Həmin mərhələyədək daxil olan bütün irad və təkliflərə baxılır. Təkliflərin qəbul edilib-edilməməsi müəyyən meyarlar əsasında dəyərləndirilir. Təklifin əsaslandırılması, həmçinin kurikuluma və fənnin məzmununa, dərsliyin strukturuna uyğunluğu nəzərə alınır. Bəzən irad sadə görünə bilər, lakin onun şagirdlərə mümkün təsiri ayrıca müzakirə olunur və bundan sonra qərar verilir.

- Əsasən hansı fənn üzrə daha çox təklif daxil olur?

- “Azərbaycan dili” dərsliyi yeni təhvil veriləndə, təxminən dörd-beş il əvvəl, kütləvi istifadəyə başlanılan zaman kifayət qədər irad və təkliflər daxil olurdu. Hazırda bu istiqamətdə müəyyən sabitlik müşahidə olunur. Çünki müəllimlər üçün dərsliyin istiqamətləndirici əsas sənədi metodik vəsaitdir. Dərsliyin konsepsiyası və bütün başqa məlumatları müəllimlər üçün nəzərdə tutulmuş metodik vəsaitdən əldə etmək mümkündür. Müəllimlər həmin vəsaitlə yaxından tanış olduqları üçün iradların sayı da azalıb.

“Təbiət” dərsliyi yeni hazırlanarkən də böyük müzakirələrə səbəb olmuşdu. Səsləndirilən qeydlərin bir çoxu nəzərə alınıb. Hazırda “Təbiət” dərsliklərinin təkmilləşdirilməsi prosesi davam edir. Düşünürük ki, daxil olan təklif və iradlar bu mərhələdə öz əksini tapacaq.

Hər bir fənn üzrə daxil olan qeydlər və ekspert rəyləri bu fənnin xüsusiyyətlərinə görə fərqlənir. Adətən müəllimlərdən daxil olan rəylərdə materialın həcmi və ya məzmunun sadə və mürəkkəb olması ilə bağlı qeydlər üstünlük təşkil edir. Ekspert rəyləri isə daha çox məzmun, fənn kurikulumu və standartlara əsaslanır. Tədris vəsaitləri ilə bağlı təkliflər məzmunun təkmilləşdirilməsi mərhələsində xüsusi diqqət və həssaslıqla qiymətləndirilir. Müəlliflər tərəfindən ciddi təhlil edilir və yalnız məzmuna, fənnin tədrisi prinsiplərinə və standartlara uyğun olan təkliflərin nəzərə alınmasına xüsusi diqqət yetirilir.

- Gülnar xanım, Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul və buraxılış imtahanı suallarının məktəbdə tədris olunan mövzularla tam uyğun olmadığı barədə fikirlər səsləndirilir. Bu istiqamətdə DİM-lə müzakirələr aparılırmı?

- Dərsliklərin hazırlanması prosesində Dövlət İmtahan Mərkəzi ilə mövcud əməkdaşlıq çərçivəsində müvafiq məsləhətləşmələr aparılır. ARTİ bu təşkilatla əməkdaşlıq etməkdə maraqlıdır. Çünki məzmun bizim tərəfimizdən verilsə də ilin sonunda şagirdlərin qiymətləndirilməsi DİM tərəfindən aparılır. Bu səbəbdən dərsliklə imtahan sualları arasında fərq yoxdur və DİM də dərslik və standartlarla işləməkdə maraqlıdır.

- “Tarix” dərsliyi ilə bağlı dəyişiklik gözlənilirmi?

- Hazırda növbəti tədris ilində təqdim ediləcək “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin qiymətləndirilməsi davam edir.

- Məktəblərdə dərs vəsaitinin çox sayda olması barədə etirazlara iş dəftərlərindən istifadənin zərurəti haqqında müzakirələr də əlavə olunub. İş dəftərlərindən istifadə məcburidirmi?

- İş dəftərləri əlavə tədris vəsaiti hesab olunur və məktəblər həmin vəsaitdən istifadə etməyə məcbur deyil. Bu məsələ könüllülük prinsipinə əsaslanır, yəni valideynlərin, müəllimlərin və məktəb rəhbərliyinin qərarından asılıdır. Hər hansı özəl qurum tərəfindən hazırlanan əlavə tədris vəsaitlərinin məzmununun təhsil proqramlarına uyğunluğuna ETN cavabdehlik daşımır. Bizdə mexanizm belədir ki, ARTİ-nin təşkilatçılığı və müəllif komandasının iştirakı ilə əlavə dərs vəsaitləri hazırlanır. Bu vəsaitlər dərsliklə məzmun uyğunluğu əsasında tərtib olunur. Bu iş dəftərlərindən istifadə məcburi xarakter daşımır, amma tövsiyə olunur.

- Böyük Summativ Qiymətləndirmə (BSQ) zamanı istifadə olunan suallar əlavə dərs vəsaitlərindən götürülür və şagirdlərin həmin sualları cavablandıra bilməsi üçün həmin materiallarla tanış olmaları zərurətə çevrilir.

- Təhsil İnstitutu və digər rəsmi təhsil qurumları məktəbdaxili qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak etmir. Böyük və kiçik summativ qiymətləndirmələr məktəbdaxili qiymətləndirmələrdir. Bu qiymətləndirmə üçün sual və tapşırıqlar müəllimlər tərəfindən hazırlanır. Dərsliklərdə və metodik vasitələrdə dəstək məqsədilə ümumiləşdirici tapşırıq nümunələri təqdim olunur. Bu tapşırıqlar müəllimi yönləndirməyə xidmət edir. Lakin bunlar yalnız tövsiyə xarakteri daşıyır və istifadəsi müəllimin öz istəyindən asılıdır. Nazirlik şagirdlərin bilik və bacarıqlarını ölçmək üçün mütəmadi olaraq müvafiq mərkəzləşdirilmiş milli qiymətləndirmələr həyata keçirir.

- Bəzən dərsliklərdəki tapşırıqların başqa ölkələrin dərsliklərindən götürüldüyü irəli sürülür. Bununla bağlı nə deyə bilərsiniz?

- ARTİ tərəfindən hazırlanan yeni nəsil dərsliklər tamamilə orijinaldır, köçürmə, tərcümə yoxdur. Əlbəttə, biz təhsil sistemlərində yüksək nailiyyət əldə etmiş dövlətlərin kurikulumları və dərsliklərini araşdırır, müzakirə edirik. Dərsliklərimiz məzmun standartlarından kənara çıxmır. Bəzi mövzularda yeni anlayışlar əlavə oluna bilər, lakin dediyim kimi, onlar tərcümə və ya köçürmə ilə tərtib olunmur.

- Maraqlıdır, dərsliklər hazırlanarkən müvafiq sahənin alimləri prosesdə iştirak edirlərmi?

- Dərsliklər hazırlanarkən AMEA-nın institutlarına müraciət edib onların rəy və təkliflərini alırıq. Bu təkliflər mütləq müzakirə olunur. Çünki dərsliklərdə məzmun yenilənməsi, yaş qrupuna uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Komandanın əsas işi müəllif heyəti ilə alimlərin və sahə üzrə peşəkarların qeydlərini ümumiləşdirmək, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunlaşdıraraq dərsliyə tətbiq etməkdir. Biz alimlərin rəylərinə böyük önəm veririk.

- Təklif edilir ki, səhvlərin operativ aradan qaldırılması üçün elektron dərsliklərdən istifadə olunsun.

- Biz dərsliklərin hazırlanması prosesində dil və məzmun redaktorları ilə işləyirik. Bununla belə, bəzən çap mərhələsində texniki problemlər yarana bilir. Elektron versiyada səhvləri operativ şəkildə düzəltmək mümkündür. Xüsusilə “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərində hər hansı bir səhv aşkarlandıqda, bunu dərhal aradan qaldırmağa çalışırıq. Lakin çap variantı dörd ildən bir yeniləndiyi üçün dəyişikliklər yalnız növbəti nəşrdə öz əksini tapır. Çap olunmuş kitablarda rast gəlinən səhvlər trims.edu.az saytında qısa müddətdə düzəldilir. Şagirdlər saytdan dərsliklərin PDF versiyasını yükləyə bilirlər. Dil dərslikləri üzrə dinləmə mətnləri səsli formada da yerləşdirilir.

- Dərsliklərdə istifadə olunan şəkillər necə seçilir?

- Bəzən sosial şəbəkələrdə şəkillər paylaşılır və qeyd olunur ki, bizim dərslikdəndir. Lakin araşdırıb görürük ki, həmin şəkillər dərsliklərimizdə yoxdur. Onlar əlavə vəsaitlərdə və ya başqa dərsliklərdə istifadə olunub.

Hər bir illüstrasiya dərslikdə yerləşdirilməzdən əvvəl böyük bir komanda tərəfindən işlənir. Bu komandaya məzmun redaktorları və illüstratorlar daxildir. Hər bir şəkil müzakirə olunur: “Bu şəkli verək, yoxsa verməyək?” sualı nəzərdən keçirilir. Məqsəd mətnin izahını dəstəkləməkdir. Heç bir şəkil təsadüfi seçilmir. Bədii tərtibat üçün xüsusi komandamız var və nazirliyin tərtibat ekspertləri onların işinə rəy verir. Beləliklə, dərsliklərdəki bütün şəkillər diqqətlə seçilir və redaksiya, tərtibat prosesindən sonra yerləşdirilir.

- Dərslikləri tərtib edən müəllif komandasında hazırda nə qədər metodist çalışır? Statistik göstəriciləri bilmək maraqlı olardı.

- Müəllif heyətinin üzvlərinin ən azı 70-80%-ni praktik müəllimlər və ya metodist müəlliflər təşkil edir.

- Müəlliflər necə seçilir? Seçim zamanı hansı göstəricilərə üstünlük verilir?
- Müəlliflərin seçimi çox ciddi meyarlar üzrə aparılır. İxtisas fənni üzrə dərin biliklər, araşdırmaçılıq keyfiyyətləri, yüksək özünütəhsil vərdişləri, xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri, pedaqoji təcrübə, müasir pedaqogika ilə tanışlıq, öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi, müxtəlif sahələrdə geniş elmi dünyagörüşü əsas meyarlarımızdır.

- İndiyə qədər müəllif komandasından xaric edilən metodistlər olubmu?

- Bəli, olub. Düzdür, bu çox nadir hallarda baş verir. Müəllif işi çox gərgin və kifayət qədər əziyyətli bir işdir. Fasiləsiz olaraq, demək olar ki, 5-6 il ərzində gecə-gündüz çalışmaq tələb olunur. İndiyə kimi sağlamlıq imkanları və şəxsi problemlər baxımından uyğunlaşa bilməyən bir neçə müəllif könüllü olaraq layihədən uzaqlaşıblar. Lakin, biz layihədən uzaqlaşmış müəlliflərimizlə də daim əlaqə saxlayır, dərsliklərdə rəyçi və məsləhətçi qismində əməkdaşlıq edirik. Müəlliflər cəmiyyətimizin seçilmiş ziyalılarıdır və layihələrimizdən uzaqlaşmış müəlliflərin dərslik hazırlığında başqa formatda qalıb çalışmaları çox vacibdir.

Избранный
10
teleqraf.com

1Источники