ABŞ-də keçirilən 98-ci “Oskar” mükafatlandırma mərasimi başa çatıb. Akademiya Mükafatları bu il əsasən qeyri-ənənəvi süjet xəttinə malik filmlərin uğuru ilə yadda qalıb.Metbuat.az xəbər verir ki, gecənin ən böyük qalibi isə “One Battle After Another” olub. Film ümumilikdə 6 Oskar qazanaraq həm “Ən yaxşı film”, həm də bir sıra əsas nominasiyalarda zirvəyə yüksəlib. Mərasimdə diqqət çəkən əsas məqamlardan biri də bu il klassik Hollivud xəttindən kənara çıxan, daha eksperimental və fərqli hekayələrin ön plana çıxması olub. Siyasi müqavimət, sosial gərginlik, fövqəltəbii elementlər və psixoloji dərinlik üzərində qurulan ekran işləri Akademiyanın seçimində üstünlük qazanıb. “One Battle After Another” yalnız “Ən yaxşı film” mükafatı ilə kifayətlənməyib. Filmin rejissoru Pol Tomas Anderson “Ən yaxşı rejissor” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyalarında da qalib olub. Bu nəticə Anderson üçün xüsusilə əlamətdar sayılır. Belə ki, o, indiyədək Oskar tarixində bir neçə dəfə namizəd göstərilsə də, heç vaxt qalib ola bilməmişdi. Bu il isə rejissor həm şəxsi karyerasında dönüş nöqtəsi yaşayıb, həm də gecənin əsas simalarından birinə çevrilib. Filmdə baş rolu canlandıran Leonardo DiKaprio mükafata namizəd olsa da, “Ən yaxşı aktyor” nominasiyasında qalibiyyət “Sinners” filmi ilə Maykl B. Cordana qismət olub. O, filmdə iki əkiz qardaş obrazını canlandıraraq həm aktyor oyunu, həm də obrazların fərqli təqdimatı ilə Akademiyanın diqqətini çəkib. Jordan çıxışında bu uğurun yalnız şəxsi nailiyyəti olmadığını vurğulayaraq, özündən əvvəl bu yolda iz açmış qaradərili sənətçilərə minnətdarlığını ifadə edib. Aktrisa nominasiyasında isə “Hamnet” filmi ilə Cessi Bakli “Ən yaxşı aktrisa” seçilib. Bu qalibiyyət filmə əlavə nüfuz qazandırsa da, ümumi mükafat sayına görə “Hamnet” gecənin liderləri sırasına çıxa bilməyib. İkinci plan rolları üzrə mükafatlar da maraqla qarşılanıb. Şon Penn “One Battle After Another” filmindəki performansına görə “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında qalib olub. Bununla o, karyerasında növbəti Oskarı qazanmış olub. Lakin aktyor mərasimdə iştirak etməyib və mükafat onun adından təqdimatçılar tərəfindən qəbul olunub. “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasında isə “Weapons” filmi ilə Emi Madiqan qalib gəlib. Gecənin digər önəmli filmlərindən biri olan “Sinners” ümumilikdə 4 Oskar qazanıb. Film mərasimə ən çox nominasiya ilə qatılan layihələrdən biri kimi xüsusi diqqət çəkirdi. “Sinners” yalnız aktyor nominasiyasında deyil, həm də “Ən yaxşı orijinal ssenari” kateqoriyasında uğur qazanıb. Filmin ssenari müəllifi və rejissoru Ryan Kuqler bu mükafatla Akademiya tərəfindən yüksək qiymətləndirilib. Tarixi, mədəni və mistik elementləri birləşdirən bu ekran işi Oskar gecəsinin ən çox danışılan layihələrindən biri olub. “Frankenstein” filmi isə gecəni 3 mükafatla başa vurub. Bu da göstərir ki, klassik ədəbiyyat və gotik motivlərə yeni baxış gətirən ekran əsərləri də Akademiyanın diqqətindən kənarda qalmayıb. Animasiya kateqoriyasında isə “KPop Demon Hunters” “Ən yaxşı tammetrajlı animasiya filmi” seçilib. Müasir pop-mədəniyyət elementlərini fantastika ilə birləşdirən bu layihənin qalib olması Akademiyanın daha geniş auditoriyaya xitab edən janrlara da açıq olduğunu göstərib.