
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Ötən həftə keçirilən XIII Qlobal Bakı Forumu kontekstində Prezident İlham Əliyevin siyasi-strateji əhəmiyyətli çıxışı yeni geosiyasi reallığın siyasi və strateji konturlarını aydın şəkildə ortaya qoyur.
Qloballaşan dünyada müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Geosiyasi rəqabətin güclənməsi, regional münaqişələrin artması, enerji və nəqliyyat marşrutlarının yenidən formalaşması dövlətlərin təhlükəsizlik strategiyalarına ciddi təsir göstərir. Məhz belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sisteminə dair mühüm siyasi və strateji təkliflər irəli sürdü.
Prezidentin çıxışı yalnız regional proseslərin təhlili deyil, eyni zamanda yeni qlobal təhlükəsizlik arxitekturasının formalaşması baxımından Azərbaycan təcrübəsinin təqdimatı kimi də mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, hazırkı beynəlxalq şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir dövlətin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki təhlükəsizlik təmin edilmədən sosial-iqtisadi inkişaf, regional əməkdaşlıq və beynəlxalq inteqrasiya kimi proseslərin dayanıqlılığı mümkün deyil.
Son illərdə müxtəlif regionlarda yeni münaqişə ocaqlarının yaranması və mövcud qarşıdurmaların dərinləşməsi beynəlxalq hüququn və qlobal təhlükəsizlik sisteminin səmərəliliyi ilə bağlı ciddi suallar doğurur. Bu kontekstdə dövlətlərin öz təhlükəsizlik strategiyalarını daha real və praqmatik yanaşmalar əsasında qurması zərurətə çevrilir.
Azərbaycanın dövlət siyasətində təhlükəsizlik amilinin prioritet olması da məhz bu geosiyasi reallıqlarla bağlıdır.
Ölkə rəhbəri çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb siyasi və hərbi proseslərə xüsusi diqqət yetirdi. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizinin işğal altında qalması, bir milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşməsi və beynəlxalq təşkilatların qərarlarının icra olunmaması regionda ciddi humanitar və siyasi problemlər yaratmışdı.
Buna baxmayaraq Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz suverenliyini bərpa etməyə nail oldu. Bu prosesin kulminasiya nöqtəsi isə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi və regional siyasi reallıqlar köklü şəkildə dəyişdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu proses BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirildi.
Azərbaycanın təcrübəsinin əsas xüsusiyyətlərindən biri hərbi və siyasi vasitələrin düzgün balanslaşdırılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əvvəlcə hərbi yolla ərazi bütövlüyünü bərpa etmiş, daha sonra isə siyasi danışıqlar vasitəsilə regionda davamlı sülhün təmin olunmasına nail olmuşdur.
Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində nadir nümunələrdən biri hesab edilir. Çünki bir çox münaqişələrdə ya hərbi qələbə siyasi həllə gətirib çıxarmır, ya da diplomatik proseslər nəticəsiz qalır.
Azərbaycan isə hər iki mərhələni ardıcıl və strateji şəkildə həyata keçirərək regionda yeni siyasi reallıq formalaşdırmışdır.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri Azərbaycan və Ermənistan arasında sülh prosesinin dinamikası ilə bağlı idi. Dövlət başçısı qeyd etdi ki, 2023-cü ilin sentyabrında baş vermiş son gərginlikdən sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması region üçün mühüm dönüş nöqtəsi oldu.
Bu fakt onu göstərir ki, uzun illər davam edən münaqişələrin belə qısa müddətdə siyasi həllini tapması mümkündür. Bu isə yalnız güclü siyasi iradə və real siyasi qərarlar sayəsində mümkün olur.
Azərbaycanın sülh siyasətinin praktik nəticələri artıq görünməkdədir: sərhəddə sabitlik bərqərar olub, hərbi insidentlər baş vermir və tərəflər arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır.
Vasitəçilik institutlarının səmərəliliyi məsələsinə toxunan Prezident İlham Əliyevin çıxışında beynəlxalq vasitəçilik institutlarının fəaliyyəti də tənqidi şəkildə qiymətləndirildi. Xüsusilə ATƏT Minsk qrupunun uzun illər ərzində münaqişənin həlli istiqamətində real nəticə əldə edə bilməməsi diqqətə çatdırıldı.
Azərbaycanın qərarı ilə sülh danışıqlarının ikitərəfli formatda aparılması isə prosesin sürətlənməsinə və konkret nəticələrin əldə olunmasına şərait yaratdı.
Bu təcrübə göstərir ki, bəzi hallarda münaqişələrin həlli üçün tərəflərin birbaşa dialoqu daha effektiv mexanizm ola bilər.
Müasir dövrdə enerji resurslarına çıxış dövlətlərin milli təhlükəsizlik strategiyalarının əsas komponentinə çevrilib. Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi də mühüm mövzulardan biri kimi təqdim olundu.
Azərbaycan bu sahədə etibarlı tərəfdaş kimi çıxış edir və neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə qlobal enerji bazarının mühüm iştirakçılarından biridir.
Ölkənin enerji siyasətində balanslı və məsuliyyətli yanaşma xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm də OPEC+ formatında fəal iştirak edərək enerji bazarında sabitliyin qorunmasına töhfə verir.
Hazırda Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayı 16-ya çatmışdır ki, bu da ölkənin enerji diplomatiyasının uğurlu nəticələrindən biridir.
Prezident İlham Əliyevin çıxışında toxunduğu digər mühüm istiqamət qlobal nəqliyyat və logistika sistemində Azərbaycanın roludur. Son illər ölkədə nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilməsinə səbəb olub.
Bu baxımdan Azərbaycan həm Orta Dəhliz, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əsas iştirakçı dövlətlərdən biridir.
Bu marşrutlar Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin diversifikasiyasına mühüm töhfə verir.
Yeni regional əməkdaşlıq imkanları bütün dövlətlər üçün cəlbedici görünür.
Ermənistanla sülhün əldə olunması bu kontekstdə regionda yeni nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni tranzit marşrutlarının açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin təmin olunmasına imkan verəcək.
Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün iqtisadi və geosiyasi baxımdan yeni perspektivlər açır.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu bir daha nümayiş etdirir.
Azərbaycanın son illərdə əldə etdiyi təcrübə – suverenliyin bərpası, münaqişədən sonra sülhün qurulması, enerji təhlükəsizliyinə töhfə və beynəlxalq nəqliyyat layihələrində fəal iştirak – müasir beynəlxalq münasibətlər sistemində mühüm model kimi qiymətləndirilə bilər.
Bu kontekstdə Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта