RU

Deputat minlərlə insanın problemindən danışdı: “”Sənəd gətir, qaz verilsin” demək asandır”

Sənədsiz evlərə kommunal xidmətlərin göstərilməsi ciddi problem olaraq qalır. 

Xüsusilə qış aylarında bu problem daha da aktuallaşır, çünki qaz təminatı olmayan evlərdə yaşayan insanlar mənzillərini qızdırmaqda çətinlik çəkirlər. 2023-cü ilin oktyabr ayının 1-dən etibarən paytaxt və ətraf ərazilərdə tikilən sənədsiz fərdi evlərin qaz şəbəkəsinə qoşulması tamamilə dayandırılıb.

 Bu qadağa “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərlə əsaslandırılır. Qanuna görə, tikintisinə icazə tələb olunan, lakin icazəsiz inşa edilən və ya tikilməkdə olan obyektlərin qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 

Halbuki əvvəl olduğu kimi, əgər bu evlər qazla təmin olunsaydı, insanlar hər ay abonent haqqı ödəyərək həm özləri faydalanar, həm də ödəniş edə bilərdilər. Bu, həm onların həyatını asanlaşdırar, həm də dövlət büdcəsinə kömək edərdi. İndi isə minlərlə ailə soyuq qış günlərində evlərini isitməkdə çətinlik çəkir, müxtəlif alternativ yollar axtarmağa məcburdur. 

Eyni zamanda, büdcəyə gələ biləcək əlavə vəsait itirilir. Bu vəziyyət həm insanların gündəlik həyatını çətinləşdirir, həm də dövlət resurslarının daha səmərəli istifadəsinə mane olur. Məsələ həllini tapmadığı üçün narazılıq və problemlər davam edir. 

Millət vəkili Razi Nurullayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, burada təkcə hüquqi məsələ deyil, həm də sosial tərəf var: 

“Paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin kommunal xidmətlərdən, xüsusilə qaz təminatından kənarda qalması illərdir davam edən ciddi problemdir. Mən bu məsələni Milli Məclisdə dəfələrlə qaldırmışam. Çünki burada təkcə hüquqi məsələ deyil, həm də sosial tərəf var. 

Söhbət boş torpaq sahələrindən yox, illərdir insanların yaşadığı evlərdən gedir. Bir çox hallarda qaz xətti həmin evlərin yanından keçir, texniki imkan da mövcuddur, amma vətəndaşa deyilir ki, mülkiyyət sənədi təqdim olunmadan qaz verilə bilməz. Halbuki insanlar on illərlə həmin evlərdə yaşayır, ailələri, uşaqları oradadır və onları bu səbəbdən qazsız qoymaq ədalətli yanaşma deyil. 

Digər tərəfdən, bu vəziyyətin yaranmasının səbəbi də təkcə vətəndaşlar deyil. Uzun illər ərzində bəzi ərazilərdə tikintilər nəzarətsiz aparılıb, bəzən də buna müxtəlif səbəblərdən göz yumulub. Bu gün isə həmin problemlərin hamısını qısa müddətdə vətəndaşın üzərinə qoymaq düzgün deyil. 

İnsanlara “sənəd gətir, sonra qaz veriləcək” demək asandır, amma həmin sənədlərin alınması çox vaxt həm uzun çəkir, həm də əlavə xərclər tələb edir. Nəticədə minlərlə ailə faktiki olaraq normal kommunal xidmətlərdən istifadə edə bilmir”. 

Onun sözlərinə görə, bu məsələyə daha real və çevik yanaşmaq lazımdır: 

“Əgər evdə faktiki yaşayış varsa və bunu yerli icra hakimiyyəti və ya bələdiyyə təsdiqləyə bilirsə, həmin evlərə müəyyən şərtlərlə kommunal xidmətlərin – xüsusilə qaz və elektrik enerjisinin verilməsi mümkündür. 

Paralel olaraq isə bu evlərin sənədləşdirilməsi üçün daha sadə və əlçatan mexanizm tətbiq olunmalıdır. Çünki qaz təminatı lüks deyil, insanların normal yaşayışı üçün zəruri ehtiyacdır”. 

Deputat qeyd edib ki, bu məsələnin iqtisadi tərəfi də var: “Əgər həmin evlər qazla təmin olunsa, vətəndaşlar hər ay istifadə etdikləri qazın haqqını ödəyəcəklər. Bu isə xidmət göstərən qurumların büdcəsinə əlavə vəsait deməkdir. 

Yəni məsələ həll olunsa, həm insanların problemi aradan qalxar, həm də dövlət üçün əlavə gəlir formalaşar. Ona görə də hesab edirəm ki, bu sahədə qadağalarla deyil, real vəziyyəti nəzərə alan və sosial tərəfi də düşünən qərarlarla irəliləmək daha doğru olar”. 

Избранный
20
1
cebheinfo.az

2Источники