RU

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir ŞƏRH

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

Bildiyimiz kimi, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazı ilə təmin olunur və ümumilikdə 16 ölkə Azərbaycanın enerji resurslarını idxal edir. Bu göstərici Azərbaycanı boru kəmərləri vasitəsilə geniş coğrafiyaya qaz ixrac edən aparıcı ölkələrdən birinə çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputatın fikrincə, bu prosesdə mühüm rol oynayan layihə - Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində strateji əhəmiyyət kəsb edir.

“Məhz bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və alternativ enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Prezident İlham Əliyevin bəyanatına görə, yaxın iki-üç il ərzində Azərbaycan qaz hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Yeni yataqların istismara verilməsi nəticəsində mövcud həcmlərə əlavə olaraq, minimum 10 milyard kubmetr qazın bazara çıxarılması nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığını yalnız ənənəvi karbohidrogen resursları ilə məhdudlaşdırmaq düzgün deyil. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmizdə paralel olaraq bərpaolunan enerji istiqamətində də böyük layihələr həyata keçirilir”, - deyə M.İbrahimqızı vurğulayıb.

O, həmçinin bildirib ki, Azərbaycan öz təbii resurslarına görə zəngin bərpaolunan enerji mənbələrinə malikdir. Azərbaycan yaxın 5-6 il ərzində Günəş, külək və su elektrik enerjisi üzrə geniş potensialı ilə 6-8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xəzər hövzəsində külək enerjisi, ölkənin cənub və qərb bölgələrində isə Günəş enerjisi layihələri artıq beynəlxalq investorların diqqətini cəlb edir. Bütün bu istiqamətlər gələcəkdə yaşıl enerjinin Avropaya ixracı üçün yeni imkanlar yaradır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
24
1
azertag.az

2Источники