RU

Nahid Hacızadə - qarlı dağlara bənzər sənət adamı



AYB-nin Natəvan klubunda görkəmli ziyalı Nahid Hacızadənin 90 illiyinə həsr olunmuş tədbir keçirildi. Hər (bir) təqdimat, əslində, bir ictimai statusdur. Ümumi qənaət (sadəcə) bu prosesi ümdə məsələ kimi çözür... Biz bu ideoqrafik zəmini 12 mart 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-ssenarist Nahid Hacızadənin 90 illiyinə həsr olunmuş yubiley tədbirində də fəal nəzərlərlə çözə bildik. Bir daha yəqin etdik ki, (hər) ömür anı bir təqdimetmə işi üçün (mütləq) hədəf olmalıdır...

Tanınmış sima, görkəmli ziyalı Nahid Hacızadənin 90 illik yubileyinə həsr olunmuş tədbir Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının birgə təşəbbüsü idi. Və zənn edirik ki, tədbir çox səmimi keçdi, çıxış edənlər qıvraq hislərlə Nahid Hacızadə şəxsiyyətini xarakterizə etdilər...

Tədbiri açmaq - giriş sözü demək üçün dəvət olunan şair, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında dedi ki, hansı sahədə təmsil olunur olsun, insanın ömür qatarı məhz təbliğat cığırından keçir. Nahid Hacızadə də zamanında kifayət qədər təbliğata cəlb edilib, nəsillərin yaddaşında xatirələşib.

Tədbirlə bağlı qısa təfərrüat:

Şair Rəşad Məcid səmimi notlarla rənglənmiş fikirlərini təşnə ürəklərə sövq etdikdən sonra yazıçı-ssenarist Nahid Hacızadənin 90 illiyinə moderatorluq etmək üçün sözü nasir, dramaturq, esseist, fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Firuz Mustafaya verdi. Firuz Mustafa Nahid Hacızadə şəxsiyyəti və yaradıcılığı haqda qısa məlumat verdi, onun yaradıcılıq və şəxsiyyət müstəvisində ləngər vuran insani dəyərlərdən danışdı. Elə bu timsalda da sözü filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifliyə verdi. Vaqif müəllim yaxından tanıdığı Nahid Hacızadəni üç aspektdən iştirakçılara təqdim etdi, hər üç kateqoriyada onun əsl şəxsiyyət olmasını önə çəkdi. Vurğuladı ki, illər, qərinələr, hətta əsrlər keçəcək, Nahid Hacızadə bütün varlığı ilə yaddaşlarda qalacaq, onun bizə bəxş etdiyi ədəbi-publisistik töhfələr yaradıcılıq salnamələrindən silinməyəcək.

Sonra çıxış edən Xalq artisti İlham Namiq Kamal (Əhmədov) Nahid Hacızadə ilə yaxın dostluq münasibətlərindən bəhs etdi, ondan çox şey əxz etdiyini, qayğısı ilə əhatə olunduğunu vurğuladı, onun çörək verən kişi olduğunu diqqətə çatdırdı.

Tənqidçi Əsəd Cahangir Nahid Hacızadə yaradıcılığında həyat və zaman kultları barədə önəmli fikirlər səsləndirdi, ruha təsir edən məqamlara toxundu.

Yazıçı Elçin Hüseynbəyli də eynən bu timsalda fikirlər səsləndirdi, Nahid Hacızadə yaradıcılığında həyatı aytın xətlərlə diqtə edən ictimai nüanslara diqqət çəkdi.

Xalq artisti Əli Nur Nahid Hacızadə ilə bağlı qısa təfərrüatlara vardı, onun həqiqi vətəndaş, diqqətcil və qayğıkeş insan olduğunu dedi.

Filologiya elmləri doktoru Minəxanım Təkləli diqqətləri Nahid Hacızadə yaradıcılığı və şəxsiyyəti üzrə qısa, lakin monumental cizgilərə çəkdi, onun çöhrəsində əsl insan surəti gördüyünü dedi və bu qənaəti bir neçə dəfə aşkar qabartdı.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Nahid Hacızadəni yaxından tanıdığını, onun şəxsiyyətinə və yaradıcılığına dərin hörmət ifadə etdiyini dedi, bundan sonra da ona ehtiram göstərəcəyini ərz etdi.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova sonda Nahid Hacızadə ilə bağlı doğma xatirələrini dilə gətirdi, onunla bir redaksiyada işləməsindən qürur duyduğunu bildirdi, onun hər zaman xatirələrdə yaşayacağını dedi. Vurğuladı ki, Nahid müəllim bir müddət Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru olub, kollektivə əsl atalıq qayğısı göstərib, redaksiyanın formalaşmasında əmək sərf edib.

Digər çıxış edənlər də Nahid Hacızadə haqqında qısa, lakin mənalı xatirələrini iştirakçılarla bölüşdülər.

Ən sonda Nahid Hacızadənin qızı atasının yubiley tədbirinin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.

Qeyd: Nahid Hacızadə Gədəbəy rayonunun saf, təmiz dağ havası udmuş görkəmli şəxsiyyətlərindən biridir. Onun Azərbaycan dramaturgiyası və publisistikasına verdiyi sanballı töhfələr, əslində, gələcək illərin sənət fövqünə taxdığı şərəf ordenidir. Yetişən ədəbi nəsillər, şübhəsiz, onun sənət işığında bərq vuracaq, həyat və yaradıcılıq yollarını aydın görəcəklər...

Hikmət Məlikzadə

Избранный
40
baki-xeber.com

1Источники