RU

Nikahdan boşanmaya qədər, ailə hüququnun incə məqamları - hüquqşünas ilə MÜSAHİBƏ

Nikahdan
Ailə münasibətləri cəmiyyətin ən həssas və eyni zamanda ən çox hüquqi mübahisələrə səbəb olan sahələrindən biridir. Nikahın pozulması, aliment öhdəlikləri, uşağın kimin himayəsində qalması və əmlak bölgüsü kimi məsələlər hər il minlərlə insanın üzləşdiyi hüquqi problemlər sırasındadır.
1news.az-ın əməkdaşı bu mövzularla bağlı ən çox veriən sualları hüquq üzrə ekspert, vəkil Misirə Xəlilzadəyə ünvanlayıb. Ekspert ailə münasibətlərində yaranan mübahisələrin hüquqi çərçivədə necə həll olunduğunu və vətəndaşların hansı hüquqlara malik olduğunu ilə bağlı suallarımızı cavablayıb. Müsahibəni təqdim edirik: - Nikahın pozulması zamanı əmlak necə bölüşdürülür və hansı əmlak ümumi sayılır? - Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Bu o deməkdir ki, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. - Nikahın pozulması zamanı uşağın kimin himayəsində qalması necə müəyyən olunur? - Uşağın kimin himayəsində qalması məsələsində məhkəmələr əsasən uşağın maraqlarını üstün prinsip kimi qəbul edir. Bu zaman uşağın yaşı, psixoloji bağlılığı, yaşayış şəraiti, valideynlərin maddi və sosial imkanları kimi amillər nəzərə alınır. Praktikada uşaqların çox vaxt ananın himayəsində qalması müşahidə olunsa da, qanunvericilik hər iki valideynin hüquqlarını bərabər tanıyır və konkret qərar hər bir iş üzrə ayrıca qiymətləndirilir. - Aliment necə müəyyən edilir və ödənilmədikdə hansı tədbirlər görülür? Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı məbləğində tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, müəyyən edilə bilər. Hal-hazırda sabit pul məbləği 260 manatdır. Əgər aliment ödəyən şəxs bu öhdəliyi yerinə yetirmirsə, məhkəmə qərarı əsasında icra tədbirləri görülə bilər - Nikah müqaviləsi nədir və hansı hallarda bağlanır? - Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. - Valideynlərdən biri uşağı digər valideynə göstərmədikdə hansı hüquqi addımlar atıla bilər? - Valideynlərdən birinin digər valideynin uşaqla ünsiyyət hüququnu əsassız şəkildə məhdudlaşdırması və ya bu hüququn həyata keçirilməsinə mane olması hallarında, hüquqları pozulan tərəf məhkəmə qaydasında müdafiə tədbirləri görmək hüququna malikdir. Bu məqsədlə şəxs məhkəməyə müraciət edərək uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini tələb edə bilər. Məhkəmə işin bütün halları, uşağın maraqları və tərəflərin vəziyyəti nəzərə alınmaqla valideynin uşaqla görüş, ünsiyyət və vaxt keçirmə qaydasını – yəni görüş qrafikini müəyyən edə bilər. Qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra bütün tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olur və onun icrası təmin edilməlidir. Məhkəmə qərarının könüllü şəkildə icra edilmədiyi hallarda isə həmin qərarın icrası müvafiq icra orqanları tərəfindən təmin edilir. Belə hallarda icra məmurları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görülə bilər. - Boşanma zamanı borclar necə bölüşdürülür? - Nikah dövründə ailənin ümumi mənafeləri və məişət ehtiyaclarının təmin edilməsi məqsədilə götürülmüş kreditlər və digər maliyyə öhdəlikləri, bir qayda olaraq, ər-arvadın ümumi öhdəlikləri kimi qiymətləndirilə bilər. Belə hallarda ailə münasibətlərindən irəli gələn mübahisələrə baxan məhkəmə, işin faktiki halları və təqdim olunmuş sübutlar əsasında həmin borcların tərəflər arasında bölüşdürülməsi qaydasını müəyyən edir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilərsə ki, müvafiq borc ailənin ümumi ehtiyacları üçün deyil, tərəflərdən birinin şəxsi maraqları və ya fərdi məqsədləri üçün götürülmüşdür, bu halda həmin öhdəlik ümumi borc kimi qiymətləndirilməyə bilər. Belə vəziyyətdə borcun qaytarılması üzrə məsuliyyət yalnız həmin borcu götürmüş şəxsə aid edilə bilər. Bu məsələlərin həlli zamanı məhkəmə tərəflərin təqdim etdiyi sübutları, borcun götürülmə məqsədini, onun faktiki istifadə istiqamətlərini və ailə mənafeləri ilə əlaqəsini nəzərə alaraq hüquqi qiymət verir. - Nikah rəsmi qeydiyyata alınmadan birlikdə yaşayan şəxslərin hüquqları varmı? - Qanunvericiliyin tələblərinə əsasən, nikah yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvə qazanır və tərəflər arasında ailə hüquq münasibətlərinin yaranmasına səbəb olur. Dövlət qeydiyyatından keçməmiş nikah münasibətləri hüquqi baxımdan nikah kimi tanınmır və belə birlikdə yaşayış forması qanunvericilikdə nəzərdə tutulmuş ailə hüquqi nəticələrini doğurmur. Bu baxımdan, rəsmi nikah bağlanmadan birlikdə yaşayan şəxslər arasında yaranan münasibətlər ailə hüququ münasibətləri kimi qiymətləndirilmir. Nəticə etibarilə, belə hallarda tərəflər arasında meydana çıxan əmlak və digər mübahisələr ailə hüququ normaları əsasında deyil, mülki hüquq normaları çərçivəsində həll edilir. Xüsusilə əmlak məsələləri ilə bağlı mübahisələrə baxılarkən, həmin əmlakın əldə olunma qaydası, tərəflərin ona qoyduğu pay və digər faktiki hallar nəzərə alınaraq mübahisə ümumi mülkiyyət və ya paylı mülkiyyət münasibətlərini tənzimləyən mülki qanunvericiliyin müddəalarına uyğun şəkildə həll olunur. - Nikah pozulduqdan sonra soyadın dəyişdirilməsi mümkündürmü? - Ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Soyadın dəyişdirilməsi şəxsin hüquqlarına və digər ailə üzvlərinin hüquqlarına təsir göstərmir. - Məişət zorakılığı hallarında zərərçəkən şəxs hansı hüquqi müdafiə vasitələrindən istifadə edə bilər? - Məişət zorakılığı hallarında zərərçəkən şəxslərin hüquqlarının müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə təmin olunur. Bu sahədə əsas hüquqi baza Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilir. Məişət zorakılığına məruz qalan şəxslər hüquq-mühafizə orqanlarına müraciət etmək, mühafizə orderi almaq, cinayət və ya inzibati məsuliyyətin tətbiqinə nail olmaq, sosial və hüquqi yardım əldə etmək, həmçinin məhkəmə qaydasında maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək kimi geniş hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər. Bu mexanizmlər zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunmasına və onların hüquqlarının effektiv müdafiəsinə xidmət edir. Bu order zorakılıq törədən şəxsin zərərçəkənə yaxınlaşmasını, onunla əlaqə saxlamasını və eyni yaşayış sahəsində qalmasını məhdudlaşdıra bilər. - Necə düşünürsünüz, ailə hüququ məsələsində yaranan mübahisələr nə ilə əlaqədardır? Ümumiyyətlə bu məsələlərin həlli üçün nələr edilməlidir? - Ekspertlərin fikrincə, ailə hüququ sahəsində yaranan mübahisələrin əhəmiyyətli hissəsi vətəndaşların hüquqi məlumatlılıq səviyyəsinin kifayət qədər olmaması ilə bağlıdır. Bir çox hallarda şəxslər öz hüquq və vəzifələrini, eləcə də qüvvədə olan qanunvericiliyin onlara təqdim etdiyi hüquqi mexanizmləri və müdafiə vasitələrini tam şəkildə bilmədiklərinə görə mövcud problemlər daha da dərinləşir və mübahisələr uzanır. Ailə münasibətlərindən irəli gələn mübahisələrin həllində hüquqi maarifləndirmənin artırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan vətəndaşların ailə hüququ sahəsində öz hüquq və vəzifələri barədə məlumatlandırılması, müvafiq hüquqi məsləhətlərin verilməsi və mübahisələrin mümkün qədər qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi xüsusi əhəmiyyət daşıyır.

Ailə münasibətlərində yaranan mübahisələrin həllində məhkəmə çəkişmələrindən əvvəl qarşılıqlı anlaşma, hüquqi dialoq və hüquqi maarifləndirmə mexanizmlərindən istifadə olunması daha məqsədəuyğun və effektiv yanaşma hesab olunur. Bu yanaşma həm tərəflər arasında münasibətlərin daha konstruktiv şəkildə tənzimlənməsinə, həm də ailə institutunun qorunmasına xidmət edir.

Избранный
49
1news.az

1Источники