RU

Sənədsiz evlər, qeydiyyatsız sakinlər: Bakının BİTMƏYƏN problemi

Bakıda insanların yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı problemlər illərdir ki, tam həllini tapmır. Paytaxtda minlərlə insan faktiki olaraq yaşadığı ünvanda qeydiyyatda deyil. Səbəblər isə müxtəlifdir: sənədsiz evlər, “kupça”sız yeni tikililər, rəsmi müqavilə olmadan kirayəyə verilən mənzillər və qeydiyyat prosedurunda yaranan hüquqi çətinliklər.

Son illərdə məsələ daha da aktuallaşıb. Belə ki, ötən ildən etibarən daimi qeydiyyatı olmayan şəxslərin qanunvericiliyə uyğun olaraq cərimələnməsi halları artıb. Lakin ekspertlər hesab edir ki, problemin kökü daha dərindir və yalnız cərimə tətbiq etməklə bu vəziyyəti aradan qaldırmaq mümkün deyil.

Məlumdur ki, bir neçə il əvvələ qədər Bakıda yaşayan vətəndaşlar faktiki yaşadıqları ərazi üzrə polis orqanlarında qeydiyyata düşə bilirdilər. Lakin ötən ilin yanvar ayından etibarən Daxili İşlər Nazirliyi tərəfindən vaxtilə polis orqanlarında qeydiyyata alınmış vətəndaşların böyük hissəsi həmin qeydiyyatdan çıxarılıb. Bu isə paytaxtda yaşayan minlərlə insanın rəsmi qeydiyyatsız qalmasına səbəb olub.

Bəs hazırkı vəziyyətdə vətəndaşlar nə etməlidir? Sənədsiz evlərdə və ya kirayə mənzillərdə yaşayan şəxslər qeydiyyat məsələsini necə həll edə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Mehman Muradlı bildirib ki, yaşayış yeri üzrə qeydiyyat məsələsi bir çox hallarda mülkiyyət hüququ və yaşayış hüququ ilə bağlı mürəkkəb hüquqi münasibətlər yaradır.

Onun sözlərinə görə, mənzildə bir neçə nəfərin qeydiyyatda olması müəyyən hallarda mülkiyyətçi üçün çətinliklər yarada bilər:

“Xüsusilə də mənzilin sonradan satılması və ya bağışlanması zamanı qeydiyyatda olan şəxslərin hüquqları müəyyən hüquqi məhdudiyyətlər yarada bilir.

Lakin məsələyə yalnız bir tərəfdən yanaşmaq düzgün deyil, çünki burada müxtəlif vəziyyətlər mövcuddur. Məsələn, əgər həmin şəxslər əvvəldən həmin ünvanda qeydiyyatda olublarsa və hətta orada doğulublarsa, bu zaman vəziyyət bir qədər fərqli qiymətləndirilir. Bu halda həmin şəxslərin yaşayış hüquqları müəyyən dərəcədə qorunur və onların qeydiyyatdan çıxarılması daha mürəkkəb hüquqi prosedur tələb edir”.

Mehman Muradlı

Ekspertin sözlərinə görə, burada “mülkiyyətçi” anlayışı da mühüm rol oynayır:

“Əgər mənzilin sahibi dəyişibsə və yeni mülkiyyətçi alqı-satqı yolu ilə həmin əmlakı əldə edibsə, bu zaman qeydiyyatda olan şəxslərin hüquqları ayrıca qiymətləndirilir.

Belə hallarda, adətən mənzildə qeydiyyatda olan şəxslərin notarial qaydada razılığı tələb olunur. Bəzi hallarda onlar müəyyən müddət ərzində həmin ünvandan qeydiyyatdan çıxacaqlarına dair öhdəlik də götürürlər. Əgər bu razılaşma əldə olunmazsa, mübahisə məhkəmə müstəvisinə keçə bilər”.

Hüquqşünasın sözlərinə görə, əgər şəxslər əvvəldən həmin ünvanda qeydiyyatda olub və mülkiyyətçi sonradan dəyişibsə, onların qeydiyyatdan çıxarılması bəzi hallarda yalnız kompensasiya ödənilməsi ilə mümkün olur:

“Bu isə xüsusilə köhnə yaşayış sahələrində tez-tez rast gəlinən hüquqi vəziyyətlərdən biridir.

Ümumilikdə qeydiyyatda olan şəxs könüllü şəkildə qeydiyyatdan çıxmaq istəmədikdə, məsələ yalnız məhkəmə qaydasında həll olunur”.

“Qanunvericiliyə görə, yaşayış yeri üzrə qeydiyyat faktiki mülkiyyət hüququ demək deyil. Lakin qeydiyyat həmin şəxsin həmin ünvanda yaşaması ilə bağlı müəyyən hüquqi status yaradır. Buna görə də mülkiyyətçi qeydiyyatda olan şəxsi birtərəfli qaydada qeydiyyatdan çıxara bilməz. Belə hallarda məhkəməyə müraciət edilməlidir və məhkəmə konkret vəziyyəti araşdıraraq qərar verir”, – deyə hüquqşünas vurğulayıb.

Mehman Muradlının sözlərinə görə, Bakıda qeydiyyat probleminin əsas səbəblərindən biri də sənədsiz tikililərin çox olmasıdır:

“Paytaxtın bir çox ərazilərində insanlar illərdir sənədsiz evlərdə yaşayır və həmin tikililər rəsmi qeydiyyata alınmadığı üçün bu ünvanlarda qeydiyyata düşmək mümkün olmur.

Bu gün minlərlə insan faktiki olaraq yaşadığı ünvanda qeydiyyata düşə bilmir, çünki həmin evlərin hüquqi statusu müəyyən edilməyib. Digər tərəfdən, kirayə mənzil bazarında da müqavilələrin rəsmi şəkildə bağlanmaması qeydiyyat problemini daha da dərinləşdirir”.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən kirayə mənzildə yaşayan şəxslər də həmin ünvanda müvəqqəti qeydiyyata düşə bilərlər:

“Bunun üçün mülkiyyətçinin razılığı və rəsmi sənədləşmə tələb olunur. Əgər kirayə müqaviləsi rəsmi qaydada bağlanarsa, kirayəçi həmin ünvanda müvəqqəti qeydiyyata düşə bilər.

Lakin praktikada bir çox ev sahibləri vergi və digər öhdəliklərdən yayınmaq üçün kirayə müqaviləsini rəsmiləşdirmir. Bu isə kirayəçilərin qeydiyyatsız qalmasına səbəb olur.

Problemin həlli üçün həm sənədsiz evlərin hüquqi statusunun müəyyənləşdirilməsi, həm də kirayə bazarında rəsmi müqavilələrin təşviq olunması vacibdir. Əks halda paytaxtda qeydiyyatsız yaşayan insanların sayı artmaqda davam edəcək”.

Mehman Muradlı qeyd edir ki, qeydiyyat məsələsi yalnız inzibati məsələ deyil, eyni zamanda sosial hüquqlarla da bağlıdır:

“Çünki bir çox hallarda məktəbə qəbul, sosial xidmətlərdən istifadə, tibbi xidmət və digər prosedurlar üçün yaşayış yeri üzrə qeydiyyat tələb olunur.

Bu səbəbdən qeydiyyat problemi yalnız hüquqi məsələ deyil, həm də sosial xarakter daşıyır. İnsanların faktiki yaşadığı ünvanlarda qeydiyyata düşməsi üçün daha çevik və real mexanizmlərin yaradılması vacibdir”.

Tunar
NOCOMMENT.az

Избранный
38
nocomment.az

1Источники