RU

Nadir Məmmədli: Türkologiya bədəlini həyatları ilə qoruyan, yaşadan alimlərin mənəvi irsidir - MÜSAHİBƏ

1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində 100-dən artıq alim, dilçi, tarixçi, şair, yazıçı və digər görkəmli müttəfəkkirlərin iştirakı ilə Birinci Türkoloji Qurultay keçirilib. Bu gün də həmin qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər məsələlər xüsusi əhəmiyyət kəsb edir. Həmin qurultayla bağlı suallarla AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə müraciət etdik.

–Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycanın mədəni həyatında baş verən ən əlamətdar hadisələrdən biri kimi tarixə həkk olunub. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir dövrümüzdə necə gerçəkləşdirilir?

- Birinci Türkoloji Qurultay Sovet imperiya mərkəzinin dil və milli siyasətinin mühüm təzahürlərindən biridir. Qurultay keçmiş Sovet məkanında türk dillərinin gələcək inkişafı, yazı sistemlərinin transformasiyası və mədəni inteqrasiya mexanizmləri ilə bağlı strateji qərarların formalaşdırıldığı rəsmi platform kimi tarixin yaddaşında qalıb. Bu toplantıda 7 məsələ (etnoqrafiya, orfoqrafiya, əlifba, terminologiya, ortaq ədəbi dil və s.) müzakirə edilib. Əsas məsələ əlifba ilə əlaqədar olub. Amma həmin qurultaydan 100 il keçməsinə baxmayaraq, onların heç biri reallaşmayıb. Bircə əlifba məsələsi həyata keçirilmişdi, o da cəmi 10 il davam edib. Düzdür, son illlər Türk Akademiyası bu istiqamətdə müəyyən işlər görüb, 34 hərfdən ibarət ortaq əlifba yaradılıb. Mən özüm də bu prosesdə iştirak etmişəm. 2024-cü ilin sentyabr ayının 11-də Bakıda keçirilən Komissiyanın 3-cü toplantısında latın qrafikalı 34 hərfli Ortaq Türk Əlifbası qəbul edilib. Ancaq bütün bunlara baxmayaraq, yenə də ortaq əlifbaya keçmək mümkün olmayıb.  Onu da deyim ki, həmin əlifba bizim əlifbamız əsasında tərtib olunub.

- Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlara Sovet hakimiyyəti necə reaksiya verib? Deyilənlərə görə, sonradan bu tədbirin iştirakçılarının əksəriyyəti repressiyaya məruz qalıb.

- Elmi ədəbiyyatda türkologiya güllələmiş, repressiyaya məruz qalmış elm kimi təqdim olunur. Bu, tamamilə yanlış fikirdir. Doğrudur, onlar repressiyaya məruz qalıblar, güllələniblər, sürgün olunublar. Ancaq heç bir yerdə, o cümlədən MTN nin arxivindəki məxfi sənədlərdə onların məhz həmin qurultayda iştirak etdiklərinə görə bu və ya digər cəzaya məruz qalmaları haqqında qeydlər yoxdur. Belə iddia irəli sürənlərin də əllərində heç bir fakt yoxdur. Məsələn, əlifba uğrunda uzun müddət mübarizə aparmış Xalid Səid Xocayev həmin tədbirin ən aktiv şəxslərindən biri olub. Bu şəxs həm Türkiyənin agenti kimi, həm də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini tərcümə etdiyinə görə repressiyaya məruz qalıb. Milliyyətcə eston olan, qurultayın ən aparıcı simalarından biri olan Zifeld Simumyagi Xalid Səid Xocayevin “NKVD”də ifadələrinə əsasən həbs olunub, Vəli Xuluflu da o məcburi ifadələrin güdazına gedib – güllələnib.  Tez-tez səsləndirilən “Türkologiya güllələnmiş alimlərin elmidir” ifadəsi, ilk baxışda metaforik görünsə də, əslində XX əsrin faciəvi tarixi gerçəkliyinin qısa və sərt xülasəsidir. Bu fikir təsadüfi şəkildə formalaşmamışdır, 1926-cı ildə keçirilmiş qurultayın iştirakçı və nümayəndələrinin sonrakı acı talelərində öz təsdiqini tapmışdır.

Birinci Türkoloji Qurultay yalnız türkdilli xalqlar üçün əhəmiyyət daşıyan bir hadisə kimi yaddaşlarda qalmadı. Akademik türkoloji müzakirələrin çərçivəsini aşaraq yaddaşlara elmi nəticələri ilə deyil, həm bəşəri, həm də daşıdığı mənəvi  dəyərlər, yarımçıq qalan arzular və qırılmış talelərlə həkk olundu. Zahirən elmi müzakirələrin aparıldığı rəsmi platforma kimi təqdim olunsa da, zaman keçdikcə həmin elmi tribunanın iştirakçıları birbaşa qurultayda iştirakına görə suçlanmasalar da, siyasi şübhə və ideoloji təqib obyektinə çevrildilər. 1930-cu illərin totalitar Sovet mühiti elmi fəaliyyəti ideoloji loyallıq baxımından dəyərləndirir, nailiyyətləri isə potensial təhlükə kimi qəbul edirdi. Məhz bu çərçivədə qurultayda fəal iştirak etmiş bir çox türkoloq alim və ictimai xadim burjua millətçiliyi, pantürkizm, panislamizm, ideoloji təxribat, antisovet fəaliyyət, xarici kəşfiyyat orqanları ilə əlaqə və digər  sübutsuz, lakin siyasi cəhətdən kəskin ittihamlarla üzləşmişdilər. Repressiya mexanizmi üçün ittihamların məntiqi ardıcıllığı deyil, onların ideoloji faydalılığı əsas meyar idi. Nəticədə, elmi fikir məhkəmə protokollarında cinayətə, nəzəri mübahisə isə dövlətə qarşı təhdidə çevrilmişdi. Bu proses yalnız fərdi taleləri məhv etməklə kifayətlənməmiş, türkologiyanın inkişafını da kəskin şəkildə pozmuşdu. Elmi məktəblər dağıdılmış, ardıcıllıq qırılmış, bilik ötürülməsi səngimişdi, lakin bütün bunlara baxmayaraq, türkologiya tamamilə susdurula bilmədi – fiziki olaraq məhv edilən alimlərin ideyaları, metodları və qoyduqları suallar zamanla daha davamlı və təsirli oldu. Elm totalitar zorakılığın fövqündə dayanaraq, gələcəyini qorumağı bacardı. Bu mənada, “Türkologiya güllələnmiş alimlərin elmidir” – ifadəsi təkcə itkilərin simvolu deyil, eyni zamanda, elmin müqavimət potensialının göstəricisi oldu. Bu ifadə xatırladır ki, türkologiya  bədəlini həyatları ilə qoruyan, yaşadan alimlərin mənəvi irsidir. Onun tarixi bu mənəvi irsin necə ağır sınaqlardan keçdiyini və buna baxmayaraq, yaşamaqda davam etdiyini göstərən yaddaşdır. Elmi və intellektual potensiala malik olan türkologiya, onun aparıcı nümayəndələri totalitar Sovet rejiminin sistemli təzyiq və məhdudiyyətlərinə tab gətirərək elmi ənənəni qoruyub saxlamağa və konseptual mövqelərini formalaşdırmağa nail oldular.

-Bu sahəni araşdıran bir dilçi kimi Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsinin hansı amillərlə əlaqədar olması barədə nə deyə bilərsiniz?

– Qurultayın Bakıda keçirilməsi heç də təsadüfi olmayıb. Bu tarixi hadisə həm siyasi, həm də simvolik bir seçim idi. 1919-cu ildə Bakı Dövlət Universiteti açılanda bir rus keşişi demişdi ki, siz bu universiteti kim üçün açırsınız, sizin kadrınız yoxdu axı. Ancaq o zaman bizim dövrün alimləri ona cavab vermişdilər ki, narahat olmayın, bu işlərin hamısı yoluna qoyulacaq. Bəli, qoyuldu da. Rəhbərinin rus olmasına baxmayaraq, sözügedən universitet elə kadrlar yetişdirdi ki... Onu da deyim ki, 1921-ci ildə Sovet İttifaqı ilə Türkiyə arasında Qars müqaviləsi bağlamışdı və bu müqavilyə görə, Türkiyədən Azərbaycana xeyli sayda mütəxəssis, o cümlədən pedaqoji kadrlar da gələ bilərdi. 

Bəzən tarixi qərarların arxasında sadə inzibati seçimlər deyil, zamanın özü dayanır. Birinci Türkoloji Qurultayın burada keçirilməsi təsadüfi deyildi – zaman Bakını seçmişdi. Bakı yolların, dillər və talelərin  kəsişdiyi bir körpü kimi təkcə xəritə üzərində bir coğrafi məkan deyil, ideyalar süzgəcində də Şərq və Qərbə açılan qapı idi  – yalnız neftin və ticarətin yox, düşüncənin, sözün, elmin və yazının açdığı bir qapı.  Bakı təkcə bir şəhər deyil, ümumtürk düşüncəsinin mərkəzinə çevrilmişdi. Bu şəhərdə elm təkcə akademik tribunalarda deyil, cəmiyyətdə mübahisələrə səbəb  olan və paylaşılan bir düşüncə formasına çevrilmişdi. XX əsrin əvvəllərində Bakı iqtisadi baxımdan Sovet imperiyasının nəhəng bir elm və mədəniyyət simvoluna çevrilmişdi, sənaye şəhəri kimi formalaşsa da, onun küçələrində müxtəlif dillərdə danışılır, qəzetlər çap olunur, ideyalar müzakirə edilirdi. Ən vacib məqam isə ziyalı mövqeyi idi. Bakıda Bəkir Çobanzadə, Xalid Səid Xocayev, İsmayıl Hikmət, Əhməd Cövdət,  Səmədağa Ağamalıoğlu kimi milli düşüncə varislərinin varlığı şəhəri sadəcə inzibati mərkəz deyil, intellektual məkana çevirmişdi. Onlar latın əlifbasına keçidi yalnız qrafik dəyişiklik  deyil, düşüncə tərzinin yenilənməsi kimi görürdülər. Bu ideya hələ Nəriman Nərimanovun dövründə səslənmiş, sonralar Səmədağa Ağamalıoğlunun təşəbbüsü ilə konkret istiqamət almışdı.

1922-ci ildən etibarən Bakıda başlanan əlifba ilə bağlı müzakirələr,  əslində gələcəyin ideya cizgiləri idi. Bu müzakirələrin arxasında daha böyük bir niyyət vardı. Latın əlifbası vasitəsilə yalnız daxili islahat aparılmırdı, eyni zamanda Türkiyə ilə iqtisadi, siyasi və ədəbi-mədəni əlaqələrin yenidən qurulması hədəflənmişdi. Yazı sistemi bu baxımdan, diplomatik bir vasitəyə çevrilirdi – səssiz, lakin təsirli. Qurultay tarixi bir hadisə olmaqla yanaşı, davamlı bir prosesin başlanğıcı idi. Onun təsiri yalnız qəbul edilən qərarlarda deyil, həm də cavabsız qoyduğu suallarda yaşayır. Türkoloji düşüncə  bu suallarla birlikdə inkişaf edərək, öz keçmişi ilə üzləşməməyi və gələcəyini yenidən qurmağı öyrəndi.

–Qurultayın təşkilati məsələlərində azərbaycanlıların müstəsna xidmətləri olub. Hətta açılış da Moskvanın nümayəndəsi yox, tanınmış bir azərbaycanlıya həvalə edilib.

–Bəli. 26 fevral 1926-cı il – qışın sərt nəfəsi küçələrdə dolaşdığı, saf, təmiz, günəşli hava ilə qaranlığın bir-birinə qovuşduğu zaman, axşam saat 7-də “İsmailiyyə” binasında yanan gur işıqlar Bakının gecəsini işıqlandırdı. 6 martda, yazın nəfəsi şəhərə dolanda, qurultay da öz sözünü deyib tarixə yazıldı. Qışın qaranlığından yazın işığına uzanan bu yol türk dünyasının gələcəyinə açılmış cığır idi. Sanki təbiətin özü də bu məclisin rəmzini yaratmışdı: qışdan yaza, köhnədən yeniyə! O gün dənizdən qalxan duzlu küləklərlə nəfəs alan Bakı tamam başqa bir şəhərə çevrilmişdi. İstiqlaliyyət (keçmiş Kommunist) küçəsi boyunca İçərişəhərin daş divarlarından Sabir bağına qədər hər yer bayram ab-havasına bürünmüşdü, minlərlə insan böyük bir hadisənin şahidi olmaq üçün küçələrə axın edirdi. Həmin gün neft qoxulu Bakıda həyəcan dalğası hər kəsi eyni bir məkana – “İsmailiyyə” binasına çəkirdi. Bu qurultay sadəcə elm adamlarının toplandığı bir yığıncaq deyildi. O, əsrlərin yükünü çiynində daşıyan əlifbaların, dillərin və mədəniyyətlərin qarşılaşdığı bir meydan idi. Min illərlə türklərin hafizəsini daşıyan ərəb qrafikası ilə yeni dünyanın işıqlı sabahı kimi təqdim edilən latın əlifbası ilk dəfə idi ki, burada üz-üzə gəlirdi. Bu ziddiyyətlərin arxasında isə yalnız yazının deyil, türkdilli xalqların taleyi dayanırdı. İnsanların gözlərində bir işıq vardı...

...Tribunaya nitq üçün qurultaya sədrlik edən nümayəndə qalxdı, zal sükuta qərq oldu. O, Səmədağa Ağamalıoğlu idi! Əvvəlcə titrək, sonra get-gedə qüvvətli səslə nitqə başladı: “Sovet Sosialist Azərbaycanında ilk Türkoloji Qurultayın təntənəli iclasını açıq elan edirəm!”

O an küçədəki izdihamla zalda oturanların ürəkləri bir döyündü. İsmailiyyənin daş-divarları isə tarixin yaddaşına həkk olunmuş o günün şahidi kimi bu səsin ahəngini yüz ildir ki, qoruyur!

–Yekun sənədlərdən aydın olur ki, iki ildən sonra bu qurultay Səmərqənddə keçirilməli idi. Ancaq təəssüf ki, keçirilmədi. Tutaq ki, Səmərqənddə baş tutmadı, bəs, sonrakı illərdə niyı keçirilmədi?

- Vəd edilən kimi, 1928-ci ildə Səmərqənddə keçirilməsi nəzərdə tutulan ikinci qurultay baş tutmadı. Hamı o günü səbirsizliklə gözləmişdi. Təəssüf ki, SSRİ-nin türk xalqlarına qarşı əvvəlcədən müəyyənləşdirdiyi plan gerçəkləşmişdi: əvvəl latın, sonra kiril əlifbasına keçid. II Türkoloji Qurultaya artıq ehtiyac qalmamışdı. O gündən 100 il ötür.

Tarix bu vədi səssizcə qarşıladı: insanları susdura bildi, amma ümidləri yox. Bakıda keçirilən Birinci Türkoloji Qurultay da məhz bu mənada heç vaxt bitmədi. O, sənədlərdə deyil, zamanın içində yaşadı və yaşamaqda davam edir, yolun yaddaşına çevrilir. İndi isə bütün türk xalqları eyni sükutun içində, eyni səbirsizliklə gözləyir — 100 ilin susqunluğunu pozacaq o sabahı – II Beynəlxalq Türkoloji Qurultayı.

Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Fevralın 27-də türkdilli xalqların nümayəndələrinin iştirakı ilə AMEA Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans işə başladı. Amma burada da çox önəmlik bir məsələ nəzərdən qaçırıldı. Səməd ağa Ağamalıoğlu kimi bir ağsaqqal tribunaya çıxıb deyə bilərdi ki, müstəqil Azərbaycanda İkinci Türkoloji Qurultayı açıq elan edirəm. Bunu etmək mümkün idi. Təəssüf ki, bu fürsət qaçırıldı.

-Rəhbərlik etdiyiniz AMEA Dilçilik İnstitutunda qurultayın yubiley ili çərçivəsində hansı işlər həyata keçirilib?

- Qarşıma məqsəd qoymuşdum ki, Birinci Türkoloji Qurultay  haqqında 100 il heç kimin demədiyi fikirlərimi ortaya qoyum, kitab yazım. Bunun üçün yeganə yol dövrün arxiv sənədlərini araşdırmaq idi. 6 ay istədiyim sənədləri tapa bilmədim. Hətta fikrimdən daşınmaq istədim.  Ancaq arzum və inadkarlığım öz bəhrəsini verdi. Sənədlər tapıldı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində I Ümumittifaq Türkoloji Qurultayın tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malik məxfi sənədlər aşkar olundu. Sözügedən tarixi hadisənin siyasi, iqtisadi, sosial və mədəni kontekstini geniş şəkildə əks etdirən bu qiymətli materiallar türk xalqları tarixinin yenidən işlənməsi, eləcə də müstəqillik düşüncəsinin formalaşması və inkişafı baxımından zəngin mənbə bazasıdır. Arxivdə qorunub saxlanılan Birinci Türkoloji Qurultaya dair məxfi, tam məxfi və adi sənədlər, habelə qurultayla bağlı məktublar, protokollar və teleqramlar yüz il ərzində ilk dəfə olaraq elmi ictimaiyyətin istifadəsinə təqdim olundu. Bu qovluğa I Ümumittifaq Türkoloji Qurultayın çağırılması barədə İ.Stalinə göndərilmiş teleqramların, VKP(b) MK-nın bu barədə qərarları, Təşkilat Komissiyası, bu qurumun protokolları, məktubları, qurultaya gələn nümayəndə və nümayəndə heyətlərinin siyahısı, VKP(b) MK-nın qurultaya rəhbərlik edən şəxsləri haqqında materiallar, SSRİ üzrə qurultayla bağlı stenoqrafik hesabatlar, bölmə iclaslarndakı çıxışlar və qurultaya aid sənədlər toplanmışdır. Materialların hamısı möhürlə təsdiqlənmişdir. Bu arxiv sənədlərinin rəsmi olaraq Moskva və Bakının partiya strukturlarında saxlanılmasının və nəzarətdə olduğunun sübutudur.

Sənədlərin üzərində “Oxunandan sonra yandırılsın” – qeydi yer alsa da, sözügedən materiallar məhz göndərildiyi qurumun – Mərkəzi Komitənin Məxfi 6-cı Şöbəsinə məxsus qovluqda aşkar edilmişdir. Bu yaxınlarda həmin sənədlər əsasında hazırladığım 860 səhifəlik “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabım nəşr olundu, bu sənədlər 105 il ərzində ilk dəfə olaraq elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının istifadəsinə təqdim edildi. Birinci Türkoloji Qurultayın nəfəsini arxiv sənədləri ilə yenidən canlandırdım. İlk dəfə olaraq rus dilində olan arxiv sənədləri xronoloji ardıcıllıqla sistemli və elmi şəkildə təqdim olundu.

Bilirsiniz ki, indi respublikamızın hər yerində Birinci Türkoloji Qurultayla bağlı tədbirlər keçirilir. Təəssüf ki, həmin tədbirlərdə məsələ ilə heç bir əlaqəsi olmayanlar da çıxış edir və mənasız fikirlər səsləndirirlər.  Hətta elə kitablar var ki, oradan yanlışlıqlar baş alıb gedir. Məsələn, 2006-cı ildə stenoqrafik hesabatın tərcüməsinin girişində yazılır ki, guya Ənvər Paşa bu iclasda iştirak edib, amma onun haqqında danışılmır. Axı bu müəlliflər bilmirlərmi ki, Ənvər Paşa bu qurultaydan dörd il əvvəl bolşevik ordusuna qarşı olan döyüşdə vəfat edib?  Və yaxud yazırlar ki, Tomsen, J.Deni, Nemet kimi məşhur türkoloqlar bu qurultayda iştirak ediblər. Məxfi sənədlərdən məlum olur ki, qurultaydan öncə Təşkilat Komitəsinin hazırladığı siyahıda onların adlarının üzərindən xətt çəkilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Избранный
19
ikisahil.az

1Источники