Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib.
Qurumdan "Far.Az"a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə martın 2-8-i aralığında təşkil edilmiş "İdman həftəsi"nin hesabatı təqdim edilib, 2026-cı ildə "İdman Paytaxtı" Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib.
Həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. "İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu" və "İdmançıların təsnifatlaşdırılması" barədə təqdimatlar dinlənilib, eləcə də "2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı" hesabat təqdim edilib.
Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 - "Dünyanın İdman Paytaxtı"nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.