Yaxın Şərqdə davam edən müharibə və artan təhlükəsizlik riskləri regionda turizm axınına ciddi təsir göstərir. Gərginlik səbəbindən bir çox insan həmin ölkələri tərk edir, turist səfərlərinin sayı isə əhəmiyyətli dərəcədə azalır. Belə bir şəraitdə Yaxın Şərqə səfər etməyi planlaşdıran turistlərin alternativ istiqamətlər axtarması ehtimalı artır.
Bəs bu vəziyyətdən istifadə edərək Yaxın Şərqdən turistlərin Azərbaycana cəlb olunması üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi ki, belə bir vəziyyətdə ümumiyyətlə turist hərəkəti dayanır:
"Həm həmin istiqamətdən, həm də həmin istiqamət vasitəsilə digər ölkələrə turist səfərləri demək olar ki, baş vermir. Ola bilər ki, müəyyən şəxslər sığınacaq məqsədilə qısamüddətli dövr üçün başqa ölkələrə getsinlər. Lakin hazırda həmin istiqamətdə birbaşa hava məkanı bağlı olduğu üçün uçuşlar da təxirə salınır. Ehtimal olunur ki, insanlar daha təhlükəsiz və yaxın ərazilərə, həmçinin birbaşa uçuşların mövcud olduğu istiqamətlərə üstünlük verəcəklər. Bu baxımdan Azərbaycana gələn turistlərin sayında da müəyyən azalma müşahidə olunur. Eyni zamanda Yaxın Şərqə səfər etməyi planlaşdıran bəzi turistləri Azərbaycana cəlb etmək mümkündür. Qısa və uzunmüddətli dövrdə Azərbaycan təhlükəsiz və maraqlı turizm ölkəsi kimi təqdim oluna bilər. Bu məqsədlə Yaxın Şərqə gedən turist seqmentinə yönəlmiş tanıtım işləri aparmaq vacibdir. Həmçinin bağlanan uçuş istiqamətlərinin əvəzinə digər marşrutlar üzrə yeni birbaşa reyslərin açılması və aktiv tanıtım tədbirlərinin həyata keçirilməsi sayəsində fərqli ölkələrdən gələn turistlərin sayını müəyyən qədər artırmaq mümkündür".
Nuriyyə NATİQQIZI