RU

Ekspert: Yol infrastrukturu yalnız tikinti deyil, səmərəli idarəetmə iqtisadi inkişafın açarıdır - MÜSAHİBƏ

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan son illərdə nəqliyyat infrastrukturunun fəal transformasiyasını nümayiş etdirir və Avropa ilə Asiyanın kəsişməsində əsas logistika qovşaqlarından birinə çevrilməyə çalışır. Ölkə yolların, körpülərin, limanların və multimodal dəhlizlərin modernləşməsinə sərmayə qoyur. Çünki səmərəli nəqliyyat şəbəkəsi yalnız iqtisadi deyil, həm də inkişafın strateji amilidir. Bu kontekstdə beynəlxalq müasir təcrübələr, rəqəmsal alətlər və yol infrastrukturunun idarə olunmasına yeni yanaşmalar xüsusi əhəmiyyət daşıyır. Bu yanaşmalar yalnız yeni yolların tikintisini deyil, bütün infrastrukturun maksimum səmərəli, təhlükəsiz və iqlim dəyişikliklərinə davamlı şəkildə idarə olunmasını təmin edir.

AZƏRTAC-ın suallarını infrastruktur üzrə məsləhətçi, yol və körpülər üzrə GIS/HDM-4 modelləri, təhlükəsizlik, iqlim dayanıqlığı və rəqəmsal əkizlər sahəsində ekspert, Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı layihələrinin iştirakçısı Camşid Sodikov cavablandırır.

– HDM-4 və GIS (coğrafi informasiya sistemi) kimi müasir modelləşdirmə alətlərinin yolların idarə edilməsinin səmərəliliyinin artırılmasında rolunu necə qiymətləndirirsiniz?

– HDM-4 və GIS kimi müasir alətlər həqiqətən vacibdir, lakin onların funksiyasını düzgün anlamaq lazımdır. HDM-4 iri yol layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirməyə imkan verən proqramdır. Bu alət xüsusilə Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələr üçün faydalıdır. Onun köməyi ilə konkret yol layihəsinə investisiya qoyuluşunun nə dərəcədə səmərəli olduğunu hesablamaq və bu qərarı investorlar qarşısında əsaslandırmaq mümkündür. Lakin gündəlik yol idarəçiliyi praktikasında əksər ölkələr daha sadə metodlardan istifadə edirlər. Yəni HDM-4 müəyyən funksiyanı yerinə yetirir, lakin yolların idarə olunması üçün əsas sistem deyil.

GIS isə fərqli şəkildə işləyir. Bu sistem yollar, körpülər, tunellər və digər infrastruktur obyektləri barədə bütün məlumatları xəritə üzərində toplayır və saxlayır. Bu da şəbəkənin vəziyyətini görməyə, təmir işlərini planlaşdırmağa və obyektlərin yerləşməsi və vəziyyəti barədə dəqiq məlumatlar əsasında qərarlar qəbul etməyə imkan verir. Lakin GIS özlüyündə tam idarəetmə platforması deyil, məlumatların vizuallaşdırılması və təhlili üçün alətdir. Başqa sözlə, HDM-4 iri layihələrin iqtisadi səmərəliliyini qiymətləndirir, GIS isə infrastruktur obyektlərinin vəziyyətini və yerləşməsini göstərir. Hər iki alət vacibdir, lakin fərqli funksiyalar yerinə yetirir.

– Bu alətləri yolların idarə olunmasının bütün səviyyələrində qərarların qəbul edilməsini yaxşılaşdıran vahid sistemdə necə birləşdirmək olar?

– Bu sahədə əsas rol “Road Asset Management System” (RAMS) platformalarına məxsusdur. RAMS müxtəlif məlumatları, yəni yolların vəziyyəti, nəqliyyat axınları, həndəsi parametrlər, yolun həyat dövrü modelləri və GIS məlumatları vahid sistemdə birləşdirir. Bu isə qərarların qəbulunu dəstəkləyən vahid məlumat mühiti yaradır. Belə sistem sayəsində yol agentlikləri “yalnız ən pis vəziyyətdə olan hissələri təmir etmək” kimi reaktiv yanaşmadan imtina edərək məlumatlara əsaslanan proaktiv idarəetmə modelinə keçə bilirlər. Komandamız bu yanaşmanı ötən il Sofiyada keçirilmiş Avropa və Mərkəzi Asiya üzrə IRF-in III regional konqresində Tacikistan nümunəsi əsasında nümayiş etdirdi. Nəticələr olduqca təsirli idi, belə ki, əvvəllər aylarla analitik hesabat gözləyən regional rəhbərlər indi birbaşa sistemlə işləyərək dərhal praktiki tövsiyələr əldə edə bilirlər. Bu yanaşmanın əsas ideyası sadədir: hər bir mühəndis məlumatlar üzrə analitik olmalıdır. Süni intellekt mütəxəssisləri əvəz etmir, əksinə, məlumat və analitikanı yalnız dar ekspert dairəsi üçün deyil, hər kəs üçün əlçatan edir. Yol şəbəkəsini fəal şəkildə modernləşdirən Azərbaycan üçün süni intellekt dəstəyi ilə RAMS sisteminin tətbiqi təkcə səmərəliliyin artırılması demək deyil. Bu, ölkəni infrastrukturun “ağıllı idarə olunması” sahəsində regionun liderinə çevirə biləcək strateji addımdır.

– Beynəlxalq layihələrdəki təcrübənizi nəzərə alaraq, infrastruktur layihələrinə beynəlxalq investisiyaların daha səmərəli cəlb olunması üçün Azərbaycan hansı addımları ata bilər?

– Azərbaycanın mühüm strateji üstünlüyü var. Belə ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi onu beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Orta dəhliz və Şimal–Cənub marşrutunun vacib qovşağına çevirir. Bu, artıq beynəlxalq diqqəti cəlb edir. Lakin bu diqqətin davamlı investisiya axınına çevrilməsi üçün bir sıra addımlar atılmalıdır.

Birincisi, layihələrin keyfiyyətli hazırlanmasıdır. Beynəlxalq investorlar və maliyyə institutları layihələri yalnız ambisiyalara əsaslanaraq maliyyələşdirmirlər. Onlara dəqiq iqtisadi hesablamalar, xərclər və faydaların təhlili, ekoloji və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin real nəqliyyat axınının proqnozları lazımdır. Layihənin hazırlanmasına çəkilən xərclər ümumi dəyərin cəmi 3–5 faizi olsa belə, bu, investisiya cəlb etmək imkanını əhəmiyyətli dərəcədə artırır.

İkincisi, şəffaf və etibarlı satınalma prosedurlarıdır. Beynəlxalq satınalma standartlarına uyğunluq çox vacibdir. Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumların ciddi qaydaları var və milli prosedurlarını bu standartlara uyğunlaşdıran ölkələr investorlar üçün institusional yetkinlik nümayiş etdirirlər.

Üçüncüsü, dövlət-özəl tərəfdaşlığı (PPP) üçün etibarlı hüquqi bazadır. Ödənişli yollar, körpülər və logistika mərkəzləri kimi iri infrastruktur layihələrində PPP mexanizmi dövlətin təkbaşına təmin edə bilmədiyi özəl kapitalı cəlb etməyə imkan verir. Özəl investorlar isə risklərin dəqiq bölüşdürülməsini, mübahisələrin həlli mexanizmlərini və tənzimləmənin sabitliyini təmin edən etibarlı hüquqi mühit görmək istəyirlər.

Dördüncüsü, məlumatlar vasitəsilə institusional potensialın nümayiş etdirilməsidir. Yollar barədə aktual məlumatları, texniki xidmət tarixçəsini və investisiya planlaşdırılması üzrə alətləri özündə birləşdirən RAMS platforması investorlar üçün mühüm siqnaldır, belə ki, ölkə öz aktivlərini tanıyır, ehtiyaclarını anlayır və nəticələri izləmək imkanına malikdir. Belə şəffaflıq investorların etimadını artırır.

Beşincisi, həyata keçirilmiş layihələr əsasında reputasiyanın formalaşdırılmasıdır. Azərbaycan beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra iri infrastruktur layihələrini uğurla həyata keçirib. Hər uğurlu layihə növbəti layihə üçün tövsiyə rolunu oynayır. Təcrübənin sənədləşdirilməsi, tərəfdaşlarla münasibətlərin qorunması və layihələrin ardıcıl icrası yeni investisiyaların cəlb olunmasına kömək edən reputasiya yaradır.

Nəhayət, regional bağlantı da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Özbəkistanla nəqliyyat əməkdaşlığı xüsusi diqqətə layiqdir. Hər iki ölkə infrastrukturu modernləşdirir və Orta dəhlizin inkişafında maraqlıdır. Limanların genişləndirilməsi, logistika standartlarının uzlaşdırılması və multimodal dəhlizlərə birgə investisiyalar layihələri beynəlxalq investorlar üçün daha cəlbedici edir. Azərbaycan və Özbəkistan regionun dinamik inkişaf edən iqtisadiyyatları kimi təbii tərəfdaşlardır və bu əməkdaşlığın özü də investorlar üçün güclü siqnal rolunu oynayır.

Müxbir – Tamilla Məmmədova

Избранный
44
1
azertag.az

2Источники