RU

Qlobal dialoqa və əməkdaşlığa töhfə

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə diqqətdədir. Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı İlham Əliyevin   proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda  aktual məsələlərin həllinə  töhfələrin  verilməsinə diqqət yönəldildi. Cənab İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun  olduğunu vurğuladı. Qeyd etdi ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir. Qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar,  xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Builki Forumun gündəliyi çox genişdir. İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.

Budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər. Qlobal problemlərin  ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində öz sözünü deyir. Cənab İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdən, hazırkı dövrün çağırışlarından, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı  reallıqlar əsasında regionda və dünyada baş verən dəyişikliklərdən  geniş bəhs etdi.  Dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələlərdən biri  Azərbaycanın sülh təcrübəsi oldu. Bildirdi ki, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.

Vurğulandı ki, daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə,  son onilliklərdə nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Sülhdən daha yaxşı heç nə yoxdur.

Azərbaycan hər zaman sabitliyin, sülhün tərəfdarıdır, bütün məsələlərin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmiz sabitlik, əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmizin  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etməsi  və hazırda onun uğurlu nəticələri bunun bariz nümunəsidir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

Избранный
48
3
ikisahil.az

4Источники