Tikinti sahəsində prosedurların sadələşdirilməsi və icazələrin verilməsi müddətinin azaldılması gündəmə gəlib.
Xezerxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunur ki, bu istiqamətdə mövcud qaydaların yenidən nəzərdən keçirilməsinə ehtiyac var.
Millət vəkili Vüqar Bayramov bildirir ki, prosedurların sadələşdirilməsi və yerli səviyyədə yaranan bəzi əngəllərin aradan qaldırılması tikinti icazələrinin verilməsi müddətinin bir neçə dəfə azaldılmasına imkan yarada bilər.
Onun sözlərinə görə, tikinti sektoru həm iqtisadi artımın, həm də məşğulluğun təmin olunmasında mühüm rol oynayır. Tikinti icazələrinin verilməsi prosesinin daha da sürətləndirilməsi bu sahəyə investisiya marağını artıracaq.
Rəsmi statistikaya görə, ötən il ölkədə 129,1 milyard manatlıq ümumi daxili məhsul formalaşıb. Bununla belə, inşaat sektorunun ÜDM-də payı 2 faizdən də azdır. Nəticədə prosedurların sadələşdirilməsi və yerli səviyyədə süni baryerlərin aradan qaldırılması tikinti sektorunun inkişaf potensialını artırmaqla yanaşı, minlərlə yeni iş yerinin yaradılmasına da şərait yarada bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.