
Şimali Atlantika Alyansı (NATO) Yaxın Şərqdə gərginliyin artması fonunda Türkiyədəki İncirlik hərbi bazasının hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə "Patriot" zenit-raket komplekslərinin göndərilməsi imkanlarını nəzərdən keçirir.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, alyans İncirliyə daha müasir "Patriot" PAC-3 batareyası yerləşdirməyi planlaşdırır. Hazırda bazada İspaniyaya məxsus olan və 2015-ci ildən bəri fəaliyyət göstərən köhnə nəsil PAC-2 sistemi mövcuddur. Lakin mövcud sistem təyyarələri və bəzi qanadlı raketləri vura bilsə də, ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmayıb. Yeni PAC-3 batareyası isə məhz ballistik təhdidləri zərərsizləşdirmək qabiliyyətinə malikdir.
Eyni zamanda, NATO-nun Almaniyadakı Ramşteyn bazasından Malatya şəhərinə artıq bir "Patriot" sisteminin göndərildiyi və bu sistemin Kürecik radar bazasını qorumaq üçün yerləşdirildiyi bildirilir. Qeyd edək ki, martın 4-dən bəri NATO qüvvələri İran tərəfindən atılan və Türkiyə hava məkanına daxil olan üç ballistik raketi zərərsizləşdirib.