RU

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir: Tehranın hiyləgər planı VİDEO

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Yaxın Şərqdə müharibə artıq yalnız regional qarşıdurma deyil. ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar 17-ci günə keçərkən münaqişə tədricən qlobal siyasi və enerji böhranının mərkəzinə çevrilir. Bu savaşın cəbhə xətti isə İran və İsrail sərhədlərindən çıxaraq Körfəz ölkələrinə, Livana, İraqa yayılıb. Hətta dünya enerji bazarları da savaşın təsir dairəsinə daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Savaşın uzanması ABŞ və İsraildən çox İrana sərf edir: Tehranın hiyləgər planı - VİDEO

Son sutkada ABŞ və İsrailin İsfahan və digər şəhərlərə endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub. Tehran isə cavab olaraq İsrailə raket hücumlarını davam etdirir və regiondakı ABŞ hərbi bazalarını hədəf alır. İran İnqilab Keşikçiləri Korpusu artıq ABŞ bazalarına qarşı əməliyyatların "50-ci dalğa"sını həyata keçirdiyini bəyan edib.

Bununla yanaşı, münaqişənin coğrafiyası genişlənir. Livandan "Hizbullah"ın İsrailə hücumları, İraqda ABŞ obyektlərinə zərbələr və Körfəz ölkələrinə yönəlmiş dron hücumları göstərir ki, bu müharibə tədricən regional təhlükəsizlik sistemini sarsıdan böyük qarşıdurmaya çevrilir. Amma müharibənin taleyini yalnız raketlər və bombardmanlar müəyyən etmir. Burada əsas kartlardan biri Hörmüz boğazıdır.

Dünyanın neft ticarətinin təxminən beşdəbiri məhz bu strateji boğazdan keçir. İran isə boğazı faktiki olaraq nəzarəti altında saxlayır. Tehran açıq mesaj verir ki, əgər ABŞ və onun müttəfiqləri təzyiqi artırarsa, bu su yolu bağlana bilər. Bu isə qlobal iqtisadiyyat üçün ciddi risk deməkdir. Çünki Hörmüz boğazının bağlanması dünya enerji bazarını sarsıda, neft qiymətlərini rekord səviyyəyə qaldıra bilər.

Məhz buna görə də ABŞ Prezidenti Donald Tramp yeni plan irəli sürüb. O, boğazda təhlükəsizliyi təmin etmək üçün beynəlxalq dəniz koalisiyası yaratmağa çağırır. D.Tramp NATO ölkələrini, eləcə də Yaxın Şərq ölkələrindən enerji idxalından asılı olan dövlətləri hərbi gəmilər göndərərək tankerləri müşayiət etməyə dəvət edib.

Lakin bu çağırış hələ geniş dəstək qazanmayıb. Bir çox ölkələr münaqişəyə birbaşa qoşulmaqdan çəkinir. Bu isə Vaşinqtonun qarşısında yeni dilemma yaradır: müharibəni qazanmaq iddiası ilə çıxış edən ABŞ eyni zamanda strateji boğazı qorumaq üçün beynəlxalq dəstəyə ehtiyac duyur.

Bu fonda müharibənin nə zaman bitəcəyi ilə bağlı proqnozlar da fərqlidir. ABŞ Administrasiyasının bəzi rəsmiləri münaqişənin bir neçə həftə ərzində başa çata biləcəyini bildirir. Prezident D.Tramp isə iddia edir ki, İran saziş istəsə də, Vaşinqton hələlik razılaşma üçün hazır deyil və daha sərfəli şərtlər əldə etmək istəyir.

İsrail isə daha sərt mövqe tutur. Təl-Əviv bildirir ki, İranın hərbi və kəşfiyyat infrastrukturu tam zərərsizləşdirilməyincə əməliyyatlar dayandırılmayacaq. İsrail rəsmilərinin sözlərinə görə, bombardmanlar ən azı daha bir neçə həftə davam edə bilər.

Tehran isə fərqli mesaj verir. İran rəhbərliyi bildirir ki, ABŞ və İsrail hücumları dayanmadan heç bir atəşkəs mümkün deyil və ölkə nə qədər lazımdırsa, o qədər mübarizə aparmağa hazırdır.

Hərbi baxımdan isə hazırkı mənzərə maraqlıdır. ABŞ və İsrail İranın raket və dron buraxılış imkanlarını sistemli şəkildə məhv etdiklərini bildirir. Analitiklərə görə, İranın yüzlərlə buraxılış qurğusu artıq sıradan çıxarılıb və hücumların tempi tədricən azalır.

Lakin İranın strategiyası fərqlidir. Tehran klassik hərbi qələbədən çox asimmetrik təzyiq taktikasına üstünlük verir. Bu strategiya beş əsas istiqaməti əhatə edir: raket və dron hücumları, Körfəzdə gəmiçiliyin pozulması, regional proksi qrupların hücumları, kiberəməliyyatlar və iqtisadi təzyiq.

Başqa sözlə, İran bu müharibədə rəqibini bir zərbə ilə yox, uzunmüddətli siyasi və iqtisadi yorğunluqla məğlub etməyə çalışır.

Məhz buna görə də analitiklər deyirlər ki, bu müharibənin taleyi ilk həftələrdə müəyyən olunmur. Müasir tarix də göstərir ki, hərbi üstünlük çox vaxt siyasi nəticə demək deyil.

Nəticədə belə bir mənzərə yaranır. Hansısa bir tərəf cəbhədə üstün görünə bilər, amma bu, hələ müharibənin sonu demək deyil.

Əgər Hörmüz boğazı açılmazsa, enerji bazarları sabitləşməzsə və diplomatik kanal işə düşməzsə, bu münaqişə həftələrlə yox, bəlkə də, aylarla davam edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
oxu.az

1Источники