Ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 75,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət Xidmətinin məlumatına əsasən, bu ilin ilk 2 ayı ərzində 10 hərrac keçirilib. Hərraclarda 1 səhmdar cəmiyyətinin səhm paketi və 258 nəqliyyat vasitəsi özəlləşdirilib. Hesabat dövründə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 66,1 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvar-fevral ayları ərzində 96-sı qeyri-yaşayış, 794-ü torpaq sahələri üzrə olmaqla 890 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Beləliklə, yanvar-fevral ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 75,9 milyon manat vəsait daxil olub.
XQ