RU

Türk dünyasının ortaq Ortaylısı

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Türk dünyasının elmi üfüqlərini aydınladan parlaq şəxsiyyət, görkəmli tarixçi alim İlbər Ortaylı martın 13-də, 78 yaşında dünyasını dəyişdi. Onun əbədiyyətə qovuşması elm və mədəniyyət aləmində böyük bir boşluq yaratsa da, getdiyi yol, özündən sonra miras qoyduğu tükənməz irs qədirbilən insanların yaddaşında həmişə hörmət və ehtiramla xatırlanacaq. Bu böyük şəxsiyyəti tanımaq, onun zəngin təfəkkür dünyasından bəhrələnmək həmişə gərəkli olacaq.

Deyirlər, alimin ölümü aləmin ölümüdür. Bəzi şəxsiyyətlər var ki, millətin yaddaşında ölümsüzləşir. 1947-ci ildə Avstriyanın kiçik bir qəsəbəsində, Breqenzdə dünyaya göz açan İlbər Ortaylının bioqrafiyası müharibənin ağır nəticələri çevrəsində başlayan, lakin maarifçilik işığında yaşanan bir ömrün parlaq təcəssümü idi.

O, Krım tatarı əsilli ailənin övladı idi. Ailəsi sovet zülmündən qaçıb Avropaya, oradan da Türkiyəyə pənah gətirmişdi. Belə ki, anası Şəfiqə xanım kommunist rejiminin Krımı yenidən ələ keçirməsindən sonra, ailə üzvləri ilə birlikdə 1944-cü ilin mayında Rumıniya və Polşa vasitəsilə Avstriyaya köçmüş, müharibənin sonrakı dövrünü qaçqın düşərgələrində ağır şəraitdə keçirmişdi. Həmin illərdə də Breqenz yaxınlığındakı Ortay kəndindən olan Kamal Ortaylı ilə ailə qurmuşdu.

Bu səbəbdən İlbər Ortaylı mühacirətin ağır yükünü hələ uşaq ikən çiyinlərində daşıyanlardan idi, lakin bu əzab-əziyyət onun daxilində zamanın sınaqlarında möhkəmlənən müdriklik formalaşdırmışdı. Evlərində rus, alman və türk dillərində sərbəst danışırdılar. Anası Şəfiqə xanım oğlunun dil öyrənməyə olan həvəsini vaxtında duymuş və onu klassik əsərlərlə, müxtəlif dillərin sehri və dünya musiqisinin bənzərsiz ahəngilə tanış etmişdi.

Görkəmli alim sonralar müsahibələrinin birində demişdi: “Gəncliyimdə heç türk musiqisi sevməz və anlamazdım. Həmişə Avropa musiqisi dinləyərdim. 1967-ci ildə Azərbaycandan gələn bir heyət mənə musiqi albomu hədiyyə etmişdi. Həmin vaxt Azərbaycan musiqisini tanıdım və çox sevdim, beləcə də, o yoldan türk musiqisi ilə tanış oldum”.

Hələ məktəb illərindən alman şair-dramaturqu Yohann Volfqanq Geteni orijinal variantından oxuyur, dahi rus yazıçısı və filosofu Lev Tolstoyun fəlsəfəsini dərindən dərk edirdi. İstanbulda Qalatasaray Liseyində başladığı orta təhsilini Ankara Atatürk Liseyində tamamlamışdı. Ardınca isə Ankara Universitetinin Siyasi Bilgilər fakültəsinə qəbul olaraq ömrünün ən mühüm elmi səyahətinə başlamış, alman, rus, ingilis, fransız, italyan, fars dillərində danışmağı öyrənmişdi.

Vyana Universitetində Slavyan və Şərqi Avropa dilləri üzrə təhsil almış, daha sonra isə Çikaqo Universitetində məşhur tarixçi Xəlil İnalcıkın tələbəsi olmuşdu, yəni akademik yolunun təməlini dünyanın ən böyük tarixçilərindən biri ilə çiyin-çiynə çalışaraq qoymuşdu. Ancaq həyatın bəzən ən parlaq zəkalara qarşı göstərdiyi o amansız sərtlik gənc alimin də qapısını döyməkdə gecikməmişdi. Biliklə yoğrulmuş bu böyük iddia, elmin uca zirvələrindən gəlib bürokratik maneələrin soyuq divarına çırpılmış, Ortaylının İstanbul Universitetində elmi işi rədd edilmişdi.

Nəticədə, İlbər Ortaylı istefa vermiş və illərlə universitetlərdən incikli qalmışdı. Bu dövrdə o, Vyana, Berlin, Paris, Moskva, Roma, Münxen, Strasburq, Sofiya, Kiyev, Kembric, Oksford və Tunis universitetlərində qonaq müəllim kimi fəaliyyət göstərmiş, konfranslar aparmış, minlərlə gəncin tarixi biliklərini zənginləşdirmiş və onların tədqiqat maraqlarını formalaşdırmışdı.

Gənc İlbər televiziya kanallarında tarixi mövzularda bir neçə sənədli və maarifləndirici proqramların aparıcısı olmuşdu. “Milliyət” qəzetində, “Atlas tarix” və “Doğu-Batı” jurnallarında müntəzəm məqalələr yazmışdı. Öz kitabxanasında 30 min kitabı olan alim bunların 5 minini Qalatasaray Universitetinə bağışlamışdı.

İlbər Ortaylının elmi və publisistik fəaliyyəti, tarix elminin populyarlaşdırılması və beynəlxalq sahədə türk tarixşünaslığında rolu nəzərə alınaraq 2001-ci ildə “Aydın Doğan” mükafatına layiq görülmüşdür. 2006-cı ildə İtaliyanın Latsio bölgəsi tərəfindən “Aralıq dənizi” festivalında sosial və vətəndaş tarixi sahəsində mükafat almış, 2007-ci ildə isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən rus dili və mədəni irsinin təşviqi səbəbilə “Puşkin medalı” ilə təltif edilmişdi.

1989-cu ildə Türkiyəyə qayıdan alim professor elmi dərəcəsi almış və 1989–2002-ci illər ərzində Ankara Universitetinin siyasi elmlər fakültəsində inzibati tarix kafedrasının müdiri vəzifəsində çalışmışdı. Onun XVI–XIX əsrlər Osmanlı və rus tarixi ilə bağlı tədqiqatları yerli və xarici elmi jurnallarda dərc olunmuş, akademik ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

İllər sonra Qalatasaray və Bilkənd universitetlərində dərs deməyə başladı, Topqapı Sarayı Muzeyinin rəhbəri oldu. “Osmanlıdan Cümhuriyyətə keçidi anlamayan bir cəmiyyət özünü anlaya bilməz” deyərkən İlbər Ortaylı unudulmuş tarixi faktları, itmiş mənəvi və mədəni əlaqələri işıqlandırmaq istəyirdi. Hər sözü bir xəbərdarlıq, hər araşdırması bir çağırış idi. O düşünürdü ki, keçmişi anlamadan gələcəyi qurmaq mümkün deyil. Çıxışlarından birində də bu fikrinə aydınlıq gətirmişdi. Demişdi ki, tarixi bilməliyik, amma keçmişin kinini saxlamaq üçün yox, gələcəyi daha yaxşı qurmaq üçün.

İlbər Ortaylı intellekt ümmanı idi. Keçmişi xalqın milli kimliyi olaraq izah edirdi. Danışdığı, paylaşdığı bilgilər tarixə başqa gözlə baxmağı öyrədirdi. Tarix onun üçün gələcəyi anlamağın açarı idi. O, prinsipial mövqeyi ilə neçə-neçə nəslin düşüncə tərzinə təsir göstərən nadir alimlərdən, gerçək bir Azərbaycan sevdalılarından idi. Bu sevginin təməlində isə həm elmi həqiqətlər, həm də ailəsindən miras qalan ulu türkçülük ruhu dayanırdı.

Bu bağlılığın ən birinci səbəbi onun Krım tatarı köklərindən olması idi. İlbər Ortaylı Azərbaycanı Türk dünyasının intellektual mərkəzi, modernləşmənin ilk ocağı adlandırırdı. O, hər zaman vurğulayırdı ki, Türk dünyasında teatrın, operanın və müasir mətbuatın təməli məhz Azərbaycanda qoyulub. Onun nəzərində Azərbaycan Qərblə Şərq ənənələrini özündə ən zərif şəkildə birləşdirən, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli kimi dühalar yetişdirən dövlət idi.

Digər tərəfdən, bu sevgi həm də ortaq taleyin gətirdiyi təəssübkeşlikdir. İlbər Ortaylı 1918-ci ilin qəhrəmanlığını, Qafqaz İslam Ordusunun Bakını xilas etməsini bir tarixçi soyuqqanlılığı ilə deyil, bir türk övladının qüruru ilə izah edirdi. O, Azərbaycanın yaşadığı ağrıları, itkiləri və o çətin mübarizə illərindən daim qürurla bəhs edərdi. Müsahibələrinin birində vurğulamışdı ki, bir xalqın öz kimliyini qorumasının yeganə yolu dilini qorumasıdır. Ölkəmizi də buna ən gözəl nümunə kimi göstərmişdi.

Deyərdi ki, Azərbaycanda yaşayan xalqa “azəri” demək böyük cəhalətdir. “Azəri” sözü əsla bu xalqa aid və onun keyfiyyətlərini ifadə edən etnik termin deyil. Bu sözün meydana gəlişi, əslində, 1905-ci ildə İranda baş verən inqilab zamanına təsadüf edir. Azəri tayfaları Xəzər dənizinin İrana düşən hissəsində, dənizkənarı ərazidə yaşayan, təxminən, 200-300 min nəfərdən ibarət bir etnik qrupa daxildir. Danışıqlarının azərbaycanlıların dili ilə əlaqəsi yoxdur. Onlar qədim Sasanilərin işlətdiyi pəhləvi dilində danışır.

“Həyat çox qısadır. Əhəmiyyətli olan isə müddətini təyin edə bilməyəcəyimiz bir ömrü səmərəli keçirməkdir”, – deyən alim anlatmaq istəyirdi ki, insanın əməlləri və düşüncələri sərhədləri aşmaq gücünə malikdir. Ömür kəmiyyət deyil, mahiyyət məsələsidir. Bizə nə qədər vaxt verildiyini seçmək ixtiyarımızda olmasa da, o vaxtı hansı ideallar uğrunda xərcləyəcəyimiz tamamilə öz əlimizdədir.

Tanınmış tarixçi və akademik İlbər Ortaylı dünən İstanbulda son mənzilə yola salındı, Fateh Məscidinin həyətində yerləşən qəbiristanlıqda dəfn olundu. Qeyd edək ki, Fateh Sultan Mehmetin türbəsi ilə yanaşı, Osmanlı tarixinin bir çox əhəmiyyətli adamlarının - Fatehin həyat yoldaşı və II Bəyazidin anası I Gülbahar Xatunun, Qazi Osman Paşanın və məsnəvi Abidin Paşanın türbələri də bu məscid məzarlığındadır.

F.ƏLİYEVAXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
1
xalqqazeti.az

2Источники