RU

Novruz bayramında necə qidalanaq?

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Novruz süfrəsi, adətən, müxtəlif yeməklər və şirniyyatlarla zəngin olur. Bu bolluq bayramın gözəlliyini artırsa da, qidalanmaya diqqət yetirmədikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də bayram günlərində düzgün və balanslı qidalanmaq vacibdir.

“Qafqazinfo” xəbər verir ki, ilk növbədə qidalanma rejiminə riayət etmək tövsiyə olunur.

Gün ərzində 2-3 saatdan bir az miqdarda qida qəbul etmək həm toxluq hissi yaradır, həm də həddindən artıq yeməyin qarşısını alır. Süfrədə olan yeməkləri qarışdırmadan və ölçüyə riayət edərək, yemək mədə-bağırsaq sisteminin yüklənməsinin qarşısını alır.

Bayram günlərində zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balansına diqqət yetirmək lazımdır. Xüsusilə bişmiş yeməklərlə yanaşı, təzə tərəvəz salatlarının süfrədə olması həzmi asanlaşdırır. Tərəvəzlər liflə zəngin olduğu üçün həm toxluq hissini artırır, həm də qidaların daha rahat həzm olunmasına kömək edir. Zülal tərkibli qidalar seçilərkən bir yemək zamanı bir növ zülal mənbəyinə üstünlük verilməsi daha məqsədəuyğundur. Mütəxəssislər bir yemək zamanı üçdən artıq yemək çeşidi qəbul etməməyi və hər birinin miqdarının 2 xörək qaşığını keçməməsini tövsiyə edirlər.

Karbohidratla zəngin və nisbətən ağır həzm olunan qidaları (kartof, lobya, çörək və müxtəlif xəmir məhsulları) ayrıca istehlak etmək daha faydalıdır. Həmçinin qızardılmış yeməklər əvəzinə sobada bişirilmiş balıq və ət yeməklərinə üstünlük verilməsi daha sağlam seçim sayılır. Bu üsul həm yeməyin dadını qoruyur, həm də qidaların faydalı maddələrinin saxlanmasına kömək edir. Balıq yeməklərini isə hazırlandıqdan sonra tez bir zamanda istehlak etmək məsləhətdir.

Bayram süfrələrində tez-tez istifadə olunan mayonez yüksək kalorili məhsuldur. Buna görə mütəxəssislər salat və yeməklərdə mayonez əvəzinə qatıq əsaslı souslardan, xamadan və ya kefirdən istifadə etməyi tövsiyə edirlər. Ev şəraitində hazırlanmış mayonez də daha təhlükəsiz seçim hesab olunur. Eyni zamanda, mayonezli yeməklərin düzgün saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir.

Maye qəbulu da sağlam qidalanmanın vacib hissəsidir. Xüsusilə su orqanizm üçün böyük əhəmiyyət daşıyır və mütəmadi su içmək artıq yeməyin qarşısını almağa kömək edir. Bununla belə, yemək zamanı və dərhal sonra su içmək məsləhət görülmür. Ən yaxşısı suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda qəbul etməkdir.

Yeməyi tələsmədən və asta-asta yemək də vacib qaydalardandır. Çünki doyma siqnalı beyinə təxminən 20 dəqiqə ərzində çatır. Yavaş qidalanma daha tez doyma hissi yaradır və həddindən artıq yeməyin qarşısını alır.

Bayram şirniyyatları – şəkərbura, paxlava və digər şirniyyatlar yüksək kalorili qidalardır. Bu məhsulların tərkibində şəkər, yağ və karbohidrat çox olduğu üçün onların həddindən artıq qəbulu çəki artımına və piylənməyə səbəb ola bilər. Üstəlik, şirniyyatlarla yanaşı meyvə və çərəzlərin də çox miqdarda istehlakı gündəlik kalori qəbulunu artırır.

Qeyd etmək lazımdır ki, bayram günlərində sağlam səhər yeməyi də xüsusi əhəmiyyət daşıyır. Balanslı səhər yeməyi orqanizmə enerji verir, həzm sistemini aktivləşdirir və gün ərzində tox qalmağa kömək edir. Bununla yanaşı, bayram günlərində fiziki aktivliyi artırmaq – gəzinti və hərəkətli fəaliyyətlərlə məşğul olmaq da sağlamlığın qorunması üçün faydalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
qafqazinfo.az

1Источники