RU

Naxçıvan türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək

Kiçik Qafqazın cənub-qərbində yerləşən, qədim tarixə, zəngin mədəniyyətə və strateji əhəmiyyətə malik qədim türk diyarı Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. "Şərqin qapısı" adlandırılan bu diyar Türkiyə və İranla həmsərhəddir, türk dünyasına açılan qapı və islam mədəniyyətinin mərkəzlərindən biridir.

Birinci Dünya müharibəsindən sonrakı mərhələ dünyanın yenidən bölüşdürülməsi və kataklizmlər dövrü kimi tarixdə qaldı. Çar Rusiyasının dağılması, onun yerində müstəqil dövlətlərin yaradılması fonunda Cənubi Qafqaz və Azərbaycan dünyanın diqqət mərkəzində olan bölgəyə çevrildi. ABŞ Prezidenti Vudro Vilsonun ermənilərin təsiri altında Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan dövlətinin ərazilərini genişləndirmək cəhdləri və ermənilərin soyqırımına məruz qalması haqqında təbliğat nəticəsində 1919-cu ilin yayında əraziyə ABŞ-dən general-mayor Æeyms Harbordun rəhbərliyi altında böyük bir heyət göndərildi. Sözügedən heyətin həm Anadoluda, həm Qərbi Azərbaycanda, həm də Naxçıvanda və Azərbaycanın digər bölgələrində apardıqları araşadırmalardan sonra hesabat hazırlandı. Yeri gəlmişkən, general Harbord 1919-cu il oktyabrın 5-də aralarında 3 nəfər generalın da olduğu 18 nəfərlik heyətlə Bakıya gəldi, Baş nazir N.Yusifbəyli və hökumətin digər üzvləri ilə geniş söhbətlər apardı. General-mayor Æeyms Harbordun hazırladığı hesabat əsasında həqiqətlər üzə çıxdı. Ermənilərin burada soyqırımına məruz qalması deyil, əksinə, müsəlman və türk əhalisinin kütləvi şəkildə qətlə yetirildiyinin şahidi olduqlarını qeyd etdilər. 

1918-ci ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin və Osmanlı hökumətinin dəstəyi ilə Naxçıvan, İğdır, Ordubad və Şərur-Dərələyəz mahalları, həmçinin Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər əraziləri əhatə edən Araz Türk Cümhuriyyətinin elan edilməsi də Naxçıvanın nə dərəcədə əhəmiyyətli bir strateji mövqedə olmasının göstəricisi idi. Çox qısa müddətdə mövcud olmuş bu respublika bölgədə yaranmış vəziyyətlə bağlı öz fəaliyyətini dayandıraraq 1918-ci il noyabrın 30-da qurulmuş Cənub - Qərbi Qars Cümhuriyyətinin, onun süqutundan sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. 

Hələ XX əsrin əvvəllərində ABŞ Prezidenti V.Vilson Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı ermənilərin nəzarətinə vermək planını gerçəkləşdirmək üçün Naxçıvan və Şərur-Dərləyəz ərazisində ABŞ general qubernatorluğu yaratmağa çalışırdı. General qubernatorluğunun yaradılması Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik Vilyam Haskelin 1919-cu il oktyabr ayının 29-da Naxçıvanda Amerika general-qubernatorluğunun yaradıldığını bildirmiş və bu məqsədlə 9 maddədən ibarət qərar vermişdi. "Haskel layihələri" adlandırılan bu sənəddə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazilərdə elan olunmuş Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. 

V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, AXC hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi.

Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu. Delli Naxçıvanda general-qubernator kimi deyil, Antanta ali komissarı V.Haskelin nümayəndəsi kimi qaldı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ciddi diplomatik səyləri bu təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-nin yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə puça çıxardı.

AXC-nin süqutundan sonra Naxçıvanın Azərbaycanın, yaxud Türkiyənin tərkibində qalması ilə bağlı fikir ayrılıqları da tarixdə öz əksini tapıb. Naxçıvan əhalisinin mövqeyi burada həlledici rol oynayıb. Nəhayət, Moskva və Qars müqavilələri ilə 3-cü tərəfə güzəştə getməmək şərti ilə Naxçıvan Türkiyənin təminatı ilə Azərbaycanın tərkibinə verilib. Sovetlər dönəmində formal müstəqillik olduğu üçün Naxçıvan beynəlxalq münasibətlər sistemində demək olar ki, heç bir funksionallıq kəsb etməyib. 

Naxçıvanın tarixindən danışarkən bağlanmasından yüz ildən çox vaxt keçməsinə baxmayaraq, tarixi əhəmiyyətini itirməyən Qars müqaviləsinə toxunmaya bilmərik. 

Qars müqaviləsi 16 mart 1921-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il 13 oktyabr 1921-ci il tarixdə Azərbaycan, Ermənistan və Gürcüstan SSR ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir. Müqavilə 11 sentyabr 1922-ci ildə qüvvəyə minmişdir və müddətsizdir.

Qars müqaviləsinin tarixi hüquqi əhəmiyyətinə qiymət verərkən Naxçıvan Muxtar Respublikasının məhz Azərbaycanın tərkibində qalmasına hüquqi zəmin yaratmasını xüsusilə qeyd etməliyik. Heç kimə sirr deyil ki, zaman-zaman ermənilər Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddiaları ilə çıxış ediblər. Əsrin əvvəllərində bu cəhdlər intensiv şəkildə irəli sürülmüş, lakin Naxçıvan əhalisinin ciddi müqaviməti və Türkiyə ilə bağlanmış Qars müqaviləsi nəticəsində bu cəhdlər uğursuz olmuşdur.

Ulu Öndər Heydər Əliyev Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Türkiyəli diplomat, sabiq səfir Şükrü Ələkdağın Ümummilli Lider Heydər Əliyevin Qars müqaviləsinə istinadla Ermənistan tərəfindən Naxçıvana planlaşdırılan irimiqyaslı hücumun qarşısının alınmasında rolundan danışarkən söylədiyi fikirlər çox maraqlıdır. Ş.Ələkdağ deyir: "Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal edən zaman paralel olaraq Naxçıvanın Sədərək bölgəsinə də hücum etmiş, erməni silahlı birləşmələri sərhədlərimizin 10 kilometrliyində hərbi əməliyyata başlamışdılar. O zaman rəhmətlik Heydər Əliyev Türkiyədən yardım istədi və Prezident Süleyman Dəmirəl bu tələblə bağlı hökumətin toplantısını çağırdı. Hökumət Qars və Moskva müqavilələrini nəzərə alaraq Ermənistan hökumətinə xəbərdarlıq etmək qərarına gəldi və Baş nazirin müavini Erdal İnönü Ermənistanın xarici işlər naziri ilə əlaqə yaradaraq bildirdi ki, bu hərəkətin cavabı çox ağır olacaq. O dövrün Quru Qoşunları komandanı da türk qoşunlarının hazır vəziyyətə gətirildiyini elan etdi və Ermənistan Naxçıvana qarşı hücumları dayandırmağa məcbur oldu. Bununla da Qars müqaviləsi Naxçıvanın Ermənistanın hücumlarından qorunmasında son dərəcə mühüm rol oynamışdır".

Qars müqaviləsi bağlandığı vaxtdan Ermənistanda birmənalı qarşılanmadı. Ermənilərin bir qrupu bu müqavilənin erməni xalqının iradəsini ifadə etmədiyini bildirdi. Onlar daha çox Sever müqaviləsinə üstünlük verirdilər. Təsadüfi deyil ki, o dövrlər "Sovet Ermənistanı" qəzeti kimi nəşrlərdə "Qars sülh konfransı" adlı yazılarda bu danışıqlar Ermənistanın müstəqilliyini möhkəmləndirə biləcək bir akt kimi qiymətləndirilsə də, əks mövqedə olan qüvvələr də az deyildi. 

Həmin dövrlərdə Təbrizdə çap olunan erməni "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsində Qars müqaviləsinə mənfi münasibət sərgilənmişdir. 

Beynəlxalq hüququn prinsiplərinə görə, Qars müqaviləsinin ləğvinə yönəlik cəhdlərin əsası varmı? Əlbəttə, birmənalı şəkildə demək olar ki, xeyr. Qars müqaviləsi müddətsiz bağlanmış çoxtərəfli müqavilədir. Beynəlxalq hüququn prinsiplərinə əsasən, müqaviləni imzalayan şəxlər dövlətləri tərəfindən mandat almışdılar və müqavilə ratifikasiya edilmiş, mübadiləsi həyata keçirilmişdir. Lakin Ermənistanın daha çox istinad etdiyi Sever müqaviləsi Qars müqaviləsindən fərqli olaraq, Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya edilməmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə işğaldan azad edilmiş Şuşa şəhərində türk dünyasının iki böyük şəxsiyyəti tərəfindən imzalanmış Şuşa Bəyannaməsində bir daha Qars müqaviləsinə sadiqlik öz təsdiqini tapmışdır.

1 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin preambulasında deyilir: "Azərbaycan Respublikası və Türkiyə Respublikası, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, 9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010- cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq, Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" . 

Türk dünyasının iki böyük lideri Heydər Əliyev və Süleyman Dəmirəl arasında bağlanmış 9 fevral 1994-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" iki qardaş dövlətin mənəvi birliyini özündə ehtiva edən ilkin böyük hüquqi akt hesab olunmalıdır. 

"Bir millət, iki dövlət" ideyasını Azərbaycan-Türkiyə qardaşlığının formuluna çevirən Ümummilli Lider Heydər Əliyevin hələ Naxçıvan Ali Məclisinə rəhbərlik etdiyi dövrdə Türkiyə ilə müstəsna münasibətlər qurmasının şahidi olmuşuq. 

Müstəqilliyimizin əldə olunmasında Naxçıvanın müstəsna rolu danılmazdır. 1990-cı il yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti SSRİ-dən çıxmaq haqqında tarixi qərar qəbul etdi. Bu addım muxtar respublika əhalisinin müstəqillik arzusunun təzahürü idi. Ulu Öndər Heydər Əliyev 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərərək regionda siyasi və iqtisadi sabitlik yarada bildi. Onun 1993-cü ildə ölkə rəhbərliyinə qayıtması Azərbaycanın mərkəzi hakimiyyətindəki boşluqları aradan qaldıraraq Naxçıvanın erməni hərbi təcavüzündən qorunmasına və blokada şəraitindən çıxmasına  kömək etdi. Müstəqilliyin təməl prinsipləri, o cümlədən üçrəngli bayrağın qəbulu, "sovet" və "sosialist" sözlərinin respublika adından çıxarılması kimi qərarlar məhz bu dövrdə həyata keçirildi. Dahi şəxsiyyət Heydər Əliyevin dövründə Naxçıvanın Türkiyə ilə münasibətləri xüsusi diqqət mərkəzində oldu. 1992-ci ildə Araz çayı üzərində inşa edilən "Ümid" körpüsü (Sədərək körpüsü) regionun iqtisadi və sosial əlaqələrini gücləndirdi. 1998-ci ildə imzalanan "sərhəd prosedurlarının sadələşdirilməsi" sazişi ilə ticarət və nəqliyyatın sadələşdirilməsi Türkiyənin hərbi və iqtisadi yardımının genişləndirilməsini təmin etdi.

Müstəqil Azərbaycana rəhbərliyi illərində Ümummilli Lider Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. Ulu Öndər hakimiyyətdə olduğu dövrdə 4 dəfə Naxçıvan  Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci il iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı.

 Prezident İlham Əliyevin Naxçıvan  Muxtar Respublikasına Ulu Öndərin doğum günündə 10 may 2021-ci il tarixli səfəri təsadüfi deyildi. Dövlətimizin başçısının vurğuladığı kimi: "Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım".

44 günlük Zəfər müharibəsinin memarı, müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində əvvəlcə 10 noyabr 2020-ci il tarixli Bəyannaməyə Naxçıvanla bağlı xüsusi bir maddəni - 9-cu bəndi salmaqla Naxçıvanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə zəmin yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da Naxçıvanın geostrateji əhəmiyyətini daha da artıracaq. Bütün bunlar Ali Baş Komandanın dəmir iradə və diplomatik bacarığının nəticəsidir.

Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə Naxçıvan həm türk dünyasının bütövlüyünün rəmzinə çevriləcək, həm də bizim üçün Avropaya qapı olacaq. Zəngilan-Ordubad dəmir yolu xətti və Zəngəzur dəhlizinin (TRIPP) açılması üçün texniki imkanlar formalaşdırılıb. Vaşinqton paraflanmasından sonra Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin (TRIPP) mütləq açılacağı heç kimdə şübhə doğurmur. Ölkəmizin rəhbərinin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. 

Prezident İlham Əliyev 10 mart 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu təsdiq etdi. 

Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, bir maddə (maddə 5) çıxarılıb. Həmçinin bir sıra maddələrdə və preambula hissəsində dəyişikliklər edilib. Preambula hissəsində Qars və Moskva müqavilələrinə istinad çıxarılıb. 

Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayılmaz tərkib hissəsi olması ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının preambulasında da öz əksini tapıb.

Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

 Digər maddə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı 28-1-ci maddədir. Bu maddədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə və ya Konstitusiyanın müvafiq maddələrində göstərilən vəzifələri aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Prezidenti tərəfindən buraxılması qeyd olunur.

Konstitusiya Qanununda dəyişikliklərdən biri də "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti təyin edəcək (maddə 13, II hissə).

 Bundan başqa, sənəddə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18,  IV hissə).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusuna dair qanunlar 31 səs çoxluğu, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul ediləcək (maddə 24,  II hissə).

Sənədə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq (maddə 29, II hissə).

Digər dəyişiklik Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilməsidir (maddə 32.4-1).

Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək (maddə 34).

Sənəddə həmçinin "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Konstitusiya Qanununa uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin aktlarının artıq qərar deyil, sərəncam adlandırılması nəzərdə tutulub (maddə 33).

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiya qanunları yox, qanunlar qəbul ediləcək (maddə 50).

Naxçıvan MR Ali Məclisinin sədri Naxçıvan MR-nın ali vəzifəli şəxsi hesab edilirdi, həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində geniş səlahiyyətlərə malik idi. Bu müddəanın çıxarılması ilə bu norma hakimiyyət bölgüsü prinsipinə uyğunlaşdırıldı. 

Həmçinin Naxçıvan Muxtar Respublikasında icra orqanı statusunda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması məsələsi Konstitusiya səviyyəsində təsbit olunur. Yəni hazırda mövcud olan səlahiyyətli nümayəndəliyin statusu dəqiqləşdirilir.

Bundan başqa, Azərbaycan Konstitusiyasında təsbit olunmuş, lakin Naxçıvan MR Konstitusiyasında öz əksini tapmamış bəzi müddəalar da (müharibə şəraitində hərbi əməliyyatların aparılması, Naxçıvan MR Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Ali Məclisin çağırışının səlahiyyət müddətinin uzadılması, Ali Məclisin buraxılması və s.) Konstitusiyaya daxil edilir, ayrı-ayrı məsələlərin ifadə forması dəqiqləşdirilir.

Naxçıvanın idarəetmə sisteminin, o cümlədən icra hakimiyyətinin təşkilində Azərbaycanın mərkəzi hakimiyyətinin rolu, xüsusən də Prezident institutunun rolu gücləndirilir. Başqa sözlə, Naxçıvanın müxtariyyət statusu və onun təminatları saxlanılmaqla, səlahiyyət dairəsi nisbətən məhdudlaşdırılır, muxtar respublikada hazırda mövcud olan hakimiyyət və idarəetmə mexanizmləri daha çox Azərbaycanın mərkəzi hakimiyyət sisteminə inteqrasiya edilir ki, bu, unitar dövlət və siyasi muxtariyyətin müasir konsepsiyasına və modelinə uyğundur. Naxçıvan Konstitusiyasına dəyişiklik bütövlükdə şəffaflığın, çevik idarəetmənin təmin olunması ilə bərabər, yerli idarəetmədə subyektiv amilləri aradan qaldıracaq.  

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar,  energetika və ekologiya komitəsinin sədri

Избранный
73
azerbaijan-news.az

1Источники