RU

Fitrə sədəqəsinin məbləği nə qədərdir? - AÇIQLAMA

Ramazan ayının başa çatmasına sayılı günlər qaldıqca fitrə sədəqəsinin verilməsi məsələsi gündəmə gəlir. İslam ənənəsinə görə, imkanı çatan hər bir müsəlman bayram namazından əvvəl fitrə sədəqəsi verməlidir. Din xadimləri bildirirlər ki, fitrə sədəqəsi bayram namazından əvvəl ehtiyacı olan insanlara verilməlidir və Ramazan ayının vacib əməllərindən hesab olunur.

 

Bəs bu il fitrə sədəqəsinin məbləği nə qədərdir və kimlərə verilməlidir?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, Ramazan bərabərlik bayramıdır və birlikdə keçirtmək üçündür:

 

“Bayramda nə qədər xərclədiyimizi nəzərə alaraq, hər kəs öz imkanı daxilində imkansız şəxslərə, yetimlərə, hətta tələbələrə dəstək olsalar, onlar da bayramlarını xoş keçirə bilərlər. “Qurani-Kərim”in “Tövbə” surəsinin 60-cı ayəsində yardım edilə biləcək 8 sinif insan qeyd olunub və onların hər birinə kömək etmək tövsiyə edilir. Dinindən asılı olmayaraq hər kəsə yardım etmək mümkündür”.

 

İlahiyyatçı Hacı Təyyar Hüseynli Pravda.az-a bildirib ki, Ramazan fitrəsi az gəlirli, çox ehtiyaclı insanlara verilməlidir:

 

“Birinci növbədə yaxın ətraf, qohum olan insanlara, daha sonra isə uzaq qohum, qonşulara yardım edilməlidir. Fitrə sədəqəsi adətən 3 kq ən çox istifadə olunan qida məhsulu və ya həmin qidanın dəyəri qədər pul ilə hesablanır. Bu isə hər bir insan üçün ayrıca nəzərdə tutulur. Ailədə neçə nəfər varsa, hər bir ailə üzvü üçün ayrıca hesablanmalıdır. Məsələn, cəmiyyətimizdə ən çox istifadə olunan qidalardan biri çörəkdir. Təxminən 3 kq çörəyin dəyəri 6 manat edir. Yəni hər bir ailə üzvü üçün 6 manat kifayət hesab olunur”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Mart 2026, 08:58   
Избранный
11
pravda.az

1Источники