RU

“Elm və Təhsil Nazirliyi heç vaxt heç bir təşəbbüsə açıq olmayıb...”-EKSPERT

"Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır...." -Prezident İlham Əliyev
 
“20 il ərzində TN və ETN-dən mütəxəssislərin, ekspertlərin distant təhsil və digər aktual təhsil layihələrinə, son illər isə qrant müsabiqələrinə verdikləri  layihələrə  heç bir dəstək  verilmir...”  
 
“Belə çıxır ki, məmurlar təhsilin inkişafında, problemlərin həllində maraqlı deyillər, ya da verilən təklifləri qiymətləndirməyə potensialları çatmır...”
 
“Belə çıxır ki, məmurlar təhsilin inkişafında, problemlərin həllində maraqlı deyillər, ya da verilən təklifləri qiymətləndirməyə potensialları çatmır...”
 
“Dövlət vətəndaşların təşəbbüslərini dəstəkləyən və onların həyata keçirilməsi üçün imkan yaradan mükəmməl  bir sistem formalaşdırmalıdır...”
 
“Dövlət idarəçiliyində mühüm qərarların hazırlanması zamanı ekspertlərin və mütəxəssislərin iştirakının təmin edilməsi  vacibdir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Vətəndaş təşəbbüslərinin inkişafda rolu”  başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır: 
“Gələcək inkişaf daha çox ölkədəki təhsilin durumundan asılıdır. Çünki xalqın  və dövlətin gələcəyi bu sahədə həll edilir. Diskussiyaların  da  önəmli hissəsi məhz bu sektorda olmalıdır. Təəssüf ki, biz hələ də  keyfiyyətli elm və təhsil siyasəti, onun səmərəli maliyyələşmə mexanizmini qura bilməmişik, bu sahəsdə söz deyə, təklif verə bilən insanları problemlərin həllinə səfərbər edə bilməmişik.  Təhsilə dair diskussiyalar məhz bu istiqamətdə olmalıdır. Təəssüf ki, bu mövzularda nə diskussiyalar var, nə də fərqli fikirləri, tənqidi mülahizələri dinləmək, reallığı təhlil etmək, nəticə çıxarmaq, inkişafa nail olmaq istəyi var. 
 
Təşəbbüslərə geniş meydan verilməlidir,  təhsilə dair ideyalar bankı yaradılmalıdır,  bu məqsədlə xüsusi beyin mərkəzləri formalaşdırılmalıdır. Bu ideyalar təhlil edilməli, nəticələr praktik tətbiq edilməlidir. Amma belə istək və təşəbbüslər nəinki adi vətəndaşlarda, bir çox hallarda bu sahəyə məsul məmurlarda da yoxdur. Çünki onların əksəriyyəti açıq müzkirələrə hazır deyillər, öz işlərinə görə ictimaiyyətə hesabat verə bilmirlər.  Bu yaxında bir tədbirdə orta təhsilin problemlərinin həllinə dair qısa çıxış etdim və  məmurlara 3 konkret təklif (ideya) verdik. Xeyli vaxt keçməsinə baxmayaraq heç bir reaksiya yoxdur. Olmayacaq da. Ona görə ki, son 25 ildə müxtəlif  kanallarla (məqalə, müsahibə və canlı təmas) 100-lərlə belə təkliflər vermiş, təşəbbüslər irəli sürmüşük. Heç biri də nəzərə alınmayıb. Belə çıxır ki, məmurlar təhsilin inkişafında, problemlərin həllində maraqlı deyillər, ya da verilən təklifləri qiymətləndirməyə potensialları çatmır - əsas məqsəd isə 5 qat artmış təhsil büdcəsini naməlum istiqamətlərdə israf etməkdir, heç bir faydalı təşəbbüsə isə pul yoxdur.  Eyni zamnda iş görüntüsü yaratmaq üçün tez-tez əhəmiyyətsiz tədbirlər - forumlar, qurultaylar, dəyirmi masalar keçirdirlər, bunların isə nəticə etibarı ilə mövcud problemlərin həllinə təsiri  olmur...  
 
Bu halda  inkişaf necə ola bilər?..
 
Bütün bu proseslər qurulmalı, təşkil edilməli və nəticəli  olmalıdır. Müasir dünyada inkişafın əsas resursu təbii sərvətlər deyil, insan kapitalıdır. Bu kapitalın ən mühüm komponentlərindən biri isə insanların təşəbbüskarlığı və innovasiya potensialıdır. Dövlət bu potensialdan istifadə etmək istəyirsə, vətəndaşların ideyalarını irəli sürməsi və həyata keçirməsi üçün açıq və əlverişli  mühit yaratmalıdır. Çünki ölkənin inkişafı yalnız dövlət proqramlarının nəticəsi deyil,  həm də vətəndaşların yaradıcı təşəbbüslərinin nəticəsidir...
 
Bunun üçün  nələr edilməlidir?..
 
Vətəndaş təşəbbüsləri  inkişafın istifadə olunmayan resursudur.   Ölkənin inkişafında  yalnız dövlət proqramları və böyük investisiya layihələri deyil, həm də vətəndaşların, mütəxəssis  və ekspertlərin təşəbbüsləri  də mühüm  rol oynayır. Tarix göstərir ki, bir çox  yeniliklər məhz fərdlərin ideya  və təşəbbüsləri nəticəsində ortaya çıxmışdır. Yeni texnologiyalar, sosial innovasiyalar, unikal layihələr, idarəetmə modelləri və innovativ biznes  nümunələri  bir çox hallarda dövlət strukturlarından deyil, cəmiyyətdən gəlir. Bu səbəbdən müasir inkişaf strategiyalarında əsas məsələlərdən biri də ölkənin  insan kapitalından daha  səmərəli istifadə etməkdir. İnsan kapitalı yalnız bilik və bacarıqlardan ibarət deyil, həm də  təşəbbüskarlıq, yaradıcı düşüncə və innovasiya potensialıdır.  Bu potensialın reallaşması üçün təkcə fərdi təşəbbüslər  kifayət deyil, müəyyən  mühit də olmalıdır. Başqa sözlə, dövlət vətəndaşların təşəbbüslərini dəstəkləyən və onların həyata keçirilməsi üçün imkan yaradan mükəmməl  bir sistem formalaşdırmalıdır...
 
Tənqidi təfəkkür olmayan yerdə  innovasiya yarana bilməz...
 
Təşəbbüslərin yaranması üçün şərait yaradılmalıdır.  Vətəndaş təşəbbüslərinin inkişafı üçün vacib şərt azad və təhlükəsiz fikir mühitidir.  İnsanlar yeni ideyalar irəli sürərkən tənqid və müzakirə imkanına   malik olmalıdırlar.    Sağlam müzakirə mühiti olmadan innovasiya yaratmaq, inkişaf etdirmək  mümkün deyil.  
Yeni ideyalar adətən mövcud qaydaları və yanaşmaları  sorğulamaqla yaranır. Buna görə də  dövlət tənqid və müzakirə mədəniyyətini təşviq etməli, fərqli fikirləri təhlükə kimi deyil, inkişaf üçün resurs kimi qəbul etməlidir.
 
Vətəndaş təşəbbüslərinin  yaranması və reallaşması üçün dövlət konkret mexanizmlər yaratmalıdır. Bunlardan biri də  istiqamətlər üzrə açıq innovasiya platformalarının yaranmasıdır.   Belə platformalar vasitəsilə vətəndaşlar, alimlər və mütəxəssislər dövlət qurumlarına öz ideyalarını təqdim edə, müzakirələr apara  bilərlər. Belə bir platforma  ilk növbədə ETN sistemində yaradılmalıdır. Çünki,ölkənin əsas intellektual potensialı bu sistemdədir. Minlərlə alim, müəllim, doktorant və magistr, bakalavr bu sahədə cəmləşib. Təəssüf ki, ETN heç vaxt, heç bir təşəbbüsə açıq olmayıb, heç vaxt   heç bir  innovativ təşəbbüslərə dair müzakirələr  aparmayıb. 20 ildə xeyli belə yeni, lazımlı, innovativ təşəbbüslərin məhv edilməsinin şahidi olmuşuq. Bəzən də verilən ideyaları xəlvəti olaraq öz  daxili  mətbəxlərində  ustalıqla  “işə keçiriblər” (hərçənd ki,  özləri  alimləri plagiatda günahlandırırlar)…  
 
Son 6 ildə  ümumən biabırçı durum yaranıbdır. ETN heç bir  təşəbbüsə, təklifə,  müzakirələrə  getmir, səbəbini də demirlər. Düşünürəm ki, əsas səbəb menecerlərin peşəkarlıq baxımından potensiallarının zəif olmasıdır. Onlar adi teledebatlara gəlməyə  cəsarət etmirlər, nəinki,  elmi müzakirələrə  və sonda da bu təkliflərə maliyyə ayrılmasına.  
 
Qrant və startap mexanizmləri…
 
Dünyanın bir çox ölkəsində dövlət və özəl strukturlar  müxtəlif sahələr üzrə ideya müsabiqələri və innovasiya  proqramları   təşkil edir. Bu proqramlar vasitəsilə ən yaxşı təşəbbüslər seçilir və onların həyata keçirilməsi üçün maliyyə və təşkilati dəstək verilir. Bir çox ölkələr  vətəndaşların  təşəbbüslərini həyata keçirmək üçün işlək mexanizmlər yaratmışlar.  
 
Təşəbbüslərin reallaşması üçün mühüm şərtlərdən biri də ideyalara maliyyə dəstəyidir.  Dövlət innovativ ideyaların həyata keçirilməsi üçün qrant proqramları və startap fondları yarada bilər. Belə  mexanizmlər  gənclər, alimlər və texnologiya sahəsində çalışan mütəxəssislər üçün böyük imkanlar yaradır. Belə proqramlar vasitəsilə yalnız iqtisadi deyil, həm də sosial və elmi innovasiyalar dəstəklənə bilər.  
 
Təbii ki, bütün bu proseslər şəffaf, obyektiv və nəticəvi olmalıdır. Əks halda ayrılan maliyyə resursları səmərəsiz israf ediləcəkdir. Ölkəmizdə qrant verən təşkilatlar az deyil. Amma bir çox hallarda qrant  müsabiqələrində  şəffaflıq və obyektivlik təmin edilmir, vətəndaşların unikal təklifləri reallaşmır. 
 
Prezident İlham Əliyev  AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışında demişdi: “ … dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu sözlərdən sonra bizim dövlət qurumlarımız Azərbaycan alimləri ilə daha fəal işləyəcəklər.”  
 
Təbii ki, alimlərə, onların təşəbbüsləri dəstək ilk növbədə ETN-dən gəlməlidir. Təəssüf ki, ETN alimlərin təşəbbüsünə heç vaxt dəstək vermir.   ETN-nin son 5 ildə verdiyi qrantların və təlimlərin  böyük bir qismi tam faydasızdır, bunlar elm və təhsilin inkişafına  heç nə vermirlər. Belə maliyyə imkanlarını alimlərə, PHŞ olan universitetlərə yox,  nazirliklə şəxsi əlaqələri olan QHT və MMC-lərə paylayırlar. Bu yaxınlarda KİV-də konkret faktlar əsasında bu məsələyə dair  məqalə də dərc edilmişdi.  Belə faktlar KİV-də mütəmadi  dərc edilsə də, ETN-nin qanunsuzluqları  hələ də  də davam edir, büdcə  vəsaitləri səmərəsiz israf edilir. Necə deyərlər, dəyirman öz  “müqəddəs işindədir”.  Hərçənd  ETN hər dəfə alimlərə deyir ki,  biz proseslərə yox, nəticələrə maliyyə ayırırıq.  Eyni zamanda son  20 il ərzində TN və ETN-dən mütəxəssislərin, ekspertlərin distant təhsil və digər aktual təhsil layihələrinə, son illər isə qrant müsabiqələrinə verdikləri  layihələrə  heç bir dəstək  verilmir...  
 
Yadımdadır, 2019-cu ildə  Borçalıda sürətlə bağlanan azərbaycandilli məktəblərə  dəstək  üçün distant təhsil sisteminin yaradılması layihə təşəbbüsü TN-ə təqdim edilmişdi. Hətta belə bir zəruri təşəbbüsə TN dəstək vermədi.   TN-də bu məsələ müzakirə ediləndə, “təhsilin inkişafı və layihələr” şöbəsinin  müdiri  özünə əziyyət verib heç müzakirəyə də qatılmadı,  öz əvəzinə aqronom müavinini  müzakirəyə yolladı... 
Bu hadisədən  7-8  əvvəl  başqa bir “komediya”  olmuşdu.  TN-nin təkidi ilə universitet olaraq  “Pedaqoji Universitetin bəzi fakultələrində distant təhsilin tətbiqi”  adlı layihə hazırladıq və TN-ə  yolladıq.  Layihədən 8 ay xəbər olmadı, sonradan öyrəndik ki, bizim hazırladığımız layihəni  TN başqa  bir universitetə verib. Səbəbini  soruşduqda: “biz sizinlə layihələrdə əməkdaşlığa hazırıq, amma bizdən layihələrin icrasına pul istəməyin”  kimi  çox “müdrik” cavab verildi.  Belə cavab heç bir ölkənin TN   verilə bilməzdi, bizimkindən başqa. Ona görə də təhsilimiz tərsinə qurulub... 
 
Təhsil tariximizdə belə “tərsinə” idarəetmə sistemi illərlə davam edib. Eyni zamanda da illərlə faydasız  layihələr maliyyələşib, indi də davam edir. Buna əmin olmaq üçün  aidiyyatı (nəzarətedici) qurumların  ETN-nin qrant və digər layihələrin   kompleks monitorinqini aparması  kifayətdir.  Digər qrantverən qurumlarda da durum təxminən belədir. Belə şəraitdə, təbii ki, vətəndaşların, alimlərin  təşəbbüsılərinin  maliyyələşməsi, dövlətin innovativ inkişafı mümkün deyil. Ona görə də təhsil, innovativ inkişaf, rəqəmsallaşma  üzrə qlobal reytinqlərdə daim aşağı yerlərdə  oluruq...  
 
Dövlət və ekspert əməkdaşlığı...
 
Dövlət idarəçiliyində mühüm qərarların hazırlanması zamanı ekspertlərin və mütəxəssislərin iştirakının təmin edilməsi  vacibdir. Bir çox inkişaf etmiş ölkələrdə dövlət qurumları qərar qəbul etməzdən əvvəl akademik dairələr, müstəqil ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə geniş məsləhətləşmələr aparırlar. Bu yanaşma qərarların keyfiyyətini artırır və ictimai etimadı gücləndirir.
Məmur və ekspert əməkdaşlığı xüsusən də   təhsil sistemində bərbad haldadır. Nazir deyir ki, mən ölkədə təhsil eksperti tanımıram, bir müddət əvvəl də deyirdi ki, mən ölkədə alim tanımıram.  Bu çox pisdir ki, tanımırsınız. Görünür, “zər qədrini zərgər bilər” məsəlini atalar əbəs yerə deməyiblər. Çünki alimə, ekspertə qiymət vermək üçün də peşəkarlıq lazımdır... 
 
Bürokratik maneələrin azaldılması...
 
Bəzən vətəndaş təşəbbüslərinin qarşısında ən böyük maneə bürokratik prosedurlar olur. Uzun və mürəkkəb inzibati proseslər innovativ ideyaların həyata keçirilməsini çətinləşdirir. Bu səbəbdən dövlət vətəndaş  təşəbbüslərinin həyata keçirilməsi üçün prosedurları sadələşdirməli, şəffaf və çevik idarəetmə mexanizmləri yaratmalıdır. Rəqəmsal idarəetmə sistemləri bu sahədə mühüm rol oynaya bilər.
 
Dövlət üçün strateji fayda
 
Vətəndaş təşəbbüslərinin dəstəklənməsi yalnız cəmiyyət üçün deyil, dövlətin özü  üçün də böyük fayda verir. Bu yanaşma insan kapitalından daha səmərəli istifadəyə, innovasiya və texnoloji inkişafı  sürətləndirməyə, dövlət idarəçiliyinin keyfiyyətini  artırmağa, cəmiyyətlə dövlət arasında etimadı  gücləndirməyə imkan verir. 
 
Əslində vətəndaş təşəbbüslərinin dəstəklənməsi dövlət üçün əlavə yük deyil, strateji investisiyadır.  Nəzərə alsaq ki, bəzi hallarda aidiyyatı dövlət qurumlarının hazırladıqları konsepsiyalar, yol xəritələri, proqram  və digər sənədlər peşəkarlıq baxımından zəif, icra baxımından yarımçıq olur, amma  kənar ekspertlərin təklif və təşəbbüsləri ucuz, tez və yüksək peşəkarlığı  ilə fərqlənə bilər. Bunun üçün məmurların məsələlərə yanaşması şəxsi yox, dövlət marağına xidmət etməlidir.
 
Hər bir ölkənin inkişafında vətəndaşların, mütəxəssislərinin, sahə üzrə ekspertlərin irəli sürdüyü təşəbbüslərin, innovativ  ideyaların mühüm rolu var. Belə təşəbbüslər dövlətin  sosial-iqtisadi inkişafında mühüm rol oynaya bilər. Bu insan kapitalının  ölkənin inkişafında  daha  səmərəli istifadəsinə  imkan verir. Bunun üçün vətəndaşların öz təşəbbüslərini irəli sürməsi və reallaşması üçün imkanın olması zəruridir. Əgər  dövlət vətəndaşlarının  öz təşəbbüslərini həyata keçirməsinə şərait yaradarsa, bundan  dövlət və vətəndaşlar faydalana bilərlər.  Bu istiqamətdə konkret təkliflərimiz var. Məqalənin davamında ölkədə təşəbüslərin səmərəli dəstəklənməsi və dövlətin innovativ inkişafı üçün  konkret təkliflər verəcəyik. 
 
(Davamı var)
 
Dosent İlham Əhmədov”
 
Избранный
56
1
moderator.az

2Источники