RU

Abituriyentlər imtahandan niyə şikayət edir? Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Builki buraxılış imtahanları yenə də müzakirələrin mərkəzindədir. Abituriyentlər imtahandan sonra yalnız sualların çətinliyindən deyil, həm də onların çox uzun və vaxt aparan olmasından narazılıq edirlər.

Bu narazılıqlar nə qədər əsaslıdır? Suallar həqiqətən də gözləniləndən çətin idimi?

Bu barədə təhsil eksperti Şəmsi Qoca “AzPolitika”ya açıqlamasında bildirib ki, araşdırmalar builki buraxılış imtahanları ətrafında yaranan narazılıqların həm elmi, həm də texniki səbəblərdən qaynaqlanan ciddi bir mənzərəni ortaya qoyduğunu göstərir.

Onun sözlərinə görə, abituriyentlərin şikayətləri yalnız sualların çətinlik dərəcəsi ilə məhdudlaşmır, eyni zamanda imtahanın ümumi strukturu və mətnlərin həcmi ilə bağlıdır: “Çünki son illərin tendensiyası göstərir ki, artıq şagirddən yalnız nəzəri bilik deyil, həm də yüksək oxuyub-anlama sürəti və analitik təhlil qabiliyyəti tələb olunur. Bir çox hallarda şagird sualın cavabını bilsə də, həddindən artıq uzun və mürəkkəb quruluşlu mətnləri oxuyub dərk etməyə sərf olunan vaxt onun digər tapşırıqlara fokuslanmasına mane olur və psixoloji gərginliyinin artmasına səbəb olur”.

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi model ilə orta məktəblərdə tətbiq olunan tədris metodikası arasında müəyyən bir uyğunsuzluq mövcuddur:

“Məktəb proqramı daha çox faktoloji biliklərə söykəndiyi halda, imtahanda qarşıya çıxan situasiya tipli və açıq suallar şagirddən operativ qərarvermə və zamanı düzgün idarəetmə bacarığı istəyir. Belə bir vəziyyətdə “orta” səviyyəli hesab olunan sualların belə çoxmərhələli olması ümumi çətinlik səviyyəsini süni şəkildə artırır və imtahanı abituriyentlər üçün əsl dözümlülük testinə çevirir. Nəticə etibarilə, builki müzakirələr təsdiq edir ki, problem təkcə sualların məzmununda deyil, imtahan modelinin şagirdlərin hazırlıq tempindən daha ağır və yorucu olmasındadır. Bu da gələcəkdə imtahan müddətinin və ya sual həcminin yenidən nəzərdən keçirilməsi zərurətini yaradır”.

Oğuz Ayvaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
azpolitika.info

1Источники