RU

Dəhşətli müharibə cinayətləri - mülki insanların faciələri

Dünyanın sakit nizamı pozulub. Yaxın Şərq, Şərqi Avropa və bir sıra regionlar dəhşətli müharibələrin ölüm saçan alovuna bürünüb. Hətta ayrı-ayrı güc mərkəzlərindən nüvə təhdidləri də eşidilməkdədir.

Adətən, müharibələri siyasilər başlayır və hərbçilər həyata keçirirlər. Ənənəvi olaraq isə müharibələrin əsas ağırlığı sadə mülki insanların üzərinə düşür. Onların rahat həyatları pozulur. Müharibələrdə ev-eşiklərini itirən ailələrin qaçqın, məcburi köçkün vəziyyətinə düşmələri, səfalətlə, aclıqla üzləşmələri, uşaqların, qocaların, qadınların, gənclərin həyatlarını itirmələri, sözün əsl mənasında, ürək ağrıdır.

Heç bir perspektivi olmayan qaçqınlar və məcburi köçkünlər

Birləşmiş Millətlər Təşkilatı (BMT) mənfi təsirlər, xüsusən də müharibələr səbəbindən qaçqın və məcburi köçkünlərlə bağlı həyəcan təbili çalır. Bu insanların heç bir günahı olmasa da, onlar məşəqqətli həyata məhkumdurlar. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) yeni rəhbəri Barham Saleh keçirdiyi ilk brifinqdə bildirib ki, qaçqınların müdafiəsi mövcud beynəlxalq sistemin əsas prinsipi olaraq qalır. O, 2026-cı ildə 1951-ci il Qaçqınlar Konvensiyasının 75-ci ildönümünün qeyd ediləcəyini xatırladıb və dövlətlərin ona riayət etmək öhdəliklərinin indi əvvəlki dövrlərdən daha vacib olduğunu vurğulayıb.

Bu gün dünyada 42,5 milyon qaçqın da daxil olmaqla, təxminən 117 milyon məcburi köçkün var. Onların əksəriyyəti illər və ya onilliklər ərzində qeyri-sabit şəraitdə yaşayıb və bu insanların heç bir real perspektivi yoxdur. Bəzi hallarda onlar təhlükəsiz şəraitdə yaşayırlar, lakin milli sosial sistemlərdən kənarlaşdırılıb və humanitar yardıma ümid bəsləməyə məcburdurlar. Salehin sözlərinə görə, bu vəziyyət labüd hesab edilməməlidir.

Ali komissar strateji bir məqsəd müəyyən edib: növbəti onillikdə uzunmüddətli köçkünlük şəraitində yaşayan və humanitar yardımdan asılı olan qaçqınların sayını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. O qeyd edib ki, buna nail olmaq üçün həmin kateqoriyadan olan insanların könüllü qayıdışını, yerli inteqrasiyanı və məskunlaşmanı təşviq etmək, humanitar fəaliyyəti inkişaf və sülh quruculuğu proqramları ilə daha sıx əlaqələndirmək, özünü təminetmə imkanlarını genişləndirmək və qaçqınların milli sistemlərə daxil edilməsini gücləndirmək lazımdır.

Saleh köçkünlük zonalarına ilk səfərləri barədə danışıb. O, Keniyada qaçqınların işləməsi, təhsil alması və cəmiyyətə inteqrasiyasına imkan verən siyasətlərin faydalarını, Çadda isə Sudandakı münaqişədən qaçmağa davam edən insanların ehtiyaclarının miqyasını və məhdud resurslarını gördüyünü bildirib. Türkiyə və İordaniyada əsas məqsəd suriyalıların vətənlərinə təhlükəsiz və könüllü qayıtması üçün şərait yaratmaqdır. O, vurğulayıb ki, göstərilən nümunələr bu gün həyatları xilas etmək və köçkünlüyün gələcəkdə “sonsuz çıxılmaz vəziyyətə” çevrilməsinin qarşısını almaq üzrə BMT QAK-ın ikiqat məsuliyyətini nümayiş etdirir.

BMT QAK-ın rəhbəri, həmçinin resursların azalması fonunda Ali Komissarlığın effektivliyini, hesabatlılığını və maliyyə şəffaflığını artırmaq məqsədi daşıyan müstəqil idarəetmə icmalını elan edib. O, daha aydın prioritetlər, nəticələrə əsaslanan göstəricilər və real vaxt rejimində büdcə monitorinqinin təkmilləşdirilməsi istiqamətində iş aparılacağı ilə bağlı söz verib.

İranda ürək ağrıdan mənzərə - üzərində qan olan məktəbli çantaları

Fevralın 28-də başlayan İran-ABŞ-İsrail müharibəsi hərbi infrastrukturun dağıdılması ilə yanaşı, mülki insanların da hava zərbələrindən ziyan çəkmələri və humanitar ehtiyacların kəskin şəkildə artması ilə müşayiət olunur. Yaxın Şərqdə eskalasiyanın gərginləşməsi fonunda BMT mülki əhalinin qorunmasına çağırıb, həmçinin artan humanitar ehtiyaclar və köçkünlük barədə xəbərdarlıq edib. Qurumun İnsan Hüquqları Ofisinin (OHCHR) sözçüsü Ravina Şamdasani İranın cənubundakı Minab şəhərində qızların ibtidai məktəbinə edilən hücumu xatırladıb. Burada məktəbli qızlar və işçilər də daxil olmaqla 160-dan çox insan həlak olub, onlarla insan yaralanıb.

“Uşaqlar, kiçik qızlar dərs gününün əvvəlində öldürüldü. Üzərində qan olan çantalar - bu, tamamilə dəhşətli mənzərədir”, - deyə o bildirib. Sözçü əlavə edib: “Bu münaqişənin dağıdıcı nəticəsini, ümidsizliyi, mənasızlığı və vəhşiliyin mahiyyətini əks etdirən görüntülərdir”.

Onun sözlərinə görə, bu cinayəti araşdırmaq məsuliyyəti məhz hücumu həyata keçirən qüvvələrin üzərinə düşür. “Biz bu hadisəni araşdırmaq və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırırıq”, - deyə Şamdasani vurğulayıb.

“Əgər zərbələrin xüsusi olaraq mülki şəxslərə yönəldiyi və ya ayrı-seçkilik edilmədiyi müəyyən edilərsə, bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması hesab ediləcək və müharibə cinayəti kimi qiymətləndirilə bilər”, - deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi qeyd edib.

Şamdasani, həmçinin qeyd edib ki, İran və İsraildən əlavə, döyüşlər evlərin, müəssisələrin, hava limanlarının və enerji infrastrukturunun dağıdıldığı 12 başqa ölkəyə də təsir edib. Livanda “Hizbullah” silahlı hərəkatı münaqişəyə qoşulub və bu da İsrailin zərbələrinə səbəb olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Babar Baloç vurğulayıb ki, münaqişədən təsirlənən ölkələrin çoxu artıq milyonlarla qaçqına və məcburi köçkünə ev sahibliyi edir. O əlavə edib ki, zorakılığın daha da artması və yeni didərginlik dalğaları köçkünləri qəbul edən icmalara dözülməz bir yük yarada bilər.

Bu arada, regionda artan döyüşlər səbəbindən yükdaşımalarda yaranan ciddi fasilələr artıq humanitar təchizat marşrutlarına təsir göstərir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Samer Əbdül-Cabir bildirib ki, Hörmüz boğazı və Qırmızı dəniz vasitəsilə təchizatda yaranan fasilələr bu marşrutlardan asılı olan əməliyyatların əksəriyyətinin xərclərini artıracaq. “Dənizlərin münaqişə zonasına çevrilməsi və hava məkanının bağlanması ilə Türkiyə, Misir, İordaniya və Pakistan kimi digər ölkələrdəki tədarükçülərimizin şəbəkələrini uyğunlaşdırmağı və istifadə etməyi, quru dəhlizlərini dəstəkləməyi düşünürük”, - deyə o bildirib.

ÜƏP nümayəndəsi əlavə edib ki, Misir limanları və Süveyş kanalı təşkilatın Qəzza zolağında, eləcə də Sudandakı əməliyyatlarını dəstəkləmək üçün əsas mərkəzlərdir. “Bizdə yalnız 10 günə kifayət edəcək qədər buğda unu var və ərzaq bağlamaları proqramlarımızı yalnız 2 yarım həftə dəstəkləyəcək... Qəzza zolağına davamlı və genişlənə bilən qida axınını da təmin etməliyik”, - deyə Əbdül-Cabir sözlərini yekunlaşdırıb.

Livanda yaranan böyük daxili köçkünlər ordusu

Livana qarşı hərbi əməliyyatlar başlanandan bəri 800 mindən çox insan evini tərk edib və daxili köçkünə çevrilib. Livanın cənubundan təxminən 100 min məcburi köçkün ölkədəki kollektiv sığınacaqlara yerləşdirilib və qeydiyyatdan keçirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından  bildirilir ki, İsrail-Livan silahlı toqquşmasının genişlənməsi səbəbindən sərhəd bölgəsinə yaxın 50-dən çox kəndin əhalisi təxliyə olunub. Qurum, həmçinin 11 minə yaxın livanlının Suriyaya keçdiyini diqqətə çatdırıb.

Livanın sosial işlər naziri Huneyn əs-Seyyid ölkədə 171 sığınacaq açıldığını və köçkünlərin bu sığınacaqlarda yerləşdirildiyini bildirib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı təkcə bir sutka ərzində 100 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb. BMT QAK-ın Livan üzrə nümayəndəsi Karolina Lindholm Billinq Cenevrədə jurnalistlərə açıqlamasında Livan hökumətinin onlayn platformasında qeydiyyatdan keçmiş köçkünlərin ümumi sayının 667 minə çatdığını bildirib. Billinq vurğulayıb ki, bir gündə 100 min insanın artması 2024-cü ildəki əvvəlki münaqişə dövrləri ilə müqayisədə köçkünlüyün daha sürətli və daha dağıdıcı tempini göstərir.

Eyni zamanda, sürətlə artan köçkünlük dalğası fonunda sığınacaq, qida və tibbi ləvazimatlara ehtiyac kritik həddə çatıb. Livan hökuməti və beynəlxalq yardım təşkilatları yüz minlərlə məcburi köçkün mülki şəxs üçün təhlükəsiz zonalar yaratmağa çalışsa da, davam edən hücumlar təxliyə əməliyyatlarına və humanitar yardımın çatdırılmasına mane olur.

Həyatını itirən livanlıların sayı da artmaqda davam edir. Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, inddiyədək İsrailin Livana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 850-yə çatıb. Bildirilib ki, yaralıların sayı isə 2100-ü keçib.

Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük köç

Şərqi Avropada uzanan müharibə fonunda Aİ ölkələrində Ukrayna qaçqınlarının sayı artmaqda davam edir.

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa İttifaqı ölkələrində yaşayan ukraynalıların məşğulluğuna həsr olunmuş məruzəsində yer alan yenilənmiş məlumatlar təsdiqləyir. Məruzə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra Aİ ölkələrinə sığınmış Ukrayna vətəndaşlarını əhatə edir.

BMT-nin yenilənmiş məlumatlarına görə, 2026-cı il yanvarın 16-na olan vəziyyətə əsasən, Avropa İttifaqı ölkələrində ukraynalı qaçqınların sayı 5 milyon 349 min nəfər olaraq qiymətləndirilib (dekabrın ortalarında aparılan əvvəlki hesablamalara görə bu göstərici 5 milyon 311 min idi). Məruzədə, həmçinin qeyd olunur ki, dünya üzrə ukraynalı qaçqınların ümumi sayı 5 milyon 898 min nəfərdir.

Sənəddə bildirilir ki, Aİ ölkələrində yaşayan ukraynalı qaçqınların 57 faizi daimi işlə təmin olunub - onlar ya muzdlu işçi kimi çalışır, ya özünüməşğulluqla məşğuldur, ya da biznes qurublar. Ən yüksək məşğulluq göstəriciləri Ukrayna ilə birbaşa sərhədi olan ölkələrdə qeydə alınıb:

• Estoniyada qaçqınların 72 faizi,

• Macarıstanda 71 faizi,

• Polşada 68 faizi,

• Bolqarıstanda 67 faizi,

• Çexiyada 66 faizi çalışır.

Avropa İttifaqının Qərb ölkələrində isə qaçqınların yarıdan bir qədər çoxu çalışır. Ən aşağı məşğulluq göstəriciləri Danimarka və Almaniyada (hər ikisində 39 faiz), Norveçdə (37 faiz) və İsveçrədə (29 faiz) qeydə alınıb. Aİ üzvü olmayan Böyük Britaniyada ukraynalı qaçqınların 69 faizi işlə təmin olunub.

Məruzədə daxili köçkünlərlə bağlı dəqiqləşdirilmiş məlumatlar da təqdim olunur. Daxili köçkünlər dedikdə, atəşə tutulma və ya işğal səbəbindən öz doğma evlərini tərk etməyə məcbur qalan Ukrayna vətəndaşları nəzərdə tutulur. 2025-ci ilin sonuna olan məlumata görə, Ukraynada 3,7 milyon daxili köçkün qeydə alınıb. Müqayisə üçün qeyd olunur ki, ötən ilin iyul ayında bu statusa malik olan ukraynalıların sayı 3 milyon 340 min nəfər idi.

Ukraynadan  köç İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük və ən sürətli qaçqın miqrasiyasıdır. Münaqişənin başlanmasından dörd gün sonra UNHCR artıq 500 000 qaçqını hesablayıb. Avropa İttifaqı 4 mart 2022-ci il tarixində müharibədən qaçan ukraynalılar üçün müvəqqəti müdafiə sistemi qurub. Qaçqınlar əsasən azyaşlı uşaqları olan qadınlardır. Kişilərin mütləq əksəriyyəti müharibədədir.

Miqrantlar cinayətkar deyillər, onlar qurbanlardırlar

Bu arada BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın qeyri-rəsmi iclasında üzv dövlətlərə Təhlükəsiz, Nizamlı və Mütəmadi Miqrasiyaya dair Qlobal Saziş üzrə son ikiillik hesabatı təqdim edib. Baş katibin sözlərinə görə, 2024-cü ildə təxminən 304 milyon insan miqrasiya edib və bu, dünya əhalisinin 3,7 faizinə bərabərdir. Miqrant uşaqların nisbəti 12-14 faiz arasında olub, yəni, təxminən 37-42 milyon nəfər təşkil edir.

Quterreş üzv ölkələrin daimi nümayəndələrinə bildirib ki, hesabatda bir həqiqət açıq şəkildə ortaya qoyulur: “Miqrasiya böhran deyil. Əsl böhran onu birlikdə idarə edə bilməməkdir”.

Qlobal Saziş heç bir ölkənin miqrasiyanı təkbaşına idarə edə bilməyəcəyini vurğulayır, xüsusən də beynəlxalq ictimaiyyət müharibələr, iqlim dəyişikliyi, demoqrafik proseslər və ya iqtisadi transformasiya kimi çətinliklərlə üzləşdiyi bir vaxtda birgə fəaliyyət daha aktual hala gəlir.

Baş katib qeyd edib ki, “insan mobilliyi” dünyanı dərindən formalaşdırsa da, qlobal reaksiya çox vaxt qorxu, bölünmə və ambisiyalar ilə idarə olunub. O deyib: “Qitələr boyunca miqrantlar siyasi xal qazanmaq üçün istifadə olunur və bu, dağıdıcı humanitar nəticələrə gətirib çıxarır. Onlar ictimai müzakirələrdə insanlıqdan kənarlaşdırılır. Miqrantların iqtisadiyyata və cəmiyyətlərə verdiyi böyük töhfələrə baxmayaraq, onlar bəşər ailəsinin hər bir üzvünə məxsus hüquqlardan və ləyaqətdən məhrum edilirlər”.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Aralıq dənizinin mərkəzi kimi dəniz keçidlərinin ən ölümcül marşrutlar arasında qaldığını təsdiqləməsindən bir gün sonra dərc olunmuş hesabata görə, Qlobal Sazişin qəbulundan bəri 48 mindən çox miqrant həlak olub və ya itkin düşüb.

Hesabatda bildirilir ki, bir çox ölkə müqavilənin qəbulundan bəri mühüm addımlar atıb, o cümlədən müntəzəm yolları genişləndirmək, əmək mobilliyi təşəbbüslərini gücləndirmək, dənizdə axtarış-xilasetmə işlərini təkmilləşdirmək, eləcə də daha təhlükəsiz qayıdışları və reinteqrasiyanı dəstəkləmək istiqamətində işlər görülüb. Lakin irəliləyiş qeyri-bərabərdir və bugünkü reallıqlar fonunda yetərli deyil.

Baş katib miqrasiya idarəçiliyinin “hüquqlara əsaslanan, genderə və uşaqlara həssas” olmasının vacibliyini bildirib. O qeyd edib ki, görülən tədbirlər, həmçinin milli suverenliyə və insan ləyaqətinə hörmətə əsaslanmalıdır.

Baş katib Quterreş bildirib ki, may ayında keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumu ölkələri qətiyyətli və ölçülüb-biçilmiş şəkildə hərəkətə keçməyə təşviq etməlidir. O, əməkdaşlıq vasitəsilə miqrasiya idarəçiliyinin sabit, dinc və çiçəklənən bir dünya üçün nəinki mümkün, həm də vacib olduğunu vurğulayıb: “Miqrasiya bəşəriyyətin tarixi qədər qədim bir hekayədir: cəsarət, dözümlülük və qarşılıqlı fayda amillərinə əsaslanır. Bizim vəzifəmiz onun heç vaxt ölüm və ümidsizlik hekayəsinə çevrilməməsini təmin etməkdir”.

Mübariz ABDULLAYEV

Избранный
34
1
yeniazerbaycan.com

2Источники