RU

Azərbaycan və Səudiyyə Ərəbistanı həmrəydir...

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hər iki ölkə regionda eskalasiyanın qarşısının alınmasını vacib hesab edir

Yaxın Şərq regionunda, xüsusilə İranda baş verən hadisələr Azərbaycanın diqqət mərkəzindədir. Mövcud vəziyyət bütün region ölkələri üçün riskləri artırır. Çünki münaqişənin genişlənməsi qonşu ölkələr üçün təhlükələri istisna etmir. Azərbaycan proseslərlə bağlı müxtəlif ölkələrlə, o cümlədən region dövlətlərilə  sıx təmasdadır. Bu baxımdan, son vaxtlar dost ərəb ölkələri ilə də diplomatik təmaslar güclənib.

Nazirlərin telefon söhbəti...

Yeri gəlmişkən, qeyd edək ki, martın 15-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib. Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəfə alınmamasının zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ümumiyyətlə, Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr qarşılıqlı hörmət və sıx dostluq münasibətləri əsasında inkişaf etməkdədir. İki ölkə arasında münasibətlər güclü siyasi zəmin üzərində davam edir və qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmaqdadır. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.

Təbii ki, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin qurulması təsadüfi deyil. Azərbaycan xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur. Azərbaycanı və Səudiyyə Ərəbistanı Krallığını qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir. Hər iki ölkəni birləşdirən ümumi İslam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması önəmlidir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərin səmərəli əməkdaşlığına əsaslanır. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də dini-mədəni təməllər üzərində qurulub.

Ər-Riyad hər zaman ölkəmizi dəstəkləyib

Liderlərin siyasi iradəsi əsasında ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanının hər zaman beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək və ədalətli mövqeyi rəsmi Bakı tərəfindən  yüksək qiymətləndirilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı illərində Səudiyyə Ərəbistanı ölkəmizə davamlı olaraq siyasi dəstək göstərib. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdı və bu, Azərbaycan xalqına, dövlətinə göstərilmiş böyük dəstək idi.

2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu, yalnız infrastruktur deyil, yeni iqtisadi model, yaşıl enerji və innovasiya əsaslı yanaşmaların tətbiqi ilə müşayiət olunur. Bu kontekstdə Səudiyyə Ərəbistanı şirkətlərinin, xüsusilə də ACWA Power şirkətinin Azərbaycanın yaşıl enerji sektorundakı fəaliyyəti yüksək qiymətləndirilir. O cümlədən, sözügedən şirkət tərəfindən həyata keçirilən “Xızı-Abşeron” külək elektrik stansiyası layihəsi Azərbaycan tarixində ilk böyükmiqyaslı xarici investisiya ilə həyata keçirilən bərpa olunan enerji layihəsi kimi olduqca dəyərlidir. Bu stansiya 240 MVt gücə malikdir, ildə 300 minə yaxın ev təsərrüfatını təmin edəcək, 400 min ton karbon emissiyasını azaldacaq və 220 milyon kubmetr təbii qazın istifadəsinin qarşısını alacaq. Bu, enerji təhlükəsizliyi ilə yanaşı, ətraf mühitin qorunmasına da ciddi töhfə verir.

Regional təhlükəsizlik məsələlərində ortaq mövqe

Eyni zamanda, 2024-cü ilin noyabrında ölkəmizdə keçirilmiş COP29 çərçivəsində  imzalanan sənədlər sırasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”  da vurğulanmalıdır. Bütün bunların fonunda ötən ilin dekabr ayında  siyasi məsləhətləşmələrin aparılması, bir sıra sənədlərin imzalanması ölkələrimiz arasında sıx dostluq münasibətlərinin və genişlənən əməkdaşlığın göstəricisidir.

Bütövlükdə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər iki ölkənin tarixindən, mədəniyyətindən və dinindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün İslam dünyasının birliyini və inkişafını dəstəkləyir. Hər iki ölkə regional təhlükəsizlik məsələlərində də ortaq maraqlara malikdir. Yəni Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə artan gərginlik iki dost ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təmin olunması üçün qarşılıqlı diplomatik fəaliyyət həyata keçirirlər.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
yeniazerbaycan.com

2Источники